>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Fikrət Məmmədova və dostum Mədət Quliyevə müraciət edərək, onlardan bu məsələdə mənə köməklik etmələrini istəyirəm”

“Fikrət Məmmədova və dostum Mədət Quliyevə müraciət edərək, onlardan bu məsələdə mənə köməklik etmələrini istəyirəm”
Dünən kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun doğum günü idi.
Şeyx Əbdül Mahmudbəyovun 75 yaşı tamam oldu.

Moderator.az-a açıqlamasında Ş.Əbdül belə gündə onu yada saldığımız üçün təşəkkür edib:

“Mən indi Qəbələdən film çəkilişindən gəlirəm. Filmlə bağlı yeni layihələrim var. Bu gün doğum günümdür.75 yaşım tamam olur. Çox sağ olun ki, belə gündə məni yada salırsınız. Dövlət başçımızdan çox razıyam. Ölkəmizdəki bu sabitliyə görə ona təşəkkür edirəm”.

Ş.Əbdül İTV-də yeni baş direktor təyinatına da münasibət bildirib:

“Azərbaycanda iki əsas televiziya var: birincisi ana televiziyadır, ikincisi isə İctimai televiziyadır. Dövlət televiziyasının öz qanunlar və dövlət proqramları var. İctimai televiziya həm də ictimaiyyətin kanalı olduğu üçün burda ictimai rəyi nəzə almalıyıq. Çox təəssüflər olsun ki, Cəmil Quliyev ictimai kanala sədr seçiləndən sonra məni dövlət telekanallarına buraxmadı. Sağ olsunlar ki, dövlət televiziyası rəhbərliyi mənim bu narazılığımı bilib məsələni aradan qaldırdı”.

Ş.Əbdül yeni baş direktor təyin olunan Balakişi Qasımovdan gözləntilərinin böyük olduğunu bildirib:

“Mən Balakişi Qasımovu tanıyıram. O, bizim ərazidən deputat seçilmək istəyirdi. Onda biz görüşmüşdük. Ona dəstək olduq. Amma təəssüflər olsun ki, deputat seçilmədi. Çox müasir, intelektual səviyyəsi olan bir adamdır. Milli ruhlu insandı, onun platformasını oxumuşam. Televiziyanın da öz qanunlar var. Burda hansı işləri görüləcək altı ay müddətinə hər şey bəlli olacaq. Mənim ondan gözləntilərim çoxdur. Bu eybəcər verilişlərə son qoyulmalıdır”.

Ş.Əbdül sabiq Bakı meri Hacıbala Abutalıbovla olan problemindən də danışıb:

“Bu yaxında mətbuat konfransı keçirəcəm. Ölkə başçısına müraciət edəcəm ki, necə olur ki, üç məhkəmə qətnaməsini Hacıbala Abutalıbov icra etmir. O, mənimlə kişi kimi mübarizə aparmır. Mənimlə görüşüb söz verdi ki, mənzilini təmir etdirəcəm, amma sonra gedib məhkəməyə verdi. Yeddi nəfər ailə üzvümlə qəzalı evdə yaşayırıq. Sabah bu ev uçsa və biz ailə üzvlərimlə birlikdə uçqunun altında qalsaq, kim cavab verəcək? Mən sizin vasitənizlə ədliyyə naziri Fikrət Məmmədova və dostum Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək, onlardan bu məsələdə mənə köməklik etmələrini istəyirəm”.