>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: böyük əməliyyat

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: böyük əməliyyat
Politoloq: “Türkiyənin qarşısında duran ABŞ idi ki, artıq o da yanlış addım atdığını anladı...”

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya Ordusu” müxalifət birləşmələrinə dəstək göstərir. Bu barədə Türkiyədə hərbi mənbələr məlumat yayıb. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara şənbə günü başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Yanvarın 20-də partiyasının qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalı terror şəbəkələrindən təmizlənənə qədər hərbi əməliyyatlar davam edəcək. O həmçinin vurğulayıb ki, Afrindən sonra Menbiç şəhəri də PYD-li terrorçulardan təmizlənəcək: “Biz onlara dəfələrlə Afrin və Menbiçdən çıxmalı olduqlarını xatırlatdıq. Onları himayə edən ABŞ bizə söz verdi, amma sözünün üstündə durmadı. Biz də məcbur öz göbəyimizi özümüz kəsməyə qərar verdik”.

O, həmçinin Qərb dövlətlərinə müraciət edərək bildirib: “Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görmüşünüz?”

“Yeni Müsavat”a məsələ barədə danışan politoloq Qabil Hüseynli söylədi ki, problemin mürəkkəb tərəfi kimi bölgədə həm ABŞ, həm də Rusiya hərbçilərinin olmasını göstərdi: “Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Moskvaya getdilər. Orada belə nəzərə çarpdı ki, sanki rusların qoşunlarını Afrindən geri çəkmələri üçün razılaşma əldə olundu. Ancaq üstündən bir gün keçdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, ruslar geri çəkilmirlər və bu fikirdə də deyillər. Belə bir şəraitdə Ərdoğan isə söylədi ki, biz A planını deyil, B planını işə salırıq. Yəni bildirdi ki, onsuz da bu bölgəni 4 nöqtədən hədəfə götürmüşük və bu hədəflər zamanı rus və ya ABŞ hərbiçilərinə ziyan verməməklə əsasən PKK-nı hədəfə alıb, əməliyyatları həyata keçirəcəyik. Yalnız bir təhlükə qalırdı ki, Suriya çox ədalı formada bildirmişdi ki, ərazilərinə keçən Türkiyə Hava Qüvvələrinin təyyarələri yerindəcə məhv ediləcək. Zənnimcə, bu söz Suriyanın deyildi. Suriya, əsasən ərazilərində olan Rusiyanın hava hücumundan müdafiə sistemlərinə arxayın olaraq belə bir fikirlər səsləndirirdi. Ona görə də birinci gün Türkiyənin F-16 qırıcı təyyarələri Afrin bölgəsinə vurduqları zərbələri Suriya ərazisinə daxil olmadan, Türkiyə hava məkanında sərhədboyu uçuşlar həyata keçirərək endirdilər. Bu məsələdə çıxış yolu tapıldı və hərbi hava qüvvələri Türkiyə ərazisində atəş altında olan bölgəni nəzarətə ala bildilər. Tanklar isə 4 bölgədə yerləşdirilib.

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: böyük əməliyyat
Tanklardan başqa uzaqvuran toplar da var ki, onlar da 30 kilometrə qədər hədəfi vura bilirlər. Hərbi əməliyyatlarının əsas hissəsini isə Türkiyə xüsusi təyinatlıları aparacaqlar. Bunlar ”Suriya Azadlıq Ordusu" ilə birləşərək Afrin bölgəsinə artıq iki gündür ki, hücuma keçiblər. Məlumatlara görə, “Suriya Azadlıq Ordusu”nun sıralarında 10-15 min nəfər döyüşçü var. Bu döyüşçülər də çox cəsarətlə Afrin bölgəsindəki ABŞ-ın silahlandırdığı kürd silahlılarına qarşı mübarizə aparırlar. Məsələ burasındadır ki, hərbi əməliyyatların Afrin bölgəsi ilə bitib-bitməyəcəyi məlum deyil. Çünki PKK YPG dəstələri Afrin bölgəsindən dağılaraq yüksək dağların içərilərinə doğru hərəkət edib, orada mövqe tutublar. Bu baxımdan da hərbi əməliyyatlar getdikcə bir qədər çətinləşir. Lakin Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumatlara görə xeyli PKK və YPG silahlı dəstələri məhv edilib, əməliyyatın böyük hissəsi uğurla həyata keçirilib. Sonrakı günlərdə isə PKK və YPG-nın son silahlı dəstələrinə qarşı əməliyyatlar davam edəcək".

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: böyük əməliyyat
Politoloq bildirib ki, ABŞ proseslərdən geri çəkiləcəyi anonsunu bir neçə gündür ki, verməkdədir: “Məsələn, Tillerson Çavuşoğlu ilə danışıqlar apardı. Bu danışıqlar zamanı bildirdi ki, siz bizi düzgün başa düşməmisiniz. Söylədi ki, biz orada sərhəd boyunca 30 minlik ordu dəstələri yaratmaq fikrində deyilik. Sadəcə olaraq İŞİD-in qalıqlarına qarşı əməliyyat aparıb, həm kürdlərdən, həm də ərəblərdən ibarət məhdud sayda kontingentə hərbi təlim keçmək fikrindədirlər. Hətta o belə bir ifadə də işlətdi ki, bizim Türkiyəyə borcumuz var, bunu ödəməyə hazırıq. Yəni Türkiyə həm İŞİD-ə qarşı mübarizədə, həm də Suriyadan gələn qaçqınları öz ərazisinə qəbul edib, onlara öz büdcəsindən təkbaşına yardım göstərməklə böyük humanitar missiyanı həyata keçirir. Bu qaçqınların sayı 3.5 milyondan çoxdur. Hətta bir zamanlar 6 milyona çatmışdı. ABŞ bunu nəzərdə tutaraq özünü Türkiyəyə borclu hiss edir. Bu məsələlərdən sonra ABŞ-ın müdafiə naziri də bəyanat verərək bildirdi ki, onların Afrin bölgəsində hər hansı bir əməliyyat aparmaq, xüsusilə də Türkiyə ilə sərhəd bölgəsində 30 min nəfərlik qüvvə hazırlamaq fikirləri yoxdur.

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: böyük əməliyyat
Əvvəla, bu çox böyük vəsait və vaxt tələb edir. Bildirilir ki, ABŞ-ın belə bir strateji hədəfi yoxdur və bu, onlar üçün lüzumsuz bir şeydir. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ bölgədə geriyə çəkildiyinin siqnalını verib. Rusiyadan fərqli olaraq Amerika daha birmənalı və qəti şəkildə bildirdi ki, orada olan təlimatçılarına bəlli bir nöqtəyə çəkilib, orada gözləməyi əmr edəcəklər. Onların olduqları koordinatları isə hər zaman Türkiyə tərəfinə ötürəcəklər. Buradan belə görünür ki, Türkiyənin qarşısında duran əsas ABŞ idi. Artıq ABŞ-da bölgədə yanlış addımlar atdığını başa düşüb. Hətta Tillerson çıxışında bildirdi ki, Suriya hadisələrinə Amerika Türkiyə ilə birgə addım atıblar. Yalnız son dövrlərdə müəyyən fikir ayrılıqları olub ki, bundan sonra bunu da aradan qaldırmağa çalışacaqlar”.

Əli Rais,
“Yeni Müsavat”