>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyə-Almaniya gərginliyi qardaş ölkənin havadan müdafiəsini zəiflədə bilər-"AWACS" böhranı

Türkiyə-Almaniya gərginliyi qardaş ölkənin havadan müdafiəsini zəiflədə bilər-"AWACS" böhranı
"Ərdoğanın hökuməti bizə “əgər Almaniyadan siyasi sığınacaq istəyənləri geri versəniz, millət vəkilləriniz əsgərlərinizi ziyarət edə bilər” dedi. Bu tələb isə qanunlarımıza və Konstitusiyamıza ziddir".

Ovqat.com xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Sigmar Gabriel belə deyib.

Nazir Vaşinqton səfəri zamanı məşhur düşüncə quruluşu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışı zamanı Türkiyə ilə İncirlik gərginliyini şərh edərkən, bəzi pərdəarxası məqamlara da aydınlıq gətirib. O, etiraf edıb ki, Türkiyədən 450 nəfər siyasi sığınacaq tələb edib və onlardan 80-i artıq bu haqqa qovuşub:

“Türk hökuməti bizdən bu kəsləri, həbs olunmaları üçün Türkiyəyə verməyimizi tələb edir. Bu isə bir NATO müttəfiqinin digər müttəfiqini şantaj etməsi deməkdir və qətiyyən, mümkün deyil".

Alman nazir məsələylə bağlı həm özünün, həm də baş nazir Angela Merkelin dəfələrlə Türkiyəli həmkarlarıyla danışdıqlarını da gizlətməyib. Amma nə illah ediblərsə, Türkiyə rəsmilərini alman ordusunun hökumətə yox, Federal Məclisə (parlamentə) bağlı olduğuna inandıra biməyiblər:

"Türk tərəfinə “bu, çox təhlükəli bir vəziyyətdir, lütfən, bu ordunun Federal Məclisin nəzarəti altında olduğunu qəbul edin. Ordu barədə qərarvermə orqanı Federal Məclisdir” sözləriylə izah etməyə çalışdıq. Onlar isə ictimaiyyət qarşısına çıxıb açıq şəkildə “mühacirət qanunlarınızı dəyişdirmədiyiniz müddətcə, ziyarətə icazə verməyəcəyik” dedilər. Bu isə qeyri-mümkündür. Mən həmkarım Mövlud Çavuşoğluna zəng etdim, “gəl, problemi həll edək" təklifində bulundum və aldığım cavab, təəssüf ki, xoş olmadı".

Xatırladaq ki, Mövlud Çavuşoğlunun öz həmkarına "Almaniya İncirlikdən çıxmaq istəyirsə özü bilər, onlara yalvaracaq deyilik. Gülə-gülə!" dediyi xəbərləri yayılmışdı. Gabriel də suallara cavab verərkən, bu faktı təsdiqləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə NATO sammitində mövzunu yenidən ələ almağa çalışacaqlarını deyən Gabriel “ABŞ xarici işlər naziri Reks Tillerson və digərlərinin də Almaniyanın mesajlarını Ərdoğana çatdıracaqlarına söz vermələrindən böyük məmnuniyyət duyduğunu” da etiraf edib.

Xarici İşlər naziri alman əsgərlərini yoxlamaq hüququ məhdudlaşdırıldığından Federal Məclisin Türkiyədəki hərbçiləri çəkmə qərarı verərsə, bunun yalnız İncirlik hərbi bazasıyla qalmayacağını nəzərə çatdırıb və problemin Türkiyə-Almaniya gərginliyindən çıxıb NATO-nun təhlükəsizlik məsələsinə çevriləcəyini sözlərinə əlavə edib. O, gözlənilən qərar çərçivəsində Konyadakı Almaniyaya məxsus “AWACS” təyyarələrinin də Türkiyədən çıxarıla biləcəyini diqqətə çatdırıb: "AWACS”lar Konyada yerləşdirilib. Bu, bir NATO missiyasıdır və alman əsgərləri türk-alman ikitərəfli əməkdaşlığa söykənən hərbi xidmət üçün orada deyillər".

Alman nazir Türkiyənin bu rəftarı qarşısında Federal Məclisdəki bütün partiyaların “Əgər əsgərlərimizi ziyarət edə bilmirsinizsə, onları dərhal ölkədən çıxardaq” deyəcəklərini etiraf edərək, bunu ABŞ Konqresinin bənzər durumla qarşı-qarşıya qalacağı bir örnəklə müqayisə edib:

"Bir düşünün, ABŞ-da bir konqres üzvü Amerikan əsgərlərinin hərbi xidmətdə olduğu ölkəni ziyarət etmək istəyəcək, həmin ölkə isə “Olmaz, əvvəl qanunlarınızı dəyişdirin, biz sonra icazə verək” deyəcək. Durum, tamamilə bu cürdür".

Məlumat üçün bildirək ki, Türkiyənin Konya hava bazasında yerləşdirilən NATO –nun “AWACS” təyyarələrinə baxan hərbçilərin 3/1-ni alman əsgərlərindən ibarətdir. Görünür, Gabriel də məhz bu fakta istinad edərək, Ankaraya alman parlamenti Türkiyədəki əsgərlərini çıxarmaq qərarı verərsə, təkcə İncirlikdəki yox, həm də Konyadakı hərbi qulluqçuların ölkəni tərk edəcəklərini xatırlatmaq istəyir. Bu isə Türkiyənin müdafiəsində başlıca rol oynayan erkən xəbərdarlıq sisteminin işləməz hala gəlməsi deməkdir.

Almaniyanın artıq bu istiqamətdə müəyyən addımlar atmağa çalışdığı da sirr deyil. Ölkənin baş naziri Angela Merkel Türkiyədəki təyyarələrini yerləşdirəcək yeni hərbi baza axtardıqlarına və İordaniyanın ən yaxşı alternativlərdən biri olduğuna eyham vurub. Almaniyanın Müdafiə naziri Ursula Von der Leyen isə dövlət kanalı ZDF-yə açıqlamasında bu həftənin sonunda İordaniyaya gedəcəyini və ölkənin kralıyla bu məsələni müzakirə edəcəklərini bildirib.

Almaniyanın Türkiyənin İncirlik hərbi bazasında “Tornada” kəşfiyyat təyyarələri və Konyada “AWACS”-ları mövcuddur. Bu hərbi təyyarələrə 250 alman hərbçisi qulluq edir.