>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kuznetsovdan şok: “O, İrəvanın Elçibəyidir” – Qarabağ şantajı

Kuznetsovdan şok: “O, İrəvanın Elçibəyidir” – Qarabağ şantajı
Əgər Ermənistan hakimiyyəti Maydanda “bağırılsa” (elan olunsa), bu, o anlama gələcək ki, İrəvanda beynəlxalq arenada tanınan hakimiyyət yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Sosial Araşdırmalar İnstitutunun ekspertlər şurasının rəhbəri Qleb Kuznetsov “Vzqlyad” qəzetinə açıqlamasında deyib. O bildirib ki, belə olan təqdirdə Ermənistanı əhatə edən dövlətlərin İrəvana münasibətini icra etməsinə gərək qalmır:

“İrəvanda baş verən hadisələrə iki aspektdən yanaşmaq olar: Birinci odur ki, Paşinyan sadəcə alver edir. Digər tərəfdən isə onun Mixail Saakaşvili və ya Maydan (Ukrayna) yolu ilə getmək istədiyi düşüncəsi var. Mənim şəxsi qənaətimcə, ikinci amil daha güclüdür. Paşinyanı ciddi təhlükə kimi qəbul etmək lazımdır. Bizim uşaqlıqdan eşitdiyimiz bir aforizm var: İnqilabın başlanğıcı var, sonu yoxdur. Situasiya alışdı, insanlar həyəcanlandı, hakimiyyət öz zəifliyini göstərdi. Dövlət institutları möhkəm olmadığını nümayiş etdirdilər və bütün bunlar təəccübləndirir. Hadisələr istənilən ssenari üzrə hərəkət edə bilər, o cümlədən Ermənistan üçün ən pisi olar”.

Ekspert Ermənistanı və xalqı növbəti dəfə Azərbaycan faktoru ilə şantaj edib. Azərbaycan dövlətinin dəfələrlə bu mövzuda verdiyi rəsmi açıqlamalara və əvvəldən indiyədək İrəvan hadisələrini sadəcə müşahidə etməklə kifayətlənməsinə rəğmən, rusiyalı ekseprt Ermənistanın “daimi təzyiq altında” olduğunu xatırladaraq, aksiyaçıları dayandırmaq, bu ölkənin Rusiyanın nəzarətdən çıxmasına aparan prosesləri önləmək üçün bir daha Qarabağ kartını “yada” salıb:

“Əgər Ermənistan daxilində hakimiyyət iflasa uğrasa, onda o, “failed state” (kasıb, boş) ölkəyə çevriləcək. Əgər Ermənistan hakimiyyəti Maydanda “bağırılsa”, bu o deməkdir ki, İrəvanda dünya tərəfindən qəbul edilən hakimiyyət yoxdur. Və Ermənistanı əhatə edən dövlətlərin – xüsusən Azərbaycan və Türkiyənin – Ermənistana münasibətdə heç bir öhdəliklərini icra etməyə ehtiyac qalmayacaq. Hamımız yaxşı bilirik ki, Prezident İlham Əliyev hətta İrəvanı Azərbaycanın qədim şəhəri hesab edir. Başqa sözlə desək, söhbət təkcə Qarabağdan getmir”.

O, 1992-93-cü illərə ekskurs edərək, Azərbaycanın “möcüzəli şəkildə” uduzmasının “səbəbini” izah edib və Rusiyanın Azərbaycanda gedən hansı proseslərin nəticəsi olaraq Qarabağ və ətraf əraziləri işğal edib, Ermənistana verdiyini açıq-aydın deyib:

“İrəvandakı ikihakimiyyətlilik – biri parlamentdə, biri meydanda - konflikti dərhal alovlandıra bilər. Qanlar tökülə bilər və Ermənistan üçün sonu necə olar – heç kəs bilmir. Bakıda hakimiyyət zəif olanda Azərbaycan Qarabağda belə möcüzəvi məğlubiyyət yaşayıb. Həmin vaxt hakimiyyətdə eynilə bu cür (Paşinyan nəzərdə tutulur), dəlicəsinə fanatik, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy idi. O, dövləti nəzarətdə saxlaya bilmədi”.

Kuznetsov Paşinyanın Maydan (Qərbə inteqrasiya və Rusiyanın nəzarətindən çıxma) prosesinə reaksiyasında erməniləri hədələyib: “Hazırda vaxtilə Azərbaycanda olan prosesin əksi İrəvanda yaşanır və eyni vəziyyət (Azərbaycanın möcüzəvi məğlubiyyəti - red.) indi də bu tərəfdə ola bilər”.

Politoloq deyib ki, “xalq inqilabı” haqda çoxlu gözəl sözlər demək olar, ancaq məsələ bundadır ki, inqilab baş tutub, çünki hakim elita Sərkisyanın təkliflərindən imtina edib, onları ziyanlı və riskli sayıb:

“Beləliklə, Sərkisyandan ucuzca qurtulublar, ümid ediblər ki, bununla rejimin dizaynını sakitcə dəyişə biləcəklər. Hesablamışdılar ki, vətəndaşlar da bundan razı qalacaq və elita pakt imzalayacaq.

Plan yaxşı idi. Ancaq Paşinyan “yox əllə” oynayır. O, kiminləsə partnyorluq qurmağa, koalisiyaya getməyə hazır deyil. O deyir ki, xalq və özü var və xalqın təmsilçisi də özüdür”.

Kuznetsovun fikrincə, Paşinyan Maydan yaradır:

“Paşinyanın etdikləri əsl Maydandır ki var! Hələlik uğurlu deyil, çünki hakimiyyət kapitulyasiyaya imza atmır. Hakimiyyət müxalifətlə görüşə, növbədənkənar seçkiyə, hansısa simaları dəyişməyə hazırdır. Amma erməni elitası bütün riskləri anlayır. Onlar başa düşür ki, Ukrayna variantında Maydan Ermənistana Ukraynanın özündən daha ağır itkilərlə başa gələ bilər.

İnqilab nə ilə təhlükəlidir? Onunla ki, o, istənilən ölkədə gözlənilməz nəticələr doğurur. Təcrübə göstərir ki, belə vəziyyətlərdə heç də ən yaxşı insanlar qalib gəlmir”.

Qeyd edək ki, rusiyalı ekspertlər İrəvanda baş verən proseslərin Ermənistanı Rusiyanın nəzarətindən çıxaracağı ehtimalıdan ciddi narahatdırlar və buna qarşı aktiv fəaliyyət başlayıb. İrəvan hakimiyyəti ilə Kremlin təmasları ilə bərabər, rus ekspertlər də artıq bir neçə gündür aksiyaçıları Bakı ilə şantaj edir, erməniləri Qarabağda konfliktin “buzunun əriyəcəyi” və alovlanacağı ilə hədələyirlər.

Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə cəbhədə heç bir təxribata yol verilməyəcəyini, ancaq qarşı tərəfin təxribatının da qarşısının alınacağını bildirib. Azərbaycan XİN isə İrəvanda baş verən proseslərdə Azərbaycandan şantaj kimi istifadə edilməsinə qarşı çıxıb.