>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kimlər “AA” nömrəsindən istifadə edə bilər? – Ekspert

Kimlər “AA” nömrəsindən istifadə edə bilər? – Ekspert
Son vaxtlar tanınmış şəxslərin “AA” seriyalı avtomobil nömrələrindən istifadə etməsi dəb halını alıb. Bu yaxınlarda müğənni Damla və aparıcı İlhamə Bədəlova da “AA” seriyalı avtomobilləri ilə gündəmə gəlmişdilər. Görəsən, tanınmışların da “AA” seriyalı avtomobillərdən istifadə etməsi qanunvericiliyə uyğundurmu?

Məsələ ilə bağlı Axar.az-a danışan ekspert Elməddin Muradlı bildirib ki, bununla bağlı qanunvericilikdə konkret müddəa olmasa da, Daxili İşlər Nazirliyinin bu barədə əmri var.

“Yol hərəkəti haqqında qanunvericiliyə nəzər salsaq görərik ki, “AA” seriyalı nömrələrin konkret kimlərə verilməsi ilə bağlı müddəa yoxdur, rəqəmlərin və hərflərin kombinasiyasına uyğun olaraq qiymətlər göstərilib. Qanunda göstərilməyib ki, “AA” seriyalı avtomobillərdən kimlər istifadə edə bilər, kimlər yox. Sadəcə, Daxili İşlər Nazirliyinin əmri əsasında dövlət yol polisi müxtəlif kriteriyalar qoyub. Məsələn, “AA” nömrələri yalnız hüquqi şəxslərə verilə bilər.

Bəzi müğənnilər, iş adamları, özünü cəmiyyətə nüfuzlu biri kimi təqdim etməyə çalışanlar “AA” seriyalı nömrə əldə edirlər. Hətta belə nömrələri almaq üçün ayrıca MMC yaradaraq, hüquqi şəxs statusu alırlar. Sonra da maşını həmin MMC-nin adına keçirərək, yol polisindən “AA” seriyalı nömrə əldə edirlər”.

Ekspert Azərbaycanda “AA” nömrə nişanının istifadəsi və alğı-satqısında qanun pozuntusuna yol verildiyini deyib:

“Bəzi vəzifəli şəxslər kimi onların yaxın qohum-əqrəbaları da “AA” seriyalı avtomobillərdən istifadə edir. Yoxlasanız, məlum olacaq ki, həmin avomobil hansısa MMC-nin adınadır.

Qanunvericiliyə əsasən, ən bahalı avtomobil nömrə nişanı 2500, ən ucuzu isə 22 manatdır. Bəzən 10-100 mindən yuxarı qiymətə avtomobil nömrəsi satanlar da olur. Dövlət Yol Polisi həmişə öz açıqlamalarında bildirir ki, adi vətəndaşlar maşınlarına aldıqları nömrələri sata bilməzlər. Bu səlahiyyət DYP-yə aiddir. Çünki nömrənin satılması zamanı qeydiyyat prosesini DYP həyata keçirir”.