>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi

“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Prezidentin Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu hafta.az-a açıqlamasında bildirib ki, prezidentin bu fərmanı təqdir olunası və çox vacib bir addımdır: “Bildiyini kimi, qanunvericilikdə müəyyən problem yaranmışdı və 1994-cü ilə qədər şəhid və əlil olan şəxslər üçün nəzərdə tutulan pullar ödənilmirdi. Söhbət şəhid ailələri üçün nəzərdə tutulan 11 min manat - hərbi qulluqçüların şəxsi icbari sığortasından gedir. İndi isə problemin həll olunması üçün bu fərmanın verilməsinə təbii ki, çox sevindik. İllərdir bununla bağlı bizə də xeyli sayda müraciətlər olunurdu. Məsələ Konstitusiya Məhkəməsində də, Milli Məclisdə də dəfəflərlə müzakirə olunmuşdu. Məsələnin həll olunmasında xidməti olan millət vəkillərinə də təşəkkür edirirk. Döyüşçü dostlarımızın ailələri bununla bağlı narahat idi, şükür ki prezident gözlənilən qərarı verdi”.

Müsahibimiz deyir ki, fərman təxminən on min nəfərə şamil olunacaq:

“Ümid edirik ki, cənab prezidentin bu istiqamətdə növbəti qərarı Qarabağ əlillərinin “qanpulu”nun ödənilməsi ilə bağlı olacaq. Xatırladım ki, şəhid ailələrinə 11 min manat, I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat ödənilməlidir. Ümid edirik tezliklə bu məsələ də həllini tapacaq”.