>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ermənistan düşdüyü siyasi-iqtisadi bataqlıqdan çıxış yolu axtarışında

Ermənistan düşdüyü siyasi-iqtisadi bataqlıqdan çıxış yolu axtarışında
Erməni siyasətçi hakim rejimə od püskürdü: “Biz həll olunmamış Qarabağ konfliktinə görə siyasi-iqtisadi dalandayıq”; Levon Ter-Petsoyanın partiyası: “Müharibənin bitməsi Ermənistanın inkişafı və inteqrasiyası üçün yeganə yoldur...”

Dağlıq Qarabağ probleminin həllinə gətirməyən hər ötən il işğalçı Ermənistanın təcridini daha da gücləndirir, onun iqtisadi göstəricilərini bir az da pisləşdirir. Düşmən ölkə bataqlıq effekti kimi, tərpəndikcə ildən-ilə daha dərin iqtisadi-siyasi böhrana girir, ölkə daha sürətlə boşalır. Bunu təkcə biz demirik, biz yazmırıq. Erməni ekspertləri və siyasətçilərin özləri də car çəkir, hətta kriminal Sərkisyan rejiminə od püskürürlər. Bu da hakimiyyətə ünvanlı növbəti sərt ismarış.

“Ermənistan bölgədə dövlətlərarası iqtisadi əlaqələr mənzərəsində demək olar, sıfır yeri tutur. Bütün regional və beynəlxalq xətlər - nəqliyyat, dəmir yolu, neft-qaz, istənilən başqa kommunikasiya bizdən yan keçir. Ermənistan təkcə siyasi yox, həm də iqtisadi blokada şəraitindədir. Hər tərəf onun üzünə bağlıdır və heç bir regional layihədə o, iştirak eləmir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu müxalif “Ermənistan Milli Konqresi” Partiyası sədrinin müavini Aram Manukyan “Vestnik Kavkaza” nəşrinə işğalçı ölkənin hazırkı durumunu şərh edərkən deyib.

Erməni siyasətçinin sözlərinə görə, hətta Ermənistan hökuməti regional proqramlara həvəs göstərmir: “Yəni biz Qafqazda, sadəcə olaraq, mövcud deyilik. Özü də 20 ildən artıqdır ki, belə vəziyyət hökm sürür. Bu illər ərzində Ermənistandan yox, Gürcüstandan keçən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmir yolu da daxil, çox sayda layihələr bizdən yan keçib. İndi də ”Şimal-Cənub" və “İpək yolu”. Sanki biz bölgədə yoxuq. Ermənistan de-yure Qafqazdadır. Ancaq o, buradan keçən heç bir layihədə yoxdur. Biz iqtisadi anlamda dalandayıq, bu səbəbdən heç kəs Ermənistana pul qoymur. Əgər əvvəllər ildə 3-4 milyard dollar investisiya alırdıqsa, ötən il bu rəqəm cəmi 120 milyon dollar olub. Bu - heç nədir. Situasiyanı həm də korrupsiya daha da qəlizləşdirir. Bu vəziyyətdə heç bir normal adam öz pulunu Ermənistana qoymağa risk eləməz".

Partiya yetkilisi yaranmış vəziyyəti birbaşa həll olunmamış Dağlıq Qarabağ problemi ilə bağlayır: “Bəli, bu belədir. Müharibə ölkəni heç cür inkişaf etməyə qoymur. Axı iqtisadi inkişafdan ötrü sakitlik, stabil daxili siyasi və xarici siyasi vəziyyət lazımdır. Bizdə isə konflikt ucbatından belə bir şey yoxdur. Yarımmüharibə, yarımsülh - pul yatırmaq üçün məqbul mühit deyil. Ermənistan üçün ən böyük təhdid - həll olunmamış Dağlıq Qarabağ problemidir. Bu problemi həll eləmək lazımdır. Keçən il, parlament seçkilərinə gedərkən də onun həllini biz öz siyasi proqramımızda 1 nömrəli məsələ kimi qoymuşduq. Yalnız bizim partiya konfliktin nizamlanmasına dair proqramla çıxış eləmişdi. Biz başa düşürük ki, müharibənin bitməsi - Ermənistanın inkişafı və inteqrasiyası üçün yeganə yoldur”.

