>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Paşinyan hakimiyyətə gələndə bizim rəsmilər sevinirdilər..." -İlyas İsmayılovdan sərt sözlər

"Paşinyan hakimiyyətə gələndə bizim rəsmilər sevinirdilər..." -İlyas İsmayılovdan sərt sözlər
“Paşinyan Şuşanı Ermənistanın faktiki ikinci paytaxtı elan etdi”
"Demokratik qüvvələri yox etməyə sərf olunan enerji separatizmlə mübarizəyə yönədilsəydi..."


“30 ildir Qarabağ erməni işğalı altındadır. Azərbaycan hakimiyyəti isə bütün gücünü müxalifətlə mübarizəyə həsr edib. Demokratik qüvvələri yox etməyə sərf olunan enerji separatizmlə mübarizəyə yönədilsəydi, bu məsələ çoxdan öz həllini tapmışdı”.

Moderator.az Ovqat.com-a istinadən xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov son zamanlar Qarabağ ətrafında baş verən hadisələri şərh edərkən deyib.

Partiya sədrinin fikrinincə, Qarabağ problemi bu gün dövlətimiz qarşısında dayanan ən ümdə məsələdir və hakimiyyət bütün xalqı səfərbər edib torpaqlarımızı erməni işğalından qurtarmalıdır:

“Özgə vaxt Türkiyədən söhbət düşəndə “bir millət, iki dövlət” deyirlər. Heç olmasa, bu məsələdə Türkiyədən nümunə götürsünlər. Türkiyə öz ərazi bütövlüyünü təhdid etdiyi üçün hətta qonşu dövlətin ərazisində hərbi əməliyyatlar keçirir, dünyanın ən böyük dövlətlərinin etirazlarına, hədələrinə əhəmiyyət vermir. Azərbaycan hakimiyyəti isə öz torpaqlarımızın işğal altında qalmasına susur, bütün məsuliyyəti buna laqeyd qalan beynəlxalq birliyin üzərinə atır. O zaman hansı haqla “bir millət, iki dövlət” şüarıyla özlərini Türkiyə hakimiyyətiylə eyniləşdirirlər? Azərbaycan xalqı Türkiyə xalqıyla, sözsüz ki, eyni millətdir. Amma Azərbaycan hakimiyyəti də bu bütünlüyü layiqincə yerinə yetirmək üçün öz xarakterini Türkiyə hakimiyyətinə yaxınlaşdırmalıdır”.

Ümumiyyətlə, hakimiyyətin 25 ildən artıqdır Qarabağ məsələsinin həllində beynəlxalq aləmdən mədəd uman siyasətinin kökündən yanlış olduğunu düşünən İlyas İsmayılova görə, Azərbaycan xalqı bu problemi öz daxili gücü hesabına həll etməlidir:

“Hakimiyyət isə problemin həllini ATƏT-in Minsk qrupuna həvalə edib. Halbuki, bu yolla problemin həllini gözləmək ilk gündən əbəs idi. Əvvəla, ona görə ki, ATƏT-in Minsk qrupunun çıxaracağı qərarlar imperativ xarakter daşımır. Onlar yalnız tövsiyə verə bilərlər və bu tövsiyələrin həyata keçib-keçməməsi münaqişə tərəflərindən asılıdır. Ermənilərin həmin tövsiyələrə əməl etməyəcəyi isə ilk gündən bəlli idi və şəxsən mən bir hüquqşünas alim, bir partiya lideri kimi bunu dəfələrlə hakimiyyətin nəzərinə çatdırmışam.

İkincisi, ona görə ki, ATƏT-in Minsk qrupunun qəraralma mexanizmi konsensus prinsipinə əsaslanır və onun hər bir üzvünün fərqli maraq dairələri var. Sözsüz ki, bu fərqli maraq dairələrindən vahid mövqenin ortaya çıxmasını gözləmək yersizdir.

Üçüncüsü, ona görə ki, Minsk qrupunun üzvlərinin hamısı ermənilərə daha yaxındır. İstər ABŞ-dakı, istər Fransadakı güclü erməni lobbiləri həmin ölkə nümayəndələrinin problemin həllinə ədalətli yanaşmasının qarşısını alır və bu əvvəldən də bəlli idi. Minsk qrupunun digər üzvü Rusiyadan isə heç danışmağa dəyməz. Məlumdur ki, bu problemi Cənubi Qafqaza nəzarət etmək üçün Rusiyanın özü yaradıb və konfliktin davamında maraqlıdır. Belə vəziyyətdə hakimiyyətin guya sülh yoluyla problemin həlli siyasəti Azərbaycan xalqına yalançı ümid verməkdən başqa bir şey deyil”.

Problemin yeganə həllini hərb variantında görən İlyas İsmayılovun fikrincə, buna Azərbaycanın həm hərbi qüdrəti, həm də beynəlxalq konvensiyalardan gələn suverenlik hüquqları çatır:

“Qarabağ Azərbaycanın sərhədlərinə daxil olan ərazisidir və bu, dünya birliyi tərəfindən də tanınıb. Bu ərazilərin ermənilər tərəfindən işğal olunması ilə bağlı BMT-nin 4 mühüm qətnaməsi var və hakimiyyət bu qətnamələri əsas gətirib Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilər.

Azərbaycan ordusu da, xalqımız da bu tarixi vəzifəsini yerinə yetirmək əzmindədir. İki il əvvəl – 2016-cı ilin aprel döyüşlərində xalqımızın Qarabağ məsələsində necə səfərbər olunduğunu bütün dünya gördü. Qısa zaman ərzində çox mühüm strateji əraziləri işğaldan azad etdik. Təəssüf ki, hakimiyyət bu əzmini uzun müddət davam etdirə bilmədi. 4 gündən sonra Rusiyanın çağırışı ilə erməni tərəfi ilə eyni masaya oturub atəşkəsi bərpa etmək sazişinə qol çəkdi. Halbuki, çətin vəziyyətə salınmış ermənilər qarşısında çox mühüm şərtlər qoyula və ərazilərimizi işğaldan azad edə bilərdik”.

Hakimiyyətin müdafiə siyasətinin düzgün qurulmadığını vurğulayan Ədalət sədri fikrini Qarabağ döyüşçülərinə göstərilən laqeydsizliklə əsaslandırdı: “Hər bir dövlət öz ərazi bütövlüyü uğrunda həlak olan, ağır yaralanan və ya döyüşən igid oğullarına xüsusi diqqət yetirir. Şəhid ailələri dövlətin himayəsi altına alınır, yaralılar, əlillər ən müasir xəstəxanalarda dövlət hesabına müalicə və ömür boyu pulsuz dərmanla təmin olunurlar. Qazilərin igidliyi cəmiyyətdə təbliğ edilir və onların həyat səviyyəsi yaxşılaşdırılır. Bu, ilk növbədə xalqın öz topraqları uğrunda döyüşməsini təşviq etmək üçün lazımdır.

Bizdə isə Qarabağda əlil olan döyüşçülərimiz dərmanlarını ala bilməyəcək vəziyyətdədirlər. Yaşadıqları əziyyətlərə dözə bilmədiklərindən intihar edənlər var. Azərbaycanın sərvətləri isə bir ovuc korrupsioner məmurlar tərəfindən talanır. Təsəvvür edin ki, işdən çıxarılan nazirlərin hakimiyyətdə olduğu müddətdə mənimsədikləri vəsaitlər milyardlarla dollarla ifadə edilir. Bu qədər məbləğ Ermənistanın illik büdəsindən belə çoxdur. Bir zamanlar bizim hakimiyyət nümayəndələri ordumuza hər il ayrılan vəsaitin Ermənistan büdcəsindən 2 dəfə çox olmasıyla qürur duyurdular. İndi məlum olur ki, nəinki ordumuzun büdcəsi, hətta ortabab nazirimizin varidatı da Ermənistan büdcəsindən çoxdur. Bununla belə, dövlət ərazilərimizin 20%-i erməni işğalı altındadır. Düşmənindən dəfələrlə varlı nazirlər tərəfindən idarə olunan bir dövlətin bu hala düşməsi hakimiyyətin öz işinin öhdəsindən layiqincə gələ bilməməsindən qaynaqlanır”.

Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da zəiflədiyini düşünən həmsöhbətimizə görə, bu, ilk növbədə qonşumuzun demokratik imic qazanmasıyla bağlıdır:

“Bəllidir ki, dünyanın aparıcı dövlətləri xarici siyasətlərini qurarkən, bir çox amilləri nəzərə alırlar. Bunlardan biri də mədəni yaxınlıqdır. Ermənistan xristian dövlət olaraq Qərb ölkələrinə bizdən bir köynək onsuz da yaxındır. İndisə daha demokratik dövlət imici qazandı. Biz isə mübahisəli seçkilərlə və müxaliflərə tutulan divanla qeyri-demokratik imicimizi möhkəmləndiririk. Təsadüfi deyil ki, Paşinyan bu gün həm Rusiya, həm də ABŞ tərəfindən daha hörmətlə qəbul edilir. ABŞ Ermənistanın inkişafı üçün milyonlarla dollar vəsait ayırır. Rusiya Ermənistanı əldən buraxmamaq üçün ona güzəştli kreditlər, müasir silahlar verir. Azərbaycan hakimiyyətinin isə hətta öz mövqeyini möhkəmləndirmək üçün verməyə çalışdığı rüşvət belə, qəbul olunmur. AŞPA-dan nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun qovulması da bunun nəticəsidir. Təsəvvür edin ki, hakimiyyət xarici diplomatlara rüşvət verdiklərini belə, gizlətmək istəmir, bunu lobbiçilik fəaliyyəti kimi izah etməyə çalışır. Prezident Administrasiyasının aparıcı şəxsi mətbu orqanların qarşısına çıxıb “kim qonaqlara hədiyyə vermir?”,- deyir. Halbuki, verilən həmin hədiyyələr arasında təkcə kürü, dollar və s. yoxdur. Həm də xalqımızın adına ləkə gətirən peşkəslər də var”.

İlyas İsmayılova ən ağır gələn isə odur ki, Qarabağ bizim dədə-baba yurdumuz olduğu halda, Ermənistan hakimiyyəti oraya daha çox can yandırır:

“Mətbuatdan oxudum ki, Paşinyan öz oğlunu Qarabağda ön cəbhəyə əsgərliyə göndərir. Bizim məmurların övladları isə nəinki əsgərlikdən yayınırlar, hətta Qarabağda ölümlə çaprışan kasıb ailələrinə ayrılan vəsaitləri mənimsəyən atalarının oğurluqları varidatın, korrupsiya əməlləri sayəsində əldə etdikləri sərvərin hesabına xaricdə və ölkəmizdə at oynadırlar”.

“Kasıbın oğlu səngərdə, varlının oğlu komfort içində” anlayışıyla Vətən müdafiəsinin mümkün olmadığını düşünən İlyas İsmayılov bunun heç bir ədalətə və dövlətçilik ənənələrinə sığmağına inanmır və ölkə rəhbərlərimizi heç olmasa bəyənmədiyimiz SSRİ təcrübələrindən nəticə çıxarmağa çağırır:

“Sovet hakimiyyəti II Dünya müharibəsində ona görə güclü düşmənə qalib gəldi ki, Vətənin müdafiəsi hər kəsin – idarə edənin də, idarə olunanın da şərəf borcuna çevrilmişdi. Hətta Stalin belə, öz övladını cəbhədən yayındırmamışdı. Faşistlərə əsir düşən oğlunu generalla dəyişməkdən imtina etmişdi”.

İlyas İsmayılova görə, Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində o qədər çarəsizdir ki, ümidini absurd xəyallara bağlayır:

“Bilirsiniz ki, Paşinyan hakimiyyətə gələndə bizim rəsmilər sevinirdilər. Xalqda belə bir illuziya yaratmağa çalışırdılar ki, guya, Ermənistanın yeni Baş naziri demokratdır, beynəlxalq hüquq normalarını mənimsəyib, üstəlik, o, qarabağlı da deyil, Qazax rayonunun qonşuluğunda yerləşən İncivandandır. Deməli, Qarabağ məsələsində rahatlıqla güzəştə gedəcək, özü öz xoşuyla işğal olunmuş ərazilərdən çəkiləcək. Bu absurd xəyalların puça çıxması uzun çəkmədi. Paşinyan nəinki Qarabağdan geri çəkilmək niyyətini ortaya qoymadı, hətta andiçmə mərasimini Şuşaya saldı. Bununla da Şuşanı Ermənistanın faktiki ikinci paytaxtı elan etdi. Bizim Xarıcı İşlər Nazirliyi isə olduqca qorxaq bir üslubla Paşinyana beynəlxalq hüquq normalarını xatırlatdı və onu bu cür qürurqırıcı addımlar atmamağa çağırdı”.

Məsələnin həllini istəməyən Paşinyanın danışıqlar prosesində terrorçu-separatçılarının da iştirakını təklif etdiyini xatırladan İlyas İsmayılov işğal olunmuş Azərbaycan rayonlarına erməniləri məskunlaşdırıldığını qeyd etdi:

“Bu məlumatları eşidəndə adamın ürəyindən qanlar axır”.

Azərbaycan hakimiyyətinin bundan əvvəl də yalançı proqnoz və illuziyalarla xalqı aldatdığını deyən Ədalət sədrinin fikrincə, bir neçə il öncə, guya, Rusiyanın yardımıyla 5 rayonumuzun qaytarılacağı bildirilirdi:

“Guya, Sərkisyan da bununla razılaşmışdı. Amma sonunda Ermənistan hökumətinin belə bir niyyətinin olmadığı ortaya çıxdı. Şəxsən mənim fikrimcə, Qarabağın işğaldan azad olunmasının bir yolu var – müharibə. Dünya tarixində indiyə qədər sülh danışıqlarıyla qalib ordunu işğal etdiyi ərazilərdən çıxarmaq təcrübəsi yoxdur. Sülh danışıqlarında əldə ediləcək uğur meydan müharibələrində qazanılacaq zəfərlə əlaqədar olur. Yalnız zəfər qazanmış tərəflər məğlub tərəfi buna məcbur edə bilər. Azərbaycan isə hələ ki, məğlub tərəf statusundan yaxasını qurtara bilməyib. Nə zamana qədər ki, Qarabağın böyük hissəsini alıb öz həqiqi üstünlüyümüzü ermənilərə sübut etməmişik, onların işğal ərazilərini boşaltmasına da ümid bağlaya bilmərik. Ermənilər məğlubiyyətlə barışacaqları və torpaqlarımızı geri qaytarmayacaqları təqdirdə Azərbaycan ordusunun İrəvana qədər irəliləyəcəyinə inandıqları zaman bizimlə razılaşa bilərlər. Buna görə də Qarabağ probleminin yeganə həll yolu müharibədən keçir”.