>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Dekan müavininin təhqir etdiyi gənc BDU-dan qovuldu

Dekan müavininin təhqir etdiyi gənc BDU-dan qovuldu
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub.

Bu barədə Axar.az-a laborantın özü - Vüsal Yüzbaşıyev məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb:

“Lakin hədə-qorxu gələn, təhqirlərdən istifadə edən dekan müavini hələ də universitetdə fəaliyyətini davam etdirir. Həmkarlar İttifaqı komitəsində 1 saat iclas keçirildi, həmin iclasda “sən səs yazıb, universitetimizin adına ləkə gətirmisən” deyərək məni işdən qovdular. Onu da qeyd etmək istəyirəm ki, əmək kitabçama Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini - “işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” maddəsi yazıldı”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantının arasında baş tutan söhbətin səs yazısı yayılmışdı. Səs yazısında dekan müavini “Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə “terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan” sözlərini deyərək, onun ünvanına təhqirlər yağdırmışdı.

V.Yüzbaşıyev isə bu səs yazısını ictimailəşdirmişdi.