>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Sarkisyanın istefası Qarabağla bağlı danışıqlar prosesinə təsir edəcəkmi? –İran mediası bölgə ekspertlərini danışdırıb - TƏHLİL

Sarkisyanın istefası Qarabağla bağlı danışıqlar prosesinə təsir edəcəkmi? –İran mediası bölgə ekspertlərini danışdırıb - TƏHLİL
Ermənistanın Qarabağ müharibəsində qəhrəmanlarından biri olan Serj Sarkisyanın yeni siyasi hərəkatla hakimiyyətdən kənarlaşdırılması Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərəcək?
Analitiklərin əksəriyyəti hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatı Qarabağ məsələsində Ermənistanın əvvəlki mövqeyində ciddi dəyişiklik yaratmayacaq.
Azərbaycanlı politoloq Zərdüşt Əlizadə Nikol Paşinyanın Dağlıq Qarabağ ilə əlaqədar son açıqlamalarına istinadla, Ermənistan mövqeyində dəyişiklik olacağına ümid etmir: “Ermənistanda etiraz hərəkatının lideri dəfələrlə bildirib ki, biz Ermənistanın Rusiya ilə ittifaqına qarşı deyilik, bu ittifaq sabit qalacaq. Paşinyan, həmçinin vurğulayıb ki, erməni xalqı qüdrətli olduğu üçün Qarabağ müharibəsində qalib gəlib”.
Zərdüşt Əlizadə əlavə edib ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistanın hərbi qarşıdurmasından sonra Paşinyan Ermənistan KİV-lərinə Dağlıq Qarabağdakı maraqların qorunması üçün sərt hərbi hərəkətlərin görülməsi zərurəti barədə açıqlama verib.
Erməni ekspert və İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan suveren Ermənistanda son inkişafların mübahisəli Dağlıq Qarabağ bölgəsinə təsirini şərh edərkən deyib ki, Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün hər hansı bir vasitədən istifadə etməyib və indi, onun istefa verməsindən sonra iqtidara kimin gələcəyi sualı yaranıb. “Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar danışıqları kiminlə aparacaq? Baş nazir əvəzi Karen Karapetyan – texnokrat, Rusiyanın “Qazprom” şirkətində işləmiş rusmeyilli şəxs hakimiyyətə tam yiyələnə biləcəkmi? Karapetyanın iqtidara gəldiyi təqdirdə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara təsir göstərəcək. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi halında, onun təcrübəsizliyi ucbatından danışıqlar prosesinin nəticəsi fərqli olacaq”.
Kirakosyan, həmçinin vurğulayıb ki, müxalifət öz tələblərində yeni parlament seçkilərinin keçirilməsi və yalnız bundan sonra baş nazirin təyin edilməsinə israr edir.
Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev rəsmi Bakının Ermənistandakı yeni hakimiyyətlə birlikdə münaqişənin nizamlanmasına hazır olduğunu bildirərək əlavə edib: “Serj Sarkisiyanın hakimiyyətdən kənarlaşmasından sonra Ermənistanda yeni sağlam siyasi qüvvələrin iqtidara gələcəyinə ümid edirik. Sarkisyan rejimi dövründə Dağlıq Qarabağ münaqişənin həllində irəliləyiş mümkün olmayıb”.
Hikmət Hacıyev deyib: “Azərbaycanın Dağlıq Qarabağ ərazisində Ermənistan qoşunlarının mövcudluğu dünyanın və regionun təhlükəsizliyinə təhdiddir. Gərginliyə son qoyulması üçün onlar Qarabağ ərazisini tərk etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin Ermənistandakı sağlam siyasi qüvvələrlə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində danışıqlar aparmaqla həll etməyə hazırdır. Münaqişənin sürətli və dinc yolla nizamlanması dünyada və bölgədə davamlı sülhü təmin edəcək və regionalda hərtərəfli əməkdaşlığa imkan yaradacaq”.
Azərbaycan Milli Məclisinin deputatı, siyasi ekspert Rasim Musabəyov hesab edir ki, qısa perspektivdə Dağlıq Qarabağa dair danışıqlara Ermənistandakı proseslərin təsiri mümkün deyil: “Çünki Nikol Paşinyan Levon Ter-Petrosyana dəstək verənlərdən biri olub. Levon Ter-Petrosyan da dəfələrlə bildirib ki, Ermənistanı dalandan çıxarmağın yeganə yolu nə islahat, nə də inqilabdır. Yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Amma çox güman ki, İrəvanda hakimiyyət boşluğu ucbatından Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlarda ciddi irəliləyiş olmayacaq. Lakin uzunmüddətli perspektivdə iqtidar dəyişikliy Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”.
Tərcümə: Strateq.az