>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ATƏT-in yekun rəyi də mənfi olsa...

ATƏT-in yekun rəyi də mənfi olsa...
Ekspertdən maraqlı proqnoz

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının ölkələrdə keçirilən seçkilərlə bağlı yekun rəyinin ABŞ və əksər nüfuzlu Qərb dövlətləri üçün də seçkiyə qiymət məsələsində əsas götürüldüyü bəllidir. Təcrübə göstərir ki, Qərb dövlətləri sözügedən qurumun seçkilərlə bağlı rəyini dəstəkləyirlər.

Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərinə ATƏT DTİHB-nin müşahidə missiyasının açıqladığı ilkin rəy əsasən mənfi olduğundan Azərbaycan hakimiyyəti buna sərt reaksiya verib. Müşahidə missiyasının qərəzli, qeyri-obyektiv olduğu bəyan edilib. Belə olan halda, bu, Azərbaycanın Qərblə, əsasən də ABŞ-la münasibətlərinə mənfi təsir göstərə bilərmi?

Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva “Yeni Müsavat”a öncə bildirdi ki, çağdaş qlobal siyasətdə müxtəlif coğrafiyalarda keçirilən seçkilərin tənqid olunması və ya şübhə altına alınması kimi absurd bir qlobal trend müşahidə olunur:

“Seçkilərin tənqidi və ya şübhə altına alınması istər dövlətlərarası münasibətlərdə hökumətlərə, istərsə də ölkələr daxili iqtidar və ya müxalifət qruplarının müəyyən məqsədlər uğrunda bir-birinə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu heç kimə sirr deyil. Azərbaycanda keçirilən seçkilərin legitimliyi onun hər hansı xarici ölkə və ya təşkilat tərəfindən tənqid olunmasından və ya tanınmasından asılı deyil. Azərbaycanda seçkilərin legitimliyi yalnız seçicinin iradəsində asılıdır. ATƏT-in yekun rəyi də mənfi olsa, bu, Azərbaycanın Qərblə münasibətlərinə mənfi təsir göstərə bilər. ATƏT DTİHB-nin uzunmüddətli missiyasının seçki haqqında iki hesabatının bir-birinə zidd olduğunu, seçki günündən iki həftə öncə elan olunmuş aralıq hesabatdakı qeydlərin, seçkinin səhəri günü elan olunmuş ilkin rəydən kəskin fərqləndiyini diqqətinizə çatdırmaq istəyirəm. Həmçinin uzunmuddətli missiya üzvlərinin lokal mediada verdikləri müsahibələrdən onların seçki prosesindən və seçkidə iştirak edən namizədlərin siyasi mənsubiyyətindən, partiya namizədi və ya müstəqil iştirakçı olmasından və bəzilərinin hətta namizədlərin kişi və ya qadın olmasından xəbərsiz olmaq qədər məlumatsız olduğunun şahidi olduq. Azərbaycana ancaq seçkidən bir gün öncə səfər edən, ölkəyə girişləri qanunla seçki təbliğatının qadağan edildiyi sükut gününə təsadüf edən ATƏT-in, Avropa Şurası və ATƏT Parlament Assambleyalarının qısamüddətli müşahidəçilərinin siyasi plürializm, təbliğatda rəqabətlilik haqqında tənqidi dəyərləndirilməsinin ATƏT-in DTİHB-nun uzunmüddətli missiyasının aralıq dəyərləndirməsi ilə eynilik təşkil etməsi hər üç hesabatın öncədən hazırlanmış bir forma üzərində işlənməsi haqqında əminlik yaradır. ATƏT-in mənfi rəyinin Qərblə, xüsusi ilə ABŞ-la münasibətinin pozulmasına səbəb ola biləcəyi haqqında söyləyim ki, bu halın mövcudluğu siyasi bir yanaşma tələb edir. ATƏT DTİHB isə seçki və insan haqları sahəsində texniki məsələlərin icrası ilə məşğul olan qurumdur. Sırf seçki haqqında tənqidi rəyin dəyişdirilə bilməsi haqqında mənim əminliyim yoxdur. Ancaq əlavələrin olması labüddür. ATƏT-in seçkilərlə bağlı mənfi rəyinin Qərblə və xüsusi ilə ABŞ-la münasibətlərə müəyyən dərəcədə mənfi təsir göstərə bilər, lakin münasibətlərin pozulmasına səbəb ola biləcəyi ehtimalı yoxdur”.

Ekspert xatırlatdı ki, ATƏT-in DTİHB-nin 2013-cü il prezident seçkiləri ilə bağlı daha tənqidi hesabatından sonra qərblə münasibətlərdəki müşayiət olunan inkişaf tendensiyasının şahidi olmuşuq: “Qurumun rəyinin Avropa Birliyi ilə Azərbaycan arasında münasibətləri sərinləşdirməsini də istisna edirəm. Məsələ ondadır ki, AB ilə Azərbaycan arasında qarşılıqlı faydalılıq əsasında strateji tərəfdaşlıq sazişin imzalanması nəzərdə tutulur və ”Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ikitərəfli əlaqələrin inkişaf proqramları mövcuddur. ATƏT DTİHB-nin seçkilərlə bağlı mənfi rəyinin daha çox Avropa Parlamenti və AŞ PA-da siyasi və iqtisadi lobbi qruplarının əlində bir vasitəyə çevrilməsi bəzi dairələrin işinə yarayacaq. Belə qeyri-obyektiv və tənqidi rəy sərgilədiyinə görə ölkəmizlə ATƏT DTİHB arasındakı münasibətlərə zərbə vuracaq və böyük ehtimalla bu monitorinq qrupunu növbəti parlament seçkilərində fəaliyyəti olmayacaq".