>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Barat Vüsal Anara şeir yazdı, ölkədə Zəlimxan Yaqubdan güclü məddah yox idi, o belə o cür yazmamışdı" - Vaqif Nəsiblə MÜSAHİBƏ - FOTOLAR

"Barat Vüsal Anara şeir yazdı, ölkədə Zəlimxan Yaqubdan güclü məddah yox idi, o belə o cür yazmamışdı" - Vaqif Nəsiblə MÜSAHİBƏ - FOTOLAR
Faktor.az bugünlərdə ata-baba torpağı Qazaxda qonaq olan yazıçı Vaqif Nəsiblə müsahibəni təqdim edir.

-Uzun zamandır, Bakıda yaşayırsınız. Qabaqlar bir neçə dəfə Qazax ədəbi mühiti haqqında müsahibə vermisiniz, tənqid eləmisiniz. Maraqlıdır, hazırda Qazax ədəbi mühitindən kimləri tanıyırsınız?

-Tanıdıqlarımdan biri gənc yazıçı Mövlud Mövlud idi, dünyasını dəyişdi. Sonra Bəxtiyar Hidayəti tanıyıram. Məndə kitabı da var, oxumuşam, çox xoşuma gəlib. “Yaralı” kimi tanınır. Onun bir yaralı yeri də odur ki, Qazaxda yaşayır.

Mən daha çox əvvəlki nəsli tanıyırdım. Onların ən məşhur imzası şair Ələddin İncəli idi. Demək olar, elə mənim ilk müəllimlərimdən biri Ələddin İncəli olmuşdu. Səkkizinci sinifdən şeirlər yazırdım. Ələddin müəllim misralarımı-zadı düzəldirdi. İlk şeirlərimi də “Kommuna yolu” qəzetində o buraxmışdı. Əlbəttə, o şeirlər axtarışlarım, böyük ədəbiyyata doğru ilk qədəmlərim idi. Təzə-təzə dirçəlməyə can atan uşaqların iməkləməyini xatırladırdı.

Bu gün Qazax haqqında danışanda dönə-dönə deyirəm ki, rayonda yaşaya-yaşaya yazıçı olmaq, bu dar mühitdə ortaya məhsul qoya bilmək özü qəhrəmanlıqdır. Qazaxdan kənara – Bakıya, Moskvaya gedəndə böyük ədəbiyyatla tanış olursan, iri addımlar atırsan, bir az meydanın genişlənir, amma burada o şərait yoxdur.

-Sizcə, Rusiyaya, Türkiyəyə və kitaba marağın böyük olduğu digər ölkələrə baxanda ümumi Azərbaycanda maddi problemləri düşünmədən böyük ədəbiyyat iddiyasıyla yazıb-yaratmaq qəhrəmanlıq deyilmi?

-İndiki zamanda Azərbaycanda “bazar ədəbiyyatı” meydanı tutub. Vaxtilə “sandıq ədəbiyyatı” deyilən şeylər indi olub Azərbaycan ədəbiyyatı. Kimin pulu var, cildliyini buraxır. Ona görə, oxucu da iyrənib. O qədər yazan var ki... Nizami deyir e: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da...” İndi bilinmir, yaxşı hansıdır, pis hansıdır – hamı qalıb kənarda. Pullu ədəbiyyat əmələ gəlib.

-Azərbaycan Yazıçılar Birliyinin sədri Barat Vüsal danışanda gənclərin boynuna minnət qoyur ki, mən sizi çap eləmişəm, ədəbiyyata gətirmişəm, hətta, gənc şair Taleh Mansura demişdi, sənə təqaüd verdirmişəm, indi üzümə qayıdırsan, burnundan gəlsin. Doğrudanmı gənc nəsil onlara “yaxşı yol” yazan yaşlı nəslə həyatının sonuna kimi minnətdar olmalıdır?

-Barat Vüsal bacarırsa, birinci özünü ədəbiyyata gətirsin, sonra gənclərə dəstək olar. Bu yaxınlarda onun Anara yazdığı şeiri oxudum. Ölkədə Zəlimxan Yaqubdan güclü məddah yox idi, o belə o cür şeir yazmamışdı. Ümumiyyətlə, tez-tez eşidirəm, Məhəmməd Füzuli, Əfzələddin Xəqani Barat Vüsalın yuxusuna girir, guya gəlib əllərini onun başına çəkir, şeir-zad oxuyurlar. Bircə şeyə təəccüb edirəm ki, Füzuli əruzu bilməyən adamın yuxusuna necə girir, niyə girir?

