>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

4 GÜNDÜR “AZƏRİSTİLİKTƏCHİZAT” BİNANI QIZDIRMIR

4 GÜNDÜR “AZƏRİSTİLİKTƏCHİZAT” BİNANI QIZDIRMIR
NƏ BƏLƏDİYYƏ,NƏ İCRA HAKİMİYYƏTİ,NƏ DƏ İQTİSADİYYAT NAZİRLİYİ TƏDBİR GÖRÜR
Nizami rayonundakı 4 saylı istismar sahəsinin balansında olan Babək prospekti - 71 saylı binanın istilik təchizatı 4 gündür kəsilib . Bununla bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 956 “qaynar xətti”nə , 379-19-78 nömrəli Mərkəzi Dispetçer Xidmətinin əlaqə mərkəzinə zənglər edilsə də , bu xidmətlərin “avtomatik” rejimdə işlədikləri bəlli olub . Başqa sözlə , canlı olaraq abonentləri dinləmək əvəzinə , siqnal səsindən sonra mesajlarını səsləndimək təklif edilib . Di gəl , dörd gündür nə mesaja qulaq asan olur , nə də istiliyin olmamasının nədəni araşdırılır .İqtisadiyyat Nazirliyinin 498-15-01 və 195-2 “qaynar” əlaqə mərkəzləri də şikayətləri qeydə alsalar da , istehlakçıların dörd günlük istilik həsrətinə son qoyulmayıb və deyəsən , son qoyulacağı da gözlənilmir .Nədən , ümumiyyətlə , istehlakçılarla heç kimin maraqlanmamasıdır . Fikir verin , dörd gündə bir nəfər də olsun , binaya gəlib istiliyin olmamasının nədən qaynaqlandığı ilə maraqlanmayıb . Belə təsəvvür yaranır ki , müvafiq dövlət qurumlarının , hökumətin başlıca işi elə baş qatmaqdır . Axı ,vətəndaş soyuqdan dona bilər ! Alternativ istilik qaynaqlarından yararlanmağın mümkünlüyünü düşünənlər yanılırlar . Birincisi , elektrik enerjisi ilə evin qızdırılması həm xətlərin yüklənməsi nədənindən sıradan çıxmasına gətirir , həm də vətəndaşın cibinə uyğun deyil . İkincisi , “Azəriqaz” İstehsalat Birliyi (İB) vətəndaşlara mənzillərini “KOMBİ” ilə qızdırmalarına da texniki şərti Nazilər Kabinetinin müvafiq qərarına zidd olaraq PULLA verdiyindən vətəndaşların Tanrıdan özgə əllərini uzatmağa kimsəsi qalmır . Onu da deyək ki , sözügedən binada vaxtaşırı işıq və qaz problemi də yaşanır .
Ötən il “Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İB arasında yaranan borc qalmaqalı üzündən istehlakçılar qış mövsümündə 1 aya yaxın istilik üzünə həsrət qalanda “istilik rəsmiləri” həmin bir ayın pulunu tələb etməyəcəklərini bildirdilər . (İstehlakçının da “ hələ bir verilməyən istiliyə görə pul da istə” deməkdən savayı nəyə gücü çatır , hüququnu qoruyan yox , hökumət yox . ) Amma qış mövsümü başa çatan kimi istilik xidməti abonentlərə qanunda , tarifdə nəzərdə tutulduğundan ikiqat – üçqat məbləğdə ödəniş qəbzləri göndərib nağd yolla aldıqlarına əlavə etməyə üstünlük verdi . Yəqin indi də elə olacaq .
Hələ ki , “Azəristikitəchizat”ın 4 saylı istismar sahəsi binaya verdiyi istiliyin niyə mənzilləri qızdırmadığını araşdırmaqdan imtina edir . İqtisadiyyat Nazirliyinin 195-2 “Çağrı Mərkəzi”ndən isə gündəlik şikayətlərdən sonra 497-60-52 nömrəsinin xidmətində dayandığı Firudin Vəliyevə müraciət etməyi məsləhət bildilər . Bu nömrə isə hələ ki susur və faks nömrə olduğunu “zummer”lə açıqlayır ...
Məğrur Bədəlsoy
Teref.info