>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qara Qarayev: "8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq"

Qara Qarayev: "8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq"
“Qarabağ”ın futbolçusu Qara Qarayev səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib. Qarayev "Report"un da suallarını cavablandırıb...

Oyun haqqında nə düşünürsən?

- Bu komanda yığılanda, ilk dəfə Avroliqaya düşəndə atam demişdi ki, sizi 5 il ardıcıl çempion görürəm. Dediyi kimi də oldu. Ciddi məsuliyyətdi bizim üçün. Hər il ölkə futbolunun ən yaxşıları biz oluruq. İlk illərdəki kimi olmasa da, yenə sevincliyik.

Sanki çempionluq adiləşib...

- Məncə, bu adiləşmək deyil, daha çox yaşla bağlıdır. İlk dəfə 5 il bundan qabaq çempion olmuşuq. Onda cavan idim, amma illər keçdikcə titullardan daha çox oyuna fokuslanmaq istəyirik. Nəticə qazansaq, qalan hamısı düzələcək. Amma adi bir şey deyil, bu medal üçün ilboyu əziyyət çəkirəm.

Bu çempionluğun əvvəlkindən fərqi nədir?

- Düşünürəm ki, açıq danışmaq lazımdır. Bizə qarşı bütün rəqiblərin oyun üslubu fərqli olub. Həmişə vuruşublar, amma ümumi baxanda çempionatda eniş var. 8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq.

Xal fərqi də çoxdur...

- Xal fərqi bir yana, oyunlar göz qabağındadır. Ümid edirəm ki, bundan sonra daha yaxşı, güclü bir yarış təşkil olunar. Bu da Azərbaycan futboluna xeyir olar.

Bundan sonrakı hədəf nədir?

- Uğurlarımızı təkrarlamaq və yeniləmək istəyirik. Ötən il, əsasən də klub futbolunda yaxşı uğurlarımız oldu. Milli ilə oyunlara hazırlaşacağıq.

Özünü harada görürsən? “Qarabağ”da qalmaq istəyirsən, yoxsa təklif gəlsə, düşünərsən?

- Azərbaycan daxilində nə varsa, pis – yaxşı “Qarabağ”la qazanmaq istəyirəm. Amma xaricdən təklif gəlsə, ilk öncə klubumun mənfəətini düşünəcəyəm. Baş məşqçi ilə məsləhətləşəcəyəm.

Çempionluq yolundakı rəqabətsizlik sizin komandaya təsir etmir ki?

- Düşünmürəm ki, bizə hər şey asan oldu. Bütün rəqiblər xüsusi motivasiya ilə çıxırdılar.

Heç düşündünüzmü ki, birdən çempion ola bilmərik?

- Biz başlayan gündən inanırıq ki, çempion olacağıq. Onsuz mümkün deyil. Hər şəraitdə bu inamı qoruyub saxlayırıq.