>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Həbsdə olan Mehmandan SON MÜHÜM XƏBƏR: Məhkəmənin qərarı ilə...

Həbsdə olan Mehmandan SON MÜHÜM XƏBƏR: Məhkəmənin qərarı ilə...
Bloqçunun şikayətinə avqustun 29-da hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə avqustun 29-da baxılacaq. Bu barədə bizimyol.info-ya vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək iclas saat 11.00-a təyin edilib.

Mehman Hüseynov Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayətinə əsasən, Cinayət Məcəlləsinin -nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunaraq, martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayətin təmin edilməməməsi barədə qərar verib. Ali Məhkəməyə kassasiya şikayəti həmin qərardan verilib. Vəkilləri şikayətdə Mehman Hüseynova bəraət verilməsini istəyirlər.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.
DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb.

Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.