>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xəzərdəki “süd qasırğası”nın yaratdığı təhlükə

Xəzərdəki “süd qasırğası”nın yaratdığı təhlükə
Professor Ramiz Məmmədov: “Külək var ki, 50 metrlikdə suyu qarışdırır”

Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində “süd qasırğası” adlanan anomal prosesin görüntüsünü dərc edib. Yanvarın 9-da “Terra” kosmik aparatından MODIS spektroradiometri ilə çəkilən foto agentliyin “İnstagram” səhifəsində paylaşılıb.

Məlumatda bildirilir ki, külək dənizin səthində suyu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir. Təbii proses Türkmənistan sahillərində qeydə alınıb. Alimlər bu hadisənin balıqçılığa mənfi təsir göstərə biləcəyi ilə əlaqədar araşdırma aparmaq niyyətindədirlər.

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri, professor Ramiz Məmmədov hesab edir ki, NASA-nın çəkdiyi adi təbiət hadisəsidir: “Burada qeyri-adi heç nə yoxdur. Dənizin dayaz hissəsinin dibində müxtəlif mikroorqanizmlər, yumşaq qum, balıqqulaqları və sair var. Külək əsəndə onları qaldırır, su bulanır. Belə hadisələrə küləkli havalarda hər gün rast gəlmək olur. Külək yatandan sonra suyun səthinə qalxanlar yatışır, su durulur. Bunu hər kəs görə bilər, yəqin ki, siz də görmüsünüz”.

O deyir ki, baş verən hadisənin dənizin flora və faunasına hər hansı mənfi təsiri yoxdur: “Bu hadisənin daha çox xeyri var, nəinki zərəri. Dənizin dibinə yatışmış olan qidalar üzə çıxır, balıqlar da onlarla qidalanır”.

R.Məmmədov bildirir ki, Türkmənistan sahillərində baş verən hadisənin miqyası böyük olduğu üçün NASA-dakılara qeyri-adi görünüb: “Külək var ki, dənizin 5-10-15 metlrik hissəsində suyu qaldırır, külək də var ki, 40-50 metrlik hissəsində. Üstəlik, dəniz dibinin yumşaqlığı da suyun nə qədər çox və ya az bulanmasına təsir göstərir. Gorünür, Türkmənistanda külək daha güclü olub”.

DÜNYA,
“Yeni Müsavat”