>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Efirlərin qalmaqal sevgisi... və ürəkbulandıran axın

Efirlərin qalmaqal sevgisi... və ürəkbulandıran axın
Televiziya verilişlərinin mənasızlığından, gərəksizliyindən, bayağılığından dolayı əksər insanlar televizora baxmaqdan imtina edib. Elə mən də. Lakin biz nə qədər televizor izləməkdən qaçıb sosial şəbəkələrə və sosial mediaya sığınsaq da, televerilişlərin ən mənasız, ən gərəksiz, ən bayağı hissələri burda da qarşımıza çıxır.
Bütün televiziya layihələrinin yazılı mətnlərində layihənin məqsədinin maarifləndirmə, ehtiyacı olanlara yardım, şou və əyləncə kimi sözlər yazılsa da, görünüşdə yalnız reytinqə hesablanmış ucuz qalmaqallar, mənasız müzakirələr yayımlanır. Birinin geyimi, digərinin seks həyatı, bir başqasının həmkarları ilə dava-dalaşı həm televiziya üçün, həm də sosial media üçün hər şeydən daha çox maraq dairəsi olub. Bu ürəkbulandıran axım sənəti kölgədə qoymaqla yanaşı, əsl sənət adamlarını da gözdən salır.
Ən pisi də odur ki, illərini sənətə həsr etmiş fövqəladə istedadlı sənətkarlar belə, bu oyuna alət olublar. Məsələn, Flora Kərimova. Axı Flora Kərimova təkcə Azərbaycana deyil, bütün dünyaya gəlmiş ən nadir səs sahiblərindən biridir. Həm səsi, həm sənət biliyi, həm də səhnə təcrübəsi ilə bu gün bizə və mədəniyyətimizə ən gərəkli adamlardandır. Niyə biz bu boyda sərvətimizi hər gün hansısa qalmaqalda görməliyik? Xanım sənətkarın söz atmadığı, davaya çıxmadığı, təhqir və ya tənqid etmədiyi həmkarı qalmayıb. Bu bir psixoloji problemdir, yoxsa sadəcə gündəmdə qalmaq eşqi? Yaşlılıqdan yaranmış psixoloji problemdirsə, şəfa diləməkdən başqa çarəmiz yoxdur. Əgər gündəmdə qalmaq sevdasıdırsa, biri Flora xanıma izah etməlidir ki, o səsi ilə min illər boyu bu xalqın gündəmində olacaq. Nə gərək var belə dava-dalaşlarla gözdən düşməyə?
Aygün Kazımova, Brilliant Dadaşova, Elza Seyidcahan kimi səhnə ustaları da zaman-zaman bu oyunda istifadə olunurlar. Xalq da onların sənətindən çox, dava-dalaşlarını izləyir. Ya geyimləri, ya şəxsi münasibətləri, ya da qalmaqalları ilə bağlı süjetə baxır, xəbər oxuyurlar.
Hər gün yağışdan sonrakı göbələklər kimi çıxan onlarla müğənnilər bir o qədər narahat etmir bizi. Onlar onsuz da şöhrət və pul üçün səhnəyə çıxırlar, şöhrətin və pulun də ən ucuz yolunu — qalmaqalı tapıblar. Onlar bu gün varlar, sabah yox. Tarix də onları silib atacaq. Adamı incidən əsl sənətkarların reytinq dəllalları üçün özünü alətə çevirməsidir.

Bunda cəmiyyətin də günah payı var. Bu cəmiyyət dava-dalaş izləməkdən, qeybət etməkdən, başqalarının həyatına burun soxmaqdan, kiminsə əməllərini güdməkdən, geyimini müzakirə etməkdən zövq alır. Bütün bunlar bizim cəmiyyət üçün artıq milli-mənəvi dəyər halını alıb. Müasir televiziya layihələri də cəmiyyətin damarını tutur və onların ən sevdiyi şeyləri qızıl məcməyidə onlara sunur. Sənət adına qorxulu olan isə odur ki, sonda bu qızıl məcməyinin içinə qan qusulmasın.
Axı yerli televiziyanın çoxsaylı teletamaşaları vardı. Həm yerli müəlliflərin, həm dünya müəlliflərinin necə gözəl əsərləri səhnələşdirilirdi. Bu əsərlər həm məzmun və mövzu etibarı ilə keyfiyyətli idi, həm də əsl sənəti, teatrı sevdirirdi. Elmi-bədii filmlər, sənədli filmlər, lazımlı mövzuların müzakirəsi, maarifləndirici layihələr, müxtəlif sahələr üzrə obyektiv yarışmalar niyə yayımlanmır? Bu ölkənin ziyalı adamlarını da, istedadlı adamlarını da ailə-məişət qalmaqallarına, bayağı şoulara ekspert elədilər. Hara gedirik?
Orxan BAHADIRSOY\\sputnik.az