>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“O, mənim dayım deyil, yalan sözdür”

“O, mənim dayım deyil, yalan sözdür”
Müğənni Zamiq Hüseynovun “Qafqazinfo”ya müsahibəsi:
- Azərbaycanda hamıda belə fikir formalaşıb ki, gənclər musiqi üçün heç nə etmirlər. Amma siz “Kaman”ı elə ifa etdiniz ki, Azərbaycanda hələ də yaxşı səslərin olduğunu, amma onlara qarşı laqeyd olduğumuzu düşündük. “Kaman”ın yaradıcılığınızda yeri nədir? İlhamə Quliyevadan sonra o mahnını oxumaq sizə çətin deyil ki?
- Azərbaycanda fərqli zövqlü dinləyicilər-caz, estrada, muğama qulaq asanlar var. Həmçinin beş günlük mahnılara da qulaq asanlar az deyil. “Kaman” elə bir mahnı oldu ki, onların hamısını bir yerə topladı. Bütün dinləyici kütləsi bu mahnını sevdi. Bilirsiniz ki, bu mahnını İlhamə Quliyeva oxuyub. Bəzən qulağıma çatır ki, Zamiq hardasa deyibmi, bu mahnını kim ifa edib? Ümumiyyətlə, bu mahnı yaranan gündən bütün çıxışlarımda çalışıram ki, bunu qeyd edim. Çünki bunu demək borcumdur. Bu mahnının möhürünü İlhamə xanım vurub, biz isə bu mahnıya yeni nəfəs vermişik. “Sən necə də gözəlsən” mahnım əsrlər boyu səslənəcək. Yüz il sonra da bu mahnı oxunanda yeni mahnıymış kimi dinləyəcəklər. “Kaman”ı bir gecəyə hazırlamışıq. Saat 10-da başlayıb 12-də bitirmişik. Həyatımda elə bir şey olmayıb ki, bir günə aranjiman bitsin, iki saata səs yazılsın. Belə bir şey olmayıb, kimə desən gülməyi gələr. Deməli, bu mahnının qismətində bu var imiş. Böyük sənətkarlardan sonra bu mahnıları ifa etmək böyük məsuliyyət tələb edir. Amma mənə dedilər ki, İlhamə xanımın xatirəsinə albom hazırlanır, müğənnilər İlhamə xanımın repertuarından olan musiqiləri ifa edir və istəyirik ki, bir mahnını da siz ifa edəsiniz. Hansı mahnının adı çəkildisə dedilər ki, bunu artıq seçiblər. Mən də dedim ki, axırıncı mənə deyəcəkdinizsə heç deməzdiniz. Axşam baxanda qarşıma “Kaman” çıxdı. “Kaman”a qulaq asa-asa beynimdə bu ritm səsləndi. Mənim anarjimançı dostlarım çoxdu. Beləcə, bu mahnı hazır oldu.
- “Cənnətimsən” mahnısını “Kaman”a bənzədirlər. Ona görəmi bu mahnıya üstünlük verdiniz ki, “Kaman” kimi uğur gətirsin?
- Aranjiman baxımından ola bilər. Çünki musiqidə saz da var idi. Sanki “Kaman”a bənzərlik kimi elədik. Dedim bəlkə bu da yaxınlaşar ona. Amma baxırsan ki, “Kaman” başqa bir şey idi. “Cənnətimsən” mahnısının bəstəsi mənə aiddir, sevə-sevə ifa etmişəm. Dinləyicilər də bildirir ki, çox yaxşı mahnıdır.
- “Kaman”, “Elnarə” kimi mahnıların ikinci ifaçısı olsanız da, öz mahnılarınızdan daha populyar oldu. Bu, nə ilə bağlıdır?
- “Elnarə”ni kanalların birinin yeni il proqramında köhnə aranjimanda oxudum. Sonra baxdım ki, dinləyicilərim izləyirlər. Fikirləşdim ki, yenidən aranjiman olunsun. Çünki istəməzdim ki, mahnı köhnə aranjimanda populyar olsun. Orada da vaxt az idi deyə, çatdırma bilmədik.
- Siz Azərbaycanda tez-tez klip çəkən müğənnilərdənsiniz. Həm də kliplərinizdə bir çox həmkarlarınızın risk etmədiyi səhnələrə çəkilirsiniz. Azərbaycan izləyicisində illər əvvəlki “Uçduq” klipində olan açıq səhnələrə olan reaksiyanın dəyişdiyini hiss edirsiniz?
- Bir foto paylaşsaq, şərhlərdə yazılacaq ki, “Zamiq super, ela, bəyəndik” və yaxud da əksinə “ vay-vay, biabırçılıq” və sair. Üç min, beş min şərh və hamısı da biri-birinin arxasıyca nə gəldi yazır. Bəzən insanlar öz fikirləri ilə yanaşmırlar. Yıxılıbsa vuraq, yaxşıdırsa tərifləyək. Saya baxırlar ki, neçə nəfər yazıb. İşi alqışlamaq lazımdır, riskli də olsa, nə olursa-olsun, insan iş görübsə, əlbəttə onu tənqid etmək olar. Məsələn, bu kadrı sevmədim, bu, belə olsaydı yaxşı olardı. Çox yüngül və gözəl yanaşmaq lazımdır. “Uçduq” klipi bu gün olsaydı, daha çox tənqid olunardı. Bəzən görürəm ki, səhifənin aşağısında şərhlərdə söyüş də yazırlar. Mən baxıram və bunu yazan insanlara yazığım gəlir. Bu gün bir şeyi bəyənmirsə, demir bəyənmirəm, birbaşa təhqirə keçir. İstəyirəm ki, o insanları hər yerdə bloka atsınlar. İnsanları təhqir edib alçaldıcı sözlər demək olmaz. Sən kimsən ki, insan haqqında çox ağır söz yazasan. Amma inanıram ki, hər şey yaxşı olacaq. Buna həmişə inanmışam. Müxtəlif dinləyici kütlələri var. Amma mən çalışacam ki, həmişə Zamiq kimi oxuyum.

- Kənardan görünür ki, şou-biznesdə heç kəslə əlaqəniz yoxdur. Sizi sevmirlər, yoxsa siz onları sevmirsiniz?
- Sənətdə sevdiyim insanlar çoxdur. Ancaq paxıl, gözügötürməyən insanlar da var. Bunların hamısının içində olmaq və yaxşı baş çıxarmaq da çox çətindir. Mən sənətkara qiymət verən insanam. İfaçının xasiyyətinə yox, ifa etdiyi mahnısına qiymət verirəm. Mahnıya qulaq asanda o dəqiqə xasiyyəti yadımdan çıxır. Amma musiqi bitəndən sonra o müğənnini necə tanıyıramsa, elə də gözümdə canlanır. Sənət aləmində dostum çox azdır. O demək deyil ki, heç kəsə inanmıram. Yox! Sadəcə, illərdir baxdım ki, məni istəyən insanlar azdır və gözügötürməyən insanlar çoxdur. Təmiz insanlar azdır və onlar nə qədərdirlərsə, hamısı mənim yanımdadır. Məni sevməyənlə necə oturub-durum? Və mən baxıram ki, kim məni sevmirsə, təmiz yanaşmırsa, ondan uzaqlaşıram. Ona görə kənardan elə görünür ki, Zamiqin çox dostu yoxdur. Amma əslində çox dostlarım var. Sadəcə, mən sevgimi, istəyimi instaqramdan bildirim, xoş sözlər yazım yalandan. Bu, məndə yoxdur. Amma belə görünür ki, Zamiqin dostu yoxdur, deməli belə olmalıdır.
- Hamı sizi eqosu yüksək biri kimi tanıyır. Kənardan belə görünür, yoxsa özünüz belə obraza girirsiniz?
- Mən uşaqlıqdan seçilməyi sevmişəm. Bu da özündən razılığa, özünü sevməyə gətirib çıxarır. Bir insan özünü sevməsə, başqalarını sevə bilməz. Və bir insan özünə baxmırsa, öz geyiminə, təmizliyinə diqqət eləmirsə, o insan o birilərinə də baxmayacaq. Özümdən niyə razı olmayım?! Məni tanıyanlar deyir ki, biz sənin barədə belə düşürdük, amma yanılmışıq. Mənfi enerji aldığım insanlardan mən uzaqlaşıram, gözləmirəm ki, onlar məndən uzaqlaşsın.
- Azərbaycanda bugünkü azarkeşlər bizim müğənnilərə azarkeşlik etməyi sanki özlərinə sığışdırmırlar. Türkiyədən isə hər hansı müğənni gəldikdə ona münasibət tamam başqa cür olur. Sizcə, pərəstişkarlar öz müğənnilərimizə qarşı niyə komplekslidir?
- Sözün düzü, mən bu barədə çox fikirləşmişəm. Doğrudan da niyə belədir? Bəlkə biz onlara çox adi gəlirik. Bəlkə biz çox gözə görünürük. Hərdən özüm də fikirləşirəm ki, bunu necə etmək olar?! Amma baxıram ki, yox. Belə bir şey olmuşdu. Kənan Doğulu Bakıya gəlmişdi. Yerli müğənnilər də yanında oturmuşdu. Bütün mikrofonlar Kənan Doğulunun qabağına qoyulmuşdu. Ancaq ona suallar verirdilər, bizimkilər də qalmışdı kənarda. Bu, xoşuma gəlmədi. Amma mən özümünkünü hamıdan çox istəyirəm. Öz müğənnimi heç bir əcnəbi müğənniyə dəyişmərəm. Xaricdə olanda dostlarımla da mübahisəm olub ki, azərbaycanlının ən pisinin belə qadasını alım. Mən istəyirəm ki, özümüzü öndə tutaq və öndə görək. Bizim musiqimiz dünyada öz yerini tapmış musiqidir. Hər zaman çalışmalıyıq ki, özümüzünkünü hamıdan çox alqışlayaq.

- Siz Naxçıvanda fanat sevgisi ilə qarşılaşdız. Görüntülərdən belə hiss etdik ki, özünüz belə təəccübləndiz. Doğru müşahidə etmişikmi?
- 10 gün öncə mənim Naxçıvanda konsertim oldu. Mən orada onlara dedim ki, siz dünyanın ən gözəl insanlarısız. Çəkiliş qrupu da bizimlə getmişdi. Onlar da deyirdilər ki, heç vaxt belə alqış görməmişik. Onlar alqışla demək istəyirdilər ki, məni yola vermə, konsertə gəlmişik və daha yaxşısıni bizə ver. Doğrudan da fikirləşdim ki, belə olmaz e, bunlar məndən nəsə istəyirlər. Gördüm ki, elədikcə daha çox alqış gəlir. Amma bəzi konsertlər də olur, onlar fikirləşirlər ki, əşşi biletin pulunu vermişəm, xeyir ola əl çalmalıyam?! Amma mən həmişə demişəm ki, yekə-yekə gəzən insanlar kompeksli və zəif insanlardır. İnsan rahat olmalıdır. ¬Konsertə niyə gedərlər? Oxumağa, deməyə, gülməyə. Hər zamanın, hər yerin ona uyğun dadını çxarmaq lazımdır. Çünki bu dəqiqədən bir də olmayacaq k,.. Üç-dörd il qabaq bizim bir konsertimiz də olmuşdu. Röya, mən, Sevda – üçümüz bir yerdə konsert vermişdik. Yəni mən onun qədər gözləyirdim. Amma sözün düzü, bu qədərini gözləmirdim. Mən onları alqışlayıram. Musiqiçiyə, aktyora ruh verən alqışdır. Bu alqış olanda inanın ki, daha böyüyünü sizə verəcəklər.
- 10 ildən çoxdur sənətdəsiniz. Amma hələ də sizi, sizdən sonra gələnləri “gənc nəsil” adlandırırlar. Bununla da “gəncləri” sanki ciddi qəbul etmirlər. Azərbaycanda bu gün gənclərə etibar etmirlər. Niyə?
- Əslində, bu, heç vaxt xətrimə dəyməyib. Biz böyüklərin yanında gəncik. Amma gəncik deyə, “onların sözü lazım deyil”, - deməməlidirlər. Yox. Biz öz gəncliyimizi, kiçikliyimizi bildirməliyik ki, böyük sənətkarlara dəstəyik, onlardan öyrənirik. Çalışacağıq ki, onların izləri ilə gedib davam etdirə bilək. Amma elə böyüklər də var ki, bundan istifadə edir, o gənci qapazaltı da edir, sözünü də kəsir. “Sən ümumiyyətlə fikir söyləmə, mən olan yerdə kimsən ki, oxuyursan?!” və sairələrə mən yaxşı baxmıram. Belə insanlardan uzaq gəzməyə çalışıram. Heç bəyənmirəm. Çünki sən özün də nə vaxtsa gənc müğənni olmusan. Heç vaxt keç kəsin qəlbinə dəymək olmaz. Çünki uşaq vaxtından kim mənim qəlbimə dəyib, sonradan onlar mənim gözlərimin içinə baxa bilməyiblər. İndinin özündə də üzbəüz danışanda gözlərini qaçırdırlar.
- Düşünürəm ki, gənc ifaçılar iradlarla razılaşırlar. Cavab vermədikdə iradlar daha da artırmı?
- Ümumiyyətlə, böyüklərə cavab qaytarmaq olmaz. Onların sözünə hörmət etmək lazımdır. Amma böyük də olsa, elə insanlar var ki, adamı təhqir edir. O insanlardan özünü müdafiə etməlisən. Sənətçinin məni sevməməyinə normal baxıram. Adam məni sevmir də, nə etmək olar ki? Nə vaxtsa məni təhqir etsə, onda özümü müdafiə etməliyəm. Bəzən belə hallar olur. Çalışdığım qədər özümü saxlayıram, çünki istəmirəm çəksinlər, yazsınlar. Mən nəsə desəm, nə olacaq ki, guya? Əksinə məsələ böyüyəcək.

- Xarici müğənnilər şəxsi həyatı ilə gündəmdə olmaqda özləri maraqlıdırlar. Bəs Azərbaycanda niyə müğənnilər həyat yoldaşlarını gizlətməyə çalışır. Bu, nədən irəli gəlir?
- Mentalitetdən, qandan irəli gəlir. Biz azərbaycanlıyıq, avropalı ola bilmərik ki. Ailə ailədir. Ta dədə-babadan belə görmüşük. Mənim şəxsi həyatımdan danışmamağım özümdən asılı deyil. Canım, içim belədir. Bu gün mənim burada ifa etməyimin anama nə aidiyyatı var? Anam öz övladlarının, nəvələrinin başındadır. Mənə efirdən kimsə, nəsə desin. Sonra anam cavab versin. (red-gülür) Belə olur axı adətən. Bir neçə sənətçi dostlarım var, yadımdadır ki, anası zəng vurub deyir, bəs filankəs sənin dalınca danışdı. Amma mənim dalımca danışanda anam televizorun kanalını dəyişərdi. Heç elə bil bunu eşitməyib. Amma bir şey deyim ki, olanlara da normal baxıram.
- Sadə insanlar adətən toyu pul yığmaq üçün edirlər. Müğənnilər də buna görə toy edir? Sizcə, toy etmək vacibdirmi?
- Bu söhbət çox dərinlərə gedir. Ona görə də danışmaq istəmirəm. Çünki danışıram, başqa yerlərə atmacalar kimi gedib çıxır. Sonra da elə bilirlər ki, onlar haqqında danışıram. Ona görə də, normal yanaşıram (red-gülür).
- Deyirlər Manaf Ağayev sizin dayınızdır. Və onu da deyirlər ki, musiqiçi qohumlarınız çoxdur. Doğru xəbərdir?
- Manaf Ağayev dayım deyil. Qohumlardan musiqi ilə məşğul insanlar çox azdır. Yəni yalan sözdür. İndi nəsə səhv məlumat gedəndə öz instaqram səhifəmizdə deyirik. Əvvəllər danışırdın, ordan-burdan kəsib verirdilər. Birinin haqqında danışırdın, axşam baxırdın ki, sözlərin başqa birinə ünvanlanıb. Ona görə indi daha yaxşıdır ki, şəxsi feysbuk və instaqram səhifəsi var. Və hər hansı yalan xəbər çıxanda rahat təkzib edə bilirsən.
- Zamiqi nə həvəsdən salır?
- Ən çətin sualdır (red-fikirləşir). Həvəsdən düşməmək üçün kənara çəkilmişəm. Bayaq sual verdiniz ki, niyə kənara çəkilmisiz? Sualın əsl cavabına gəlib çıxdıq ki, həvəsdən düşməmək üçün kənara çəkilmişəm. Ortada olanda çox söz-söhbətlər olur. İnsanların haqqında yalnış sözlər danışılanda, yalnış məlumatlar yazılanda xoşuma gəlmir. Demirəm ki, həvəsdən düşürəm. Musiqidən məni heç kəs həvəsdən sala bilməz. Çünki mən musiqini sevirəm. Musiqi mənim bir dünyamdır. Sadəcə olaraq, dediyim şeylərə görə bir az da olsa həvəsdən düşməmək üçün kənara çəkilmişəm. Kənarda olmaq daha yaxşıdır. Kənardan hər şey o qədər qəşəng görünür ki...