-Anar, Elçin, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Əkrəm Əylisli kimi nəsildaşlarınız var. Onlar ölkədə kifayət qədər tanınmış adamlardır. Amma sizin haqqınızda ədəbiyyat tənqidçiləri qorxa-qorxa danışır, oxucular tanımır, yaxud tanımazdan gəlirlər. Bunun səbəbi nədir?

-Ədəbiyyatla məşğul olursansa, gərək özünü reklam eləməyi də bacarasan. Adını sadaladığın adamların Moskvadan belə adamları vardı. Misal üçün, Əkrəm Əylisli Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi. Ən gec meydana atılanlardan biri Vaqif Səmədoğlu idi. O, həm çox istedadlı, bənzərsiz nəfəsi olan şair idi, həm də arxasında Səməd Vurğun kimi ata vardı.

Bir də tanınmaq üçün televiziya önəmli rol oynayır. Vaqif dönüb qayıdıb televiziya verilişlərinə çıxırdı. Məni isə dəfələrlə dəvət ediblər, efirə çıxmaqdan imtina eləmişəm. Bunu artistlik hesab edirdim. Cəmi bircə dəfə “Ovqat” verilişində olmuşam, onda da verilişin yayımlandığı İctimai televiziyanın müdiri zəng elədi ki, verilişin aparıcısı neçə vaxtdır səni axtarır, razı ol.

Rəhmətlik şair Əli Kərimin doğulduğu kəndə getmişdik, nə qədər elədilər, şeir oxumadı. Dedi, istəyirsiniz, sizin üçün rəqs edim, amma şeirlərimi arzulayanlar kitabxanaya üzv yazılıb oxuya bilərlər.

Əlbəttə, mən də özümü təbliğatla məşğul olsaydım, tez-tez görünsəydim, tanınardım. Bunların heç birinə getmədim. Hətta, dost olan vaxtlarımızda Anar dedi, gəl, Şəhriyar klubunda sənə yubiley keçirək. Dedim, Anar, o, bir az artistlik çıxır, istəmirəm. Onu da istəmədim.

Və bunu Anara da demişəm. Onu şişirdilər, “dahi yazıçı” deyirlər. İnsan gərək özünü belə şeylərlə aldatmasın. Bunun üçün illərin sınağından çıxmalısan. Bu əsrdən kim qalacaq, o, ən azı 100-150 ildən sonra bilinəcək. Əsas məsələ yazmaqdır. Kimin ki qanında var, yazmasa dura bilməz. Şair Məzahir Daşqının belə bir şeiri var ki, məhəbbət qandasa silmək çətindir. Bəli, kimin ki ədəbiyyat qanına işləyib, onu silmək çətindir.

-Bayaq Əkrəm Əylislinin adını çəkdiniz. Onun “Daş yuxular” romanı haqqında fikriniz nədir? Siz də elə düşünürsünüz ki, “Kür qırağının meşələri”ndən sonra bu roman nisbətən publisistik ab-havadadır, yoxsa Azərbaycan dilində oxumuşuq deyə bizə elə gəlir?

