>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakının "Şanxay"ı söküləcək: - Sakinlər kompensasiyadan narazıdırlar

Bakının "Şanxay"ı söküləcək: - Sakinlər kompensasiyadan narazıdırlar
Bir həftədir ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospektinin yaxınlığındakı «Şanxay məhəlləsi» kimi tanınan və dəmiryolunun kənarında yerləşən ərazidə yaşayanlar narahatdırlar.

Buna səbəb isə, artıq 500-ə yaxın evin sökülməsi üçün işlərin getməsidir. Belə ki, Pəhləvan Vəliyev küçəsində olan evlər yeni dəmir yolu çəkilişi ilə bağlı sökülməlidir. Bu söküntüyə görə isə ev sahiblərinə kompensasiya ödənilməsi üçün işlər gedir.

Musavat.com xəbər verir ki, sakinlərin narahat olmasına əsas səbəb isə verilən kompensasiyanın azlığıdır.

Sakinlər deyirlər ki, onların evlərinin kvadratmetri çox azdır. Buna görə də, verilən pulla Bakının heç birində ev ala bilməyəcəklər: "Mənim 34 kvadratmetr evim var. Bu evdə 7 nəfər ailə üzvümlə birlikdə yaşayıram. Halımdan razıyam, kirayə vermirəm, kiminsə evində yaşamıram. Əgər bu ev sökülürsə deməli normal bir evə köçməliyəm. 34 kvadrat evimin də tualetini ayrı qiymətə, həyətini ayrı, koridorunu ayrı qiymətə hesablayırlar. Qanunla belə şey yoxdur. Mənə evimin hər kvadratı üçün 1500 manat pul versinlər, çıxım. Olmasa heç yerə gedən deyiləm.

Biz demirik ki, bizə villa, maşın, milyon versinlər. Sadəcə, normal ev ala bilməyimiz üçün ədalətli kompensasiya versinlər. Bizə deyirlər ki, gecəqonduyuq. Bu necə olur? İllərdir burada camaat yaşayır. Seçkilərdə iştirak edir və səs veririk. İşıq, qaz, su pulu ödəyirik. Bir dəfə də olsun zibilimizi aparmayanlara zibil üçün pul veririk. Küçəmizi özümüz təmizləyirik, kanalizasiya tutulur yenə özümüz həll edirik. Yaxşı imkanımız, pulumuz olsa biz niyə burada yaşayaq ki? Gedərik bəziləri kimi villalarda, lüks şəraitdə yaşayardıq. Məcburuq, kasıbıq, ona görə də qatar reyslərinin dibində həyatımıza davam edirik. Köçürüksə heç olmasa normal yerdə yaşayaq".

Sakinlər iddia edirlər ki, onlara verilən kompensasiyada qanunsuzluq və haqsızlıq var: "Mən 28 kvadratlıq evdə talassemiya xəstəsi olan uşağımla birlikdə yaşayıram. Mənə bunlar ən yaxşı halda 28 min manat verəcəklər. Mən o pulla ev ala bilərəm? Özləri o pulla ev ala bilərlər? Təbii ki, yox. Qanunla hər kvadrat üçün 1500 manat pul verilməlidir. Bunlar isə 850, 1000 manat verirlər. Üstəlik əllərində sərəncam da yoxdur. Sadəcə ölçüb, hansı sistemlə dəyərləndirdiklərini demədən, yazmadan qiymət biçirlər və deyirlər ki, "bu pulu verəcəyik".

Deyirik ki, bizə bu söküntü ilə bağlı sərəncam göstərin. Həyət, tualet başqa qiymətlə, otaqlar isə başqa qiymətlə hesablanır. Bu hesablamanın isə qanuni əsasını göstərə bilmirlər. Ev təmir edən də, etməyən də bilir ki, evdə ən çox xərci hamam və tualet aparır. Bunlar isə ən az pulu hamam və tualetə verirlər".