>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Prodüserdən HƏYƏCAN TƏBİLİ: “Nə kino qalacaq, nə də ki...”

Prodüserdən HƏYƏCAN TƏBİLİ: “Nə kino qalacaq, nə də ki...”
Son aylarda mediada Azərbaycanda mövcud olan iki kinoteatr şəbəkəsi - “CinemaPlus” və “Park Cinema” arasındakı rəqabət çox müzakirə olunur. Belə ki, bir şəbəkənin nümayiş etdirdiyi film digər şəbəkədə yayımlanmır. Lakin son günlərdə baş rolunu məşhur türkiyəli komediya ustası Şafak Sezerin oynadığı “Ketenpare” filmi hər iki şəbəkədə nümayiş olunmağa başlayıb. Bu, isə özlüyündə müxtəlif suallar yaradıb: Kinoteatrlar arasındakı problem aradan qalxıbmı? Bəs mövcud vəziyyət nə vəd edir?
Publika.az-a açıqlama verən prodüser Orxan Mərdan adıçəkilən kinoteatrlar arasındakı problemin haradan qaynaqlandığını dəqiq bilmədiyini, lakin bu vaxta qədər dəfələrlə yerli filmlərin hər iki şəbəkədə yayımlanması barədə təklif irəli sürdüklərini deyir: “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələrinin son bir ildir qarşılarına qoyduqları məqsədə görə yerli filmlər bir kinoteatr şəbəkəsində göstərilirsə, digərində nümayiş oluna bilməz. Lakin xarici filmlərə qarşı belə bir məhdudiyyət qoyulmur. Bu qayda yerli və Türkiyə istehsalı olan filmlərə qarşı tətbiq edilirdi. Lakin son günlər Türkiyə istehsalı olan “Ketenpere” filmi hər iki şəbəkədə yayımlanır. Biz bu günə qədər dəfələrlə yerli filmlərin də hər iki şəbəkədə yayımlanmasını təklif etmişik, lakin onlar razılaşmayıblar”.
O.Mərdan kinoteatr şəbəkələrinin bu məhdudiyyətininin film istehsalçılarının ziyanına olduğunu dedi: “Hər iki şəbəkə xarici flmləri yayımlamaqda heç bir məhdudiyyət qoymur. Fikrimcə, bunun səbəbi xarici film istehsalçılarından çəkinmələridir. Çünki onlar yaxşı film istehsal edirlər, bu mənada həmin şirkətlərin həmin şəbəkələrlə əlaqələrini kəsməsindən qorxurlar. Bir müddət “CinemPlyus” bəzi Türkiyə istehsalçılarının filmlərindən imtina etdi. Lakin bu günlərdə yenidən hər iki şəbəkə eyni türk filmlərini nümayiş etdirir. Azərbaycan filmlərinə qarşı bu münasibətin haqdan qaynaqlandığını dəqiq bilmirəm. Bu yanaşmaya görə “İkinci pərdə” filmini bütün kinoteatrlarda yayımlaya bilmədik. Çünki “CinemaPlyus” başqa şəbəkədə yayımlandığı halda onu qəbul etmir. Bu qərar isə bizim ziyanımızadır. Türkiyə istehsalı filmləri ilə bağlı dəyişən qərar yerli filmlərə də tətbiq edə bilər”.
O.Mərdan bildirir ki, hazırkı durumda tamaşaçı qarşısında bu cür tələb qoymaq haqqımız yoxdur: “Son vaxtlar tamaşaçıları yerli filmlərə alışdırmağa başlamışıq. Onların qarşısında belə bir seçim qoymaq lüksumuz yoxdur. Çünki tamaşaçının Azərbaycan filminə baxmaq üçün “Park Bulvar”dan “Gənclik Mall” a gedəcəyinə inanmıram”.
Orxan Mərdan digər film prodüserlərinə də çağırış edib: “Son olaraq onu deyim ki, susmaq çıxış yolu deyil. Bütün yerli istehsalla məşğul olanları bu məsələ narahat etməli, hətta edir də. Ona görə də necə ki, “Mələyin öpüşü”, “Gecə Qonağı 2”, “Təhmin və Zaur” bu problemdən əziyyət çəkib. Susmaqdansa, mövcud vəziyyətin düzəlməyi üçün nəsə etmək lazımdır. Bir gün tamaşaçı küsəcək və ticarət mərkəzlərinə kinoya baxmağa yox, yemək yeməyə gedəcək. Onda artıq nə kino, nə də ki, kino çəkənlər qalacaq. Buna görə də mən kinoteatrlardan türk filimini ortaq nümayiş etdirdikləri kimi “İkinci Pərdə” də daxil olmaqla bütün yerli filmləri nümayiş etdirmələrini istəyirəm”.