>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Parkomatlarla bağlı “pul kimə çatacaq” müəmması

Parkomatlarla bağlı “pul kimə çatacaq” müəmması
Ekspert: “Azərbaycanda yolların 3 sahibi var...”

Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. Bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir. Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir.

Buna uyğun olaraq “Avtomobil yolları haqqında” Qanuna dəyişikliklər də müzakirəyə çıxarılır. Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məlum olduğu kimi, parkomatların quraşdırılması və oradan gələn vəsaitin yığılması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə məxsus idi. Bəs görəsən, qanuna edilən bu əlavə Bakı meriyasının səlahiyyətinin məhdudlaşdırılmasıdırmı? Yoxsa söhbət, sadəcə, bələdiyyələrin nəzdində olan yollarda quraşdırılan parkomatlardan gedir?

Image result for Ərşad Hüseynov

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, qanuna edilən dəyişikliyi BŞİH-in səlahiyyətinin əlindən alınması kimi şərh etmək yanlışdır: “Qanuna edilən dəyişikliyi bu cür şərh etmək olmaz. Hazırda mövcud olan heç bir parklanma yeri bələdiyyələrə verilməyəcək. Qanuna olunan dəyişiklik onu ehtiva etmir. Keçən ilin dekabr ayında qanuna dəyişiklik olunmuşdu ki, ümumi istifadədə olan yolların kənarlarında parklanma yerlərini yol kimindirsə, o təşkil etsin. Yol dövlətindirsə, onu yerli icra hakimiyyəti orqanı yol polisi ilə birgə təşkil edir. Yox, əgər yol bələdiyyənindirsə, həmin parklanma yerlərini yol polisi ilə razılaşdırmaqla bələdiyyə təşkil edir. Yox, əgər özəl yoldursa, onun sahibi polislə razılaşdırmaqla parklanma yerini təşkil edir. Bir il bundan öncə qəbul olunan dəyişikliyi indi ”Avtomobil yolları haqqında" Qanuna gətiriblər. Bu, sadəcə, texniki bir prosedurdur, yəni heç bir yenilik yoxdur. Bələdiyyə heç bir parklanma yeri verilməyəcək. Sadəcə, onların belə bir səlahiyyəti var, başqa bir qanunda var idi, bu qanuna da yazdılar".

Ekspert vurğuladı ki, bələdiyyələr yalnız özlərinin balansında olan yollarda parklanma yerləri yarada bilərlər: “Bələdiyyələr özlərinin balansında olan yolların kənarlarında əgər bütün şərtlər və imkanlar varsa, ödənişli parklanma yeri yarada bilər. Təbii ki, ondan gələn vəsaitləri də özü yığacaq. Ümumiyyətlə, Azərbaycanda yolların 3 sahibi var. Yolların çoxu, o cümlədən Bakı şəhərinin mərkəzi küçələri, prospektləri dövlətindir. Məhəllədaxili yollar, rayon mərkəzlərinin küçələri, qəsəbə və kənd yolları bələdiyyə yollarıdır. Bir də özəl yollar ola bilər. Bizdə hələ ki özəl yol yoxdur. Bakıdakı parklanma yerlərinin hamısı dövlətin balansında olan küçə və prospektlərdədir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Onu başqa bir quruma da vermirlər. Bu yolların bələdiyyələrə heç bir aidiyyəti yoxdur”.