>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nalbandyan “torpaqların qaytarılması” bəyanatına "aydınlıq" gətirib

Nalbandyan “torpaqların qaytarılması” bəyanatına "aydınlıq" gətirib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onun bir neçə gün əvvəl Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasına dair Ümumerməni forumunda verdiyi bəyanat kontekstdən çıxarılıb.
Xatırladırıq ki, Rusiyanın İnterfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də demişdi ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.
Sentyabrın 18-də Yerevanda keçirilən 6-cı ümumerməni “Ermənistan-Diaspor” forumunda çıxış edən nazir bunu da bildirmişdi: "Burada söhbət o ərazilərin qaytarılmasından gedir ki, bu, təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək”.
Nalbandyan bunun ardınca əlavə etmişdi: "Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışqılar pozular”.
İndi isə Ermənistan XİN-in sentyabrın 22-də verdiyi məlumata görə, nazir sözügedən forumda verdiyi bəyanata “daha təfərrüatlı aydınlıq” gətirmək istəyib.

Nazir deyib: “Mən Qarabağ probleminin tənzimlənməsinə dair Minsk qrupuna həmsədr ölkələrin liderlərinin bəyanatlarında olduğu kimi üç məlum prinsipdən və 6 elementdən danışmışam. Bu prinsip və elementlər həmsədrlərin özlərinin də dedikləri kimi, işlənib və tərəflərə tam vahid kimi təqdim olunub. Buradan hansısa prinsipin və ya məsələnin çıxarılması nizamlamanı mümkünsüz edəcək. Azərbaycan uzun illərdir ki, məhz bunu edir”.

Nalbandyan daha sonra deyib: “Ermənistan prezidentinin iki gün əvvəl BMT tribunasından dediyi kimi burada mühüm məsələ Dağlıq Qarabağın statusudur. Əgər status məsələsi həll olunsa, qalan məsələlər ədalətli və məntiqli şəkildə çözülə bilər, çünki bu məsələlər ikinci dərəcələdir. Mən dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirəm. Bütün bu məsələlərin həlli yalnız Dağlıq Qarabağın iştirakı ilə mümkündür”.

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, bir çox təhlilərin fikrincə, Nalbandyanın bu son bəyanatlarından əvvəl onun üzərinə Ermənistanın bəzi siyasi dairələrindən güclü təzyiqlər olub.
Ermənistan xarici işlər nazirinə tutulan iradları Ermənistan Milli Məclisi xarici əlaqələr komissiyasının keçmiş sədri Hovannes İgityan dilə gətirib.
İgityan deyib ki, “ola bilsin, Nalbandyanın torpaqların qaytarılması haqqında belə bəyanatlar verməsinə Lavrovun ona zəng etməsi səbəb olub”:
“Belə hallar keçmişdə də olub. Lavrovun özünün də dediyi kimi, Edvard Nalbandyan Lavrovun zəngi ilə bəyanatlar verib”.