>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza nə verəcək - gözləntilər...

Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza nə verəcək - gözləntilər...
Vüqar Bayramov: “Ələtdə regional əhəmiyyətli bir xab formalaşdırmaq olar”
Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi hesab edilən Ələt Beynəlxalq Dəniz Limanı iki gün əvvəl istifadəyə verilib. Limanın ilk mərhələsinin fəaliyyətə başlaması Ələtdə formalaşdırılması nəzərdə tutulan Azad İqtisadi Zona ilə bağlı işlərin sürətləndirilməsi üçün əlverişli şərait yaradır.

Xatırladaq ki, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə yalnız tranzit yüklərin sadəcə daşınmasını deyil, onlara əlavə dəyər qatılaraq daşınmasını təşkil etmək niyyətindədir. Azad İqtisadi Zonanın (AİZ) yaradılması həm də bu məqsədə xidmət edir. AİZ-in yaradılması barədə sərəncamı prezident İlham Əliyev 2016-cı ilin martında imzalayıb. Həmin ilin sentyabrda isə AİZ-in yaradılması üzrə məsləhətçilik işi dünyanın 3-cü böyük belə limanı olan Cəbəl-Əlinin yaradıcısı “DP World” şirkətinə həvalə olunub. Şirkətin mütəxəssislərinin iştirakı ilə “Ələt AİZ haqqında” qanun layihəsi hazırlanıb, Milli Məclisdə 2 oxunuşdan keçirilib.

Qanunla Ələt Azad İqtisadi Zonasına yüksək müstəqillik verilməsi nəzərdə tutulur. İndiyədək dünyada yaradılan azad iqtisadi zonaların xeyli hissəsi postsovet məkanında, xüsusən də Rusiyada yaradılan zonaların isə əksəriyyəti öz potensialına uyğun səviyyədə səmərəli fəaliyyət göstərə bilmir. “Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsi isə daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbələli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb. Bu sahə ilə məşğul olan rəsmilərin açıqlamalarına görə,Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ətrafında da Dubaydakına bənzər bir AİZ modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkərlər, investorlar üçün cəlbedici etməkdir.Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, AİZ-in səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı AİZ-dəki kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur.

Qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.

Ələt qəsəbəsi Azərbaycanın ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri: Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. İşlər nəzərdə tutulan səviyyədə qurulsa, Ələtin bu sahədəki müqayisəli üstünlükləri Xəzər dənizinin dünya okeanına birbaşa çıxışının olmaması ilə bağlı məhdudiyyətləri müəyyən dərəcədə kompensasiya edə bilər. Ələt Azad İqtisadi Zonası tam gücü ilə işləməyə başlayanda Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və daha çox yükdaşımalara nail olacaq.

Ələt AİZ sayəsində qeyri-neft sektoruna əlavə şirkətlər cəlb ediləcək. Bu isə əlavə sərmayə, maliyyə, qabaqcıl texnologiya, müasir tələblərə cavab verən idarəetmə təcrübəsi və mədəniyyəti, rəqabət qabiliyyətli çoxsaylı təsərrüfat subyektlərinin yaradılması istiqamətində zəruri bir addımın atılması deməkdir.

Qeyd etdiyimiz kimi, Liman həm də Şimal-Cənub nəqliyyat dəhlizinin işləməsi üçün həlledici rola malikdir. Hansı ki, bu dəhlizdə işlərin sürətləndirilməsi də birbaşa ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan dəhlizin İran ərazisindəki hissəsinin - “Astara-Rəşt” dəmiryol xəttinin çəkilməsi üçün İrana 500 milyon dollar güzəştli kredit verib. Hazırda dəhlizin tikintisi üzrə işlər sürətlə davam etdirilməkdədir.


İqtisadçı-ekspert, Sosial İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Ələt AİZ-in fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi vacib amildir: “Biz Azad İqtisadi Zonaya xüsusi səlahiyyətlərin verilməsini düzgün addım hesab edirik. Belə bir qanunu qəbul etməklə hökumət iş adamları qarşısında öhdəlik götürür və ona uyğun olaraq da güzəştlər, şərtlər müəyyənləşdirir. Bu, investisiyaların cəlbi baxımından çox vacib şərtdir. Bildiyiniz kimi, 2017-ci ilin yanvarında Vergi Məcəlləsinə çoxlu sayda dəyişikliklər olundu. Belə dəyişikliklər sahibkarlar, xüsusilə xarici sərmayədarlar üçün cəlbedici deyil. Buna görə də Azad İqtisadi Zonada çalışacaq iş adamlarının belə tez-tez olunan dəyişikliklərdən xüsusi qanunla qorunması lazımdır. Bu halda zonaya daha çox xarici investisiya cəlb etmək mümkün olacaq”.

Ekspert deyir ki, AİZ-in yaradılması Ələtin yalnız liman kimi deyil, həm də istehsal mərkəzi kimi formalaşmasına səbəb olacaq: “Bildiyimə görə, hazırda Avropa və Körfəz ölkələri investorları ilə danışıqlar aparılır. Düşünürəm ki, hökumət Ələtdəki azad iqtisadi zonanın yaradılması işinə fokuslaşmalıdır. Bu, pilotdur, digər azad iqtisadi zonaların uğur qazanıb-qazanmamasında onun rolu böyük olacaq. Buna görə də hökumət hazırda bütün diqqətini bu zonaya yönəltməlidir”.

V.Bayramovun sözlərinə görə, Ələt limanı və AİZ birlikdə regional əhəmiyyətli bir xabın formalaşmasına gətirib çıxara bilər.