>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Elələri var ki, buna artıq universitet deyilməz, əyləncə mərkəzi demək daha doğru sayılar..." - deputat

"Elələri var ki, buna artıq universitet deyilməz, əyləncə mərkəzi demək daha doğru sayılar..." - deputat
Abituriyentlərin az qala 50 faizinin 200-dən az bal toplaması sizcə nəyin göstəricisidir? Orta təhsilin mövcud tələblərə və standartlara cavab verməməsininmi, yoxsa şagirdlərin doğru istiqamətləndirilməməsinin, yaxud onların izafi dərs yükü ilə yüklənməsininmi?
Moderator.az-ın bu sualına millət vəkili Fazil Mustafa maraqlı cavab verib:

"Əslində dərs yükü ilə bağlı məsələ deyil. Uşaqları məktəbə bağlayacaq vasitələri doğru tapmaq lazımdır. Müəllimin maaşı ən azı iki dəfə artırılmalıdır ki, məktəbə əsas iş yeri kimi baxsın. Valideynlərin məktəb qarşısında məsuliyyəti artırılmalıdır. Məktəb infrastrukturunda fiziki hazırlıq imkanları yox dərəcəsindədir, bu da mənəvi tərbiyəyə birbaşa təsir göstərir. Ən əsası da uşaqların başqa əyləncələrdən uzaqlaşaraq kitab mütaliəsinə yönəlməsi, peşə hazırlığına diqqət yetirməsi üçün doğru variantlar düşünülməlidir. Uşaqlar çox vaxt az-çox informasiyaya malik olsalar da, bilgiyə malik olmurlar. Bu isə qəbul imtahanlarının nəticəsində özünü göstərir. Bu yalnız tam orta məktəblərə aid acınacaqlı durum deyil. Ali məktəblər daha pis vəziyyətdədir. Elə ali təhsil ocaqları var ki, buna artıq universitet deyilməz, əyləncə mərkəzi demək daha doğru sayılar. Ölkədə xüsusən tibb və hüquq təhsilinin səviyyəsi aşağıdır. Bu sahədə cəsur islahatlara ehtiyac var. Fikrimcə, təhsil, səhiyyə, kənd təsərrüfatı kimi sahələri başında milli kadrların nəzarətini saxlamaqla qohumbazlığa, dostbazlığa, əyilməyən yetkin səviyyəli xarici mütəxəssisləri dəvət etmək lazımdır ki, bu sahədə prinsipial dəyişikliklər edə bilsinlər. Bu addımı bir çox ölkələr atmaqla həyati önəm daşıyan sahələri dirçəldə bilmişlər. Universitetlərdə savadlı və peşəkar insanların rektor seçilməsi gerçəkləşməyincə, dünyadakı universitet modellərinə yaxınlaşma baş verməyəcək. Bunlar hamısı bir-biri ilə əlaqəli məsələlərdir, hamımızı narahat etməlidir, çünki hamımız bu və ya digər şəkildə təhsilin subyektləri sayılırıq".