“Belədirsə, o zaman Ermənistan regional iqtisadi əməkdaşlıqda öz mövqeyini möhkəmlətmək üçün hansı addımlar ata bilər” sualına belə cavab verib: “Bundan ötrü Qarabağ probleminin nizamlanması, siyasi və diplomatik səylərin artırılması, status-kvo məsələsinin həlli tələb olunur. Fikrimcə, bizim xalqımız ən vacibi budur - 24 ildir olduğumuz dalan vəziyyətindən çıxmaq. Belə davam edə bilməz. Qarabağ uğrunda müharibə cəmi iki il olub, amma o vaxtdan 24 il keçib və müharibəsonrası konflikt situasiyası heç yerə dəyişmir. Bu da xalqları və dövlətləri əldən salır, ölkələrə inkişaf üçün mane olur. Bu situasiyadan, bu çuxurdan çıxmaq lazımdır. Əgər Qarabağ münaqişəsini nizamlamaq müyəssər olsa, o zaman bizim Azərbaycan və Türkiyə ilə sərhədlərimizin açılması məsələsi də həllini tapacaq. Türkiyə və Azərbaycan Dağlıq Qarabağ konflikti və sərhədlərin açılması məsələsində yekdildir və bu istiqamətdə həmahəng işləyir. ”Erməni Milli Konqresi" bütün qonşularla yaxşı əlaqələrin, xüsusən də yaxşı iqtisadi əlaqələrin tərəfdarıdır. Nədən ki, bu, bizim ölkənin inkişafını təmin edəcək", - deyə erməni müxalifətçi sonda bildirib.

*****

Nə əlavə eləmək qalır? Əlbəttə ki, Levon Ter-Petrosyanın partiyadaşı haqlıdır. Ancaq əfsuslar olsun ki, bu yanaşma Ermənistanın siyasi isteblişmentində hələ ki aparıcı deyil. Kriminal Sərkisyan rejimi erməni xalqının ən ümdə maraqlarını çoxdan öz klanının maraqlarına qurban verib. 20 il öncə - 1998-ci ildə Ter-Petrosyan hakimiyyətini də “Qarabağ klanı” məhz bu məqsədlə devirmişdi - problem illərlə uzansa da öz qrup maraqlarını təmin eləmək.

Çünki Sərkisyan iqtidarının Qarabağla bağlı əsassız, maksimalist və absurd tələblərini Azərbaycan tərəfi heç vaxt qəbul eləməyəcək. Bunu hamıdan yaxşı elə Serj Sərkisyanın özü bilir. Lakin Xocalı hərbi canisi gerçəyi etiraf edib konstruktiv mövqe tutmaqdan qorxur. Əks halda, erməni xalqı ona haqlı suallar ünvanlayacaq: elə isə problemin konstruktiv, mərhələli həllini təklif edən Levon Ter-Petrosyanı zorla hakimiyyətdən salmağa, münaqişə zonasında bunca əlavə gənc insanları qurban verməyə, bunca sosial-iqtisadi iztirablara, nəhayət, ölkəni Rusiyanın ucqar quberniyasına çevirib bütün iri regional iqtisadi və nəqliyyat layihələrindən təcrid edilməyə və ağır blokada şəraitində yaşamağa dəyərdimi? Dəyməzdi, təbii ki...

*****

Azərbaycan isə heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq. Bu sözləri axar.az-a açıqlamasında deputat Asim Mollazadə deyib. Onun sözlərinə görə, Bakı real danışıqlara hər zaman hazırdır.

“Dövlət başçısı əslində bir neçə gün öncə həqiqətləri açıqladı ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal siyasətinin bu şəkildə davam etdirilməsi yolverilməzdir. Bu, beynəlxalq ictimaiyyətə mesaj idi ki, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycana qarşı ərazi iddiaları planını həyata keçirmək istəyirlər. Bunu yaxşı bilən prezident YAP-ın qurultayındakı çıxışı ilə Azərbaycana qarşı sözügedən planın məhvinə işarə verdi. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq” - o qeyd edib.

Deputat bildirib ki, seçkilərdən sonra danışıqlar prosesi davam etdiriləcək. “Çünki Azərbaycana böyük strateji layihələrini həyata keçirməsi üçün bölgədə təcili sülh və sabitlik lazımdır. Azərbaycanın heç kimə ərazi iddiaları yoxdur və heç vaxt da torpaqlarının işğalı ilə barışmayacaq”, - deyə o əlavə edib.