>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ

Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov ötən ay Türkiyə - Qara Dəniz bölgəsinə səfər edərək orada ekspedisiya aparıb. Ekspedisiyanın əsas məqsədi bölgədə yaşayan və Həmşinlilər kimi təbir olunan türk etnosunun qədim tarixi köklərini araşdırmaq və ermənilərin bu topluma vurmaq istədiyi "müsəlman ermənilər" iddiasının qarşısını almaqdır.

Araz Qurbanov ekspedisiya barədə Femida.az-a geniş müsahibə verib. Müsahibənin birinci hissəsini təqdim edirik.
- Araz müəllim, Sizin araşdırmaçı kimi həmşinlilərə, onların tarix və mədəniyyətinə marağınız nədən irəli gəlir? Bu mövzunun bu gün həm Azərbaycanda, həm də Türkiyədə ictimai dövriyyəyə gətirilməsinin səbəbi nədir?

- Bütövlükdə etnik-dini münasibətlər və bu zəmində baş verən qarşıdurmalar bu gün dünyada gündəmdə olan mövzulardandır. Dinlərarası və xalqlararası dialoq təşəbbüsünün əslinə qalsa, sürətlə güc mərkəzlərinin monoloquna, «Neron teatrına» çevrildiyi bir vaxtda həmin məsələləri süətlə aktuallaşdıran səbəblərdən biri dünyadakı münaqişələrdə məhz bu amildən də bəhanə kimi istifadə olunmasıdır. Xatırlayırsınızsa, ötən il SAM-ın nəşri olan «Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabım çapdan çıxmışdı. Bu kitab SAM-da qondarma «erməni məsələsi», regionda etnik-dini münasibətlərə, süni separatizm meyllərinin nüfuz etdirilməsi istiqamətində apardığı araşdırmaların bir hissəsidir. Kitabda oxucuya çatdırılmasını vacib hesab etdiyimiz məsələlər - həm Ermənistanın, həm də regionda geosiyasi maraqları olan dövlətlərin havadarlığı ilə Türkiyəyə və Azərbaycana qarşı iddialarda yeni etnik-dini vasitələrdən istifadə olunması, «Qarabağ ssenarisinin» Şərqi Anadolu və Qara dəniz bölgələrində təkrarlanması reallıqları, qondarma «müsəlman ermənilər probleminin» isə beynəlxalq müstəviyə çıxarılması imkanları Türkiyədə də maraqla qarşılandı. O da məlumdur ki, bu məsələlər onları, xüsusilə Ermənistanın «zorən islamlaşdırılmış və türkləşdirilmiş ermənilər» kimi tanıtmağa çalışdığı həmşinliləri ciddi narahat etməkdədir. Qeyd edim ki, erməni təbliğatı və pozuculuq fəaliyyəti Ermənistanın gözləntilərinin əksi olaraq, burada mənfi effekt doğurmuş, qədim türk tayfalarının törəmələri və ortaq türk mədəniyyətinin daşıyıcıları olan həmşinlilər arasında etnik özünüdərk hissini daha da gücləndirdi.

«Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı Türkiyədə də yayıldaqdan sonra həmşinlilərin, daha dəqiq desək, Həmşin türklərinin ziyalıları ilə əvvəlcə sosial şəbəkələr, sonra telefon vasitəsilə əlaqələr yaradıldı. Çamlıhəmşin Mədəniyyət və Təhsil Dərnəyinin rəhbəri Mətin Gültanla geniş müzakirələrimiz, fikir mübadilələrimiz oldu. Eyni zamanda, onunla şəxsi dostluğumuzun da təməli qoyuldu. Daha sonra Həmşin bölgəsinin ağsaqqallarından Şencan Kırçiçək Bakıya gəldi. Bilirsinizmi, Bakıya ilk dəfə gələn bu müdrik insan ilk görüş yeri üçün hansı məkanı təklif etdi? Şəhidlər xiyabanını. Ziyarətdən sonra xeyli söhbət etdik. Təbii ki əsas mövzu erməni iddiaları idi. Bilmədiklərimi də ondan öyrəndim. Məsələn, Bakıdakı 20 Yanvar hadisələrindən sonra Türkiyənin mərhum prezidenti Turqut Özalın «azərilər şiədir, biz isə sünni, onlar İrana daha yaxındırlar» kimi yanılış fikirlərinə o zaman həmşinlilər də kəskin reaksiya vermişdilər. Bu fikrə qarşı Ankarada, Trabzonda etiraz mitinqlərinin təşkilatçıları və iştirakçıları arasında bu gün mənim tanıdığım həmşinlilər də vardı.

Şencan bəy Bakını çox bəyəndi. Həm də təkcə tarixi abidələrini, yeni tikililərini, qorunan milli-mədəni dəyərləri yox. Onu heyrətləndirən Azərbaycan türklərinin və həmşinlilərin ləhcələrində eyni qədim söz və ifadələrin indiyədək qorunub-saxlanılması, məscidlərdə sünni və şiələrin bir səfdə dayanıb namaz qılması, insanların öz tarixi keçmişlərinə hörmət və sevgi ilə yanaşması, Bakıda gecəyarı gəzintiyə çıxmağın tamamilə təhlükəsiz olması, buradakı meyvə-tərəvəzin təbii dad verməsi və s. Şencan bəy mənə həmşinlilərin tarixinə dair qiymətli materiallar gətirmişdi. Mən də ona «Qarabağ münaqişəsi», qondarma «erməni soyqırımı» ilə bağlı kitabları hədiyyə etdim.

- Sonra isə Siz Türkiyəyə ekpedisiyaya yola düşdünüz…

- Elədir. Bir müddət sonra Mətin bəy kitabda qaldırılan məsələlərlə bağlı Ankarada mühazirə oxumağı təklif etdi. Təklif SAM-da razılıqla qarşılandı. Həm də bu qərara gəldik ki, mühazirədən sonra problemləri daha dərindən öyrənmək məqsədilə Həmşin bölgəsinə etnoqrafik ekspedisiya da təşkil edək. Beləliklə, 2018-ci il mart ayının 3-də Ankarada fəaliyyət göstərən Çamlıhəmşin Mədəniyyət və Təhsil Dərnəyinin, Çamlıhəmşin Vəqfinin təşkilatçılığı ilə Türk Hüquq Qurumunun toplantı salonunda mühazirə oxudum. Mövzu da belə idi: «Nə üçün həmşinlilər? Ermənistanın sözdə «erməni məsələsi» siyasətində həmşinlilər üzərində oyunlar». Tədbirə Ankara və İstanbul şəhərləri ilə yanaşı Rizə, Trabzon, Həmşin, Çamlıhəmşin, Hopa və digər bölgələrdən olan 100-dən çox dinləyici qatılmışdı. Onların arasında Türkiyədəki aparıcı siyasi partiyalarının, dövlət qurumlarının, Azərbaycan dərnəklərinin