-”Daş yuxular” mübahisəli romandır. İfrata vardığı yerlər var, amma mən, məndən öncə isə Rüstəm İbrahimbəyov münasibət bildirmişdi. Həmin roman neçə il əvvəl üç ayrı povest şəklində çap olunmuşdu. Bundan oxucuların da, prezident aparatının da xəbəri vardı. Hələ o vaxt Əkrəm Əylisli Yazıçılar İttifaqına sədr gəlmək istəyəndə tənqid elədilər. Təbii ki, öz maraqları üçün. Qaldı ki, romandakı mübahisəli məsələlərə... O vaxt “Azadlıq Radiosu”nda da eyni fikri müdafiə eləmişdim, Mir Cəlalın “Ədəbiyyat nəzəriyyəsi”ndə deyilir, obrazın dilindən deyilən şeylərə müəllif cavabdeh deyil. Yəni obrazın dilinə zaval yoxdur. “Sakit don” əsərində obrazın dilindən Sovet hökuməti də söyülür, rəhbərlər də... Ona qalsa gərək Mixail Şoloxovu çarmıxa çəkəydilər. Dediyim odur, burada cinayət işi varsa, inzibati orqanlar, yoxdursa, ədəbi tənqid məşğul olsun. Yoxsa nə hay-küy salırlar, anlamıram. Əkrəmin Əylis kəndindəki evini sökmüşdülər. Əylis bələdiyyəsi qərar çıxarmışdı ki, imzası Əylisli deyil, Naibov yazılsın. Bəyəm Əkrəm imza götürəndə Əylis bələdiyyəsindən icazə almışdı? Biabrçılıqdır, məhəlli biabrçılıq.

-Anarla barışmaq ehtimalınız nə qədərdir?

-Anara uzaqbaşı “şərxahım” deyirəm. Bir ədəbiyyat adamının şəxiyyəti ayrıdır, yaradıcılığı ayrı... Ədəbi prosesdə ikimiz də yanaşı iştirak edirik. Mən onun ictimai mövqeyini tənqid edirəm.

-”Məzəmin məzəlisi”, “Uzundərə”, “Ceyrançöllü Qoç Kərəməli”, “Sənsiz, mənsiz, onsuz” kimi bir çox əsərlərin, kitabların müəllifisiniz, amma niyəsə çox adam sizi “Omaroğlunun qayıtması” hekayənizlə tanıyır. Niyə belədir, səbəb nədir?

-Sözsüz, “Omaroğlunun qayıtması” mənim ilk “göz ağrım”dır, amma mənim başqa əsərlərimin də adını çəkirlər, yəqin sizə rast gəlməyib. Vaqif Yusifli və digər ədəbi tənqidçilər “Bilalın elçiliyi”ni yüksək qiymətləndiriblər. Hətta, Yusif Səmədoğlu deyirdi, “İncə dərəsinin yaz günləri”ni sənin “Fərdi təqaüd” hekayəni oxuyandan sonra yazmışam. Yusif Səmədoğlu ilə bir yerdə işləyirdik. “Oğul çiyni” ssenarim əsasında film çəkiləcəkdi. Kinostudiyada Ədil İskəndərobvun vaxtıydı. Sonra elə oldu ki, “İzvestiya” qəzetində yayımlanan felyetona görə, Ədil müəllimi kinostudiyadan çıxardılar, qonorar xeyli hissəsini almağıma baxmayaraq mənim əsərimi də ləğv elədilər. Məmməd Oruc indiyədək də deyir ki, bu yaşıma kimi “Oğul çiyni” qədər qüvvətli ssenari oxumamışam.

-Sizin yaradıcılığınıza dövlət qayğısı nə səviyyədədir?

-Mən heç vaxt dövlət qayğısı görməmişəm, daha çox fərdlərin qayğısını görmüşəm. Azərbaycan Sovet Ensiklopediyasına işə düzəlməyimin tarixçəsini danışım, görün, Rəsul Rza necə qayğıkeş, gözəl insan olub. Rəsul müəllim haqqımda böyük bir məqalə yazmışdı: “Durna günü”. Əli Kərim dedi, get, ona təşəkkür elə, gəl, yeyək, içək. Sağollaşanda Rəsul müəllim soruşdu ki, ən böyük şair kimi hesab edirsən? Dedim, Səməd Vurğunu. Dedi, nəyə görə? Dedim, biz Tiflis qatarıyla Bakıya gəlib Muğan tərəfə çathaçatda boz səhralara gürcülər ağız büzürdü, mənim isə qulağımda Səmədin bu misraları səslənirdi:

“Bu boz səhralarda ərlər, ərənlər

Bir vətən eşqiylə min yuva qurdu?

Torpaqlı damlarda ömür sürənlər,

Xosrov ordusunun döşündən vurdu”.

Şeiri deyəndən sonra Rəsul müəllim qayıtdı ki, Səməd Vurğunu deməsən, səni işə götürməyəcəkdim.

Qayğısını gördüyüm adamlardan biri də Elçindir. Elçin Əfəndiyev o qədər qayğıkeş adamdır, hətta, Qazaxın Astanbəyli kəndində yaşayan Hacı Məhəmməd haqqında da məqalə yazıb.

Bu yaxından nə cür oldusa, Mədənəiyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatını aldım. Bilmirəm, hardan yadlarına düşmüşdüm. Deyəsən, buzlar əriyir. Bir dəfə romanıma görə, “Yusif Səmədoğlu” mükafatı vermişdilər. Ondan qabaq da “Rəsul Rza” mükafatı almışdım, amma Anar orda-burda deyirmiş ki, biz ona mükafat verdik, o bizi tənqid edir, gözündən gəlsin. Elə bunu eşidəndən sonra Rəsul Rzanın ruhundan üzr istəyib, imtina elədim.

-Yazıçı kimi xoşbəxtsiniz?

-Yazıçı kimi xoşbəxtəm. Xoşbəxtəm ki, yaşımın bu vaxtında da dayanmadan yazıram. 75 illliyimdə sınaqdan keçmiş adamların əhatəsində dedim, mən bəzi “şərxah”larımın acığına qara qarğa kimi yox, sarı qarğa kimi 300 il yaşayıb ürəyimi tam boşaltmaq istəyirəm.

-Haralarda işləmisiniz?

-"Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib, "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor, "Qobustan" jurnalı redaksiyasında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışmışam. Kitablar buraxırdıq. Özü də çətin vaxtlarda...

-Çalışdığınız yerdə heç qohumbazlıq, yerlibazlıq eləmisiniz?

-İsmayıl Şıxlının Hüseyn Arifdən yazdığı lətifələr kitabında da var. Hüseyn qağadan soruşurlar, ən yaxşı redaktor kimi hesab edirsiniz? O deyir, Vaqif Nəsibi. Ona görə ki, bütün kitablara oxumamış qol çəkir. O zaman direktor da soruşurdu ki, niyə belə edirsən? Deyirdim, bu adamların kitablarını tematik plana salmışıq və ona qədər də üç rəyə göndərmişik. Üstəlik, Mətbuat Komitəsi, Mərkəzi Komitə təsdiq edib. İndi təzədən bunları nə cür redaktə edək? Təsəvvür edin, bu, ona bənzəyir ki, qəbul imtahanlarında tələbəyə bütün fənlərdən “beş” qiymət verirsən, sonra deyirsən, savadsızdır. Onu da deyim, Hüseyn Arifin sağlığında çıxan sonra kitabına müqəddiməni mən yazmışam: “İbrahim körpüsündən keçən yol”.

-Bir yazıçı kimi imtiyazınız olub yəqin ki?

-SSRİ Yazıçılar İttifaqının üzvü olanda bütün yaracılıq evlərində olurdum. Uşaqlar da mənlə bərabər... Kitablarıma yaxşı qonorar almışam. Sovet hökuməti dağılandan sonra hamısı əlimizdən çıxdı. Mən təəssüf edirəm ki, indiki yazıçılar heç bir şey görməyiblər.

-Son dövr yaradıcılığınızda nələr var?

-Son dövr yaradıcılığımda üçlükdən ikiliyə keçmişəm – dilogiyalar yazıram. Lenin də “bir addım irəli, iki addım geri” idi, məndə iki addım irəli, iki addım geri olur. Tanıdığım adamların bir arzularını, bir də gerçək həyatlarını yazıram. İstəyirəm, həyatın təzadlarını verə biləm hekayələrimdə. İkiliklər Şah İsmayıl Xətai ilə başlayacaq O, şair kimi xətaidir, sərkərdə kimi səfəvi. Heykəlinin üstünə yazıblar: Şah İsmayıl Xətai. Çox istərdim, yazarlar ki, Şah İsmayıl Səfəvi. Hə, ikiliklərimdə onun da iki həyatını yazacam: birincidə qızılbaş kimi qalib gəlmək arzusundadır və bütün dünyanın qızıl lalələr kimi görür; ikincidə isə gerçək həyatını yazacam ki, tacını da aparırlar, taxtını da aparırlar, hətta, Taclı xanımını da...