>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Aygün Attar: Azərbaycanın sürətli inkişafı dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanır

Aygün Attar: Azərbaycanın sürətli inkişafı dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanır
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar ilə görüş keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurumun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, fondun əsas məqsədi əhalinin maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə daha dolğun çatdırılmasıdır. Bu istiqamətdə görülən işlərdən danışan O.Səmədov diqqətə çatdırıb ki, müxtəlif sahələrlə bağlı bilikləndirmə xarakterli layihələr müəyyən proqramlar əsasında həyata keçirilir. O, həmçinin azərbaycançılıq məfkurəsinin yayılması, Dağlıq Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də xaricdə təbliği, şəxsin fasiləsiz təhsili, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi ilə bağlı fondun reallaşdırdığı layihələrdən bəhs edib.

Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini deyən A.Attar maarifləndirmə missiyasının daşıyıcısı kimi, bu işlərə yaxından dəstək verməyə hazır olduğunu vurğulayıb. Hazırda Türkiyədə yaşadığını, elmi və ictimai fəaliyyətlə məşğul olduğunu söyləyən professor Azərbaycanın sürətli inkişafının dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılandığını bildirib. O, Bilik Fondunun ölkə xaricində apardığı maarifləndirici işlərə qoşulmaqdan məmnunluğunu vurğulayıb, bu qurumun “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində əməkdaşlığın səmərəli ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, A.Attar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda keçirilmiş konfransda iştirak etmək üçün Bakıda səfərdədir. O, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdikləri soyqırımları ilə bağlı tarixi həqiqətlərin üzə çıxarılaraq beynəlxalq elmi müstəvidə təqdim olunması, Azərbaycanın dünyadakı nüfuzunun təbliği istiqamətində araşdırmalar aparır.