>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İlahiyyatçıdan xəbərdarlıq: Bu kitablarda uşaqbazlıq motivləri var - MÜSAHİBƏ

İlahiyyatçıdan xəbərdarlıq: Bu kitablarda uşaqbazlıq motivləri var - MÜSAHİBƏ
Hacı Şahin son müsahibələrinin birində mübahisəli fikirlər səsləndirib. Onun sözlərinə görə, bəzi “Quran” surələrinin oxunması müəyyən yaş dövrü üçün uyğun deyil.

“Cümhuriyət”ə müsahibəsində AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Hacı Şahinin son açıqlamasına münasibət bildirib.

-O doğrudur ki, “Quran”da sevgi macərası olan, intim hisslərdən bəhs edən “Yusif” surəsində qadınlar tərəfindən oxunması uyğun görülməyən hissələr var. Gənc xanımlar bu surəni oxuyarkən müəyyən hisslərə qapıla bilərlər. Ancaq qeyd edim ki, bəzi xarici ölkələrdən ölkəmizə ənənəvi şəkildə ayaq açmış bəzi “Risalə” adlanan kitablarda (hansı ki, bu kitablar bütün yaş dövrlərinə aid nəzərdə tutulub) nəinki qadınların, hətta kişilərin də oxuması uyğun olmayan fətvalar var. Erotik, cinsi hisslərə, uşaqbazlığa təhrik edən, həddi-büluğa çatmamış uşaqların cinsi hisslərini mənfi istiqamətə yönəldən fikirlər var. Həmin kitablar hər bir kəsin təqlid etməsi vacib sayılan, oxuması və əməl etməsi buyurulan “Şəriət risaləsi” adlanan kitablardır. Qeyd edim ki, bu kimi kitablar şəriət ölkələri üçün xarakterik ola bilər. Çünki oralarda evlənmə yaşı fərqlidir. Həmin kitablarda elə sözlər, elə fətvalar var ki, mən hazırda onları işlətməyə həya edirəm. “Yusif” surəsi həmin fikirlərin yanında normaldır. Çox təəssüf edirəm ki, Hacı Şahin bu məsələyə toxunmayıb, ancaq “Quran”ı ittiham edib. Həddi-büluğa çatma yaşını qızlarda 9, oğlanlarda 14 yaş götürən və bu kitabları yayanlar orada cinsiyyət üzvlərinin, cinsi əlaqənin həmin yaşa uyğun olmayan formada müzakirə olunmasına necə baxırlar? Doqquz yaşlı qız o kitabı oxumalıdırmı təqlid etmək üçün? Hətta heyvanla cinsi əlaqədə olmağın cəza və hökmlərindən bəhs edilib.

- Bu cür kitabların azyaşlılar arasında yayılması nə dərəcədə təhlükəlidir?

- Daha çox dərinə getmək istəmirəm, maraqlı olanlar təqlid edənlərdə olan “Risalə”lərə alıb baxa bilərlər. Bu cür, xalqımız, milli ənənələrimiz üçün yad olan fikirləri yayanlara sual edirəm: sadəcə, Yusif və Züleyxanın sevgi macərasından bəhs edən bir surəni qadınlar oxumamalıdırlarsa, bəs təqlid etdiyiniz kitablardakı erotik, cinsi təhrikə yol açan, ayıldıcı fətvaları necə, oxumalıdırlarmı? Təbii ki, şəriətdə hər bir hökm açıq- aşkar izah olunmalıdır. Ancaq hər yaş dövrünə uyğun şəkildə ictimailəşdirilməlidir. Hamı üçün nəzərdə tutulan kitablarda, hətta şəriət kitabı olsa belə, uşaqlar və qadınlar, əxlaq normaları, xalqın ənənəsi nəzərə alınmalıdır. Azərbaycanda atası ilə filmə baxan qız müəyyən səhnələr ortaya çıxanda qalxıb başqa otağa keçirsə, onun qabağına bəhs etdiyim fətvaları, kitabları qoymaq olmaz. Azərbaycan qadınlarının fitri və milli əxlaqı elə əsl şəriət üstündə köklənib. Çünki ata-babalarımız milli adətlərimizi dini dəyərlərlə yoğurublar. Xalqımız üçün, milli əxlaqımız üçün, mentalitetimiz üçün xarakterik olmayan fikirlər, fətvalar qadağan olunmalıdır. İslamın ən ümdə amallarından biri əxlaqdır. Bəzən kitablarda elə açıq, intim söhbətlərə rast gəlirsən ki, (hansı ki, o kitab hamı üçün nəzərdə tutulub) o kitabın din adına ləkə olduğu aşkar olur. Ona görə də gənclərimiz icazəli kitablardan istifadə etməlidirlər.

“Quran”da əxlaqsızlıq, xurafatçılıq lənətlənib”

- Aidiyyati qurumlar xaricdən dini ədəbiyyatın gətirilməsinə nəzarət edir. Bəs niyə bu cür kitabların ölkəmizə gətirilməsinin qarşısı alınmır?

- Hesab edirəm ki, xaricdən gətirilən dini ədəbiyyatın vaxtında qarşısının alınması bu kimi problemləri tənzimləyəcək. Bəzi sələfi yönlü mənbələrdə, digər qeyri-ənənəvi cərəyanların təbliğatında ölkə qanunlarına zidd olaraq həddi buluğa çatmayanların evlənə bilməsi və sair kimi fikirlər mövcuddur. Ancaq hesab edirəm ki, ənənəvi islam dəyərlərini yaşatsaq, məzhəbçilikdən, təfriqədən, mübaliğədən, xurafatdan uzaq olsaq, normal mühit davam edəcək. Dini radikalizm, mövhumat, ayrı- seçkilik həm dində, həm də qanunlarımızda qadağan edilib. Ona görə də din adamları təbliğ etdikləri fikirlərdə ilk öncə öz ailələrini düşünsünlər, sonra danışsınlar. Baxsınlar ki, bu öz yaxınları üçün qəbul ediləndirmi... Yoxsa kim nə yazıb, nə söyləyib onu cəmiyyətə sırımaq olmaz. Xalqımızın yüksək milli dəyərləri var. Ona görə də xoşagəlməz fikirlər, dəyərlərimizə zidd söhbətlər milli əxlaqla üz-üzə gələndə özünə yer tapa bilməyib məhv olub gedəcəkdir. Dində milyonlarla əxlaqi, elmi, nümunəvi, fəlsəfi nümunələr, ibrət götürüləsi nəqllər, hədislər var. Bəzilərinin dini bu yöndən deyil, məzhəbçilik, radikallıq, cinsi məsələlər kimi birmənalı qarşılanmayan prizmadan guya təbliğ etmələri tamamilə yanlışdır və ola bilsin məqsədlidir. Varlığına müsəlmanlar arasında şəkk olmayan Allahdan, dəyişilmədiyinə şübhə olmayan “Quran”dan, hamı tərəfindən qəbul edilən Peyğəmbərdən danışmaq əvəzinə bəzi xətiblərimiz quru yerə qan sürtən ixtilaflı, ikitirəlik yaradıcı, təəssübkeş, ağla batmayan söhbətlərə meyil edirlər ki, bu da ictimaiyyət tərəfindən mənfi qarşılanır. İslam birdir və müsəlmanlar da bir, vahid etiqada əməl etməlidirlər. “Quran”da məzhəblərdən bəhs edilməyib. Ayrılmaq, ixtilaf etmək, ikitirəlik, radikallıq, əxlaqsızlıq, xurafatçılıq etmək lənətlənib. Sonda qeyd etmək istəyirəm ki, dindarlar “Quran”ı özlərinə nümunə götürsünlər, Quranda səhv ola bilməz. “Quran” bütün dövrləri və məkanları, şəraitləri nəzərə alıb hökm edir.