>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cavanşir Quliyev oxşar mahnılar haqda: “...səviyyəsiz, təsadüfi adamlar çalışır”

Cavanşir Quliyev oxşar mahnılar haqda: “...səviyyəsiz, təsadüfi  adamlar çalışır”
Hər halda əksəriyyət qəbul edər ki, son zamanlar müxtəlif istiqamətlərdə oxşarlıq tendensiyası formalaşıb. Bəzən müəyyən filmlərin oxşar sujetlərə sahib olduğunu deyirlər, yaxud kitabların mövzu obyektində bənzərlik tapırlar və.s.
Bununla yanaşı, son zamanlar musiqilərin də eyni ritm üzrəində qurulduğunu, bir-birinə oxşadığını vurğulayanlar da az deyil. Bu, yalnız Azərbaycanda deyil, digər ölkələrdə də belədir. Yeni bəstələnən musiqi özündən əvvəlkilərə oxşayır və hətta bir sıra hallarda onları bir-birindən ayırmaq mümkün də olmur. Yaxud bir musiqinin Azərbaycan məhsulu olduğunu düşünüb tarixinə varan zaman yanıldığımızı da görürük. Məhz bu səbəbdən plagiatlıqla günahlandırılan bəstəkarlar da olur.
Bəs musiqilərin, mahnıların bir-birinə bənzəməsinin səbəbi nədir?

Məsələ ilə bağlı tanınmış bəstəkar, hazırda Şimali Kiprdə yaşayan Cavanşir Quliyev Modern.az saytına açıqlama verib:

“Hazırda musiqilərin bir-birinə bənzəməsinin bir neçə səbəbləri var. Məsələn, musiqi texnologiyasının inkişafı, bisavadlıqdan bəstəkarların bəstələdikləri musiqinin keyfiyyətini dəyərləndirə bilməməsi buna nümunədir. Eyni zamanda təbliğat vasitələrinin, yəni televiziya, radio, konsert təşkilatları, internet saytları keyfiyyətli musiqini keyfiyyətsizdən ayıra bilmir. Hər yerdə musiqi baxımından əsasən səviyyəsiz, təsadüfi adamlar çalışır. Həmin şəxslərin keyfiyyətsiz musiqini təbliğ etmələri, musiqi təbliğatında inzibati-amirlik üsulunun hələ də davam etməsi və digər bu kimi səbəblər musiqilərin bir-birinə bənzəməsinə gətirib çıxarır”.

Bəzən musiqilərin bir-birinə oxşarlığını notların azlığı ilə əsaslandırırlar. Lakin C.Quliyev bunun yanlış düşüncə olduğunu vurğulayıb:

“Gülməlisi yaxud ağlamalısı da odur ki, musiqini bənzədəndə də pis mahnılara bənzədirlər. Heç olmasa yaxşı bir mahnıya bənzətsəydilər... Bu hələ harasıdır...
Həmçinin, musiqidə işlədilən notların sayı yox, yazanın istedadı və ustalığı önəmlidir. Bu ustalıq isə yoxdur. Necə olur ki, bundan öncə yüz illərlə bu not sayı problem deyildi, indi isə kiçik bir ölkə olan Azərbaycanda problem olub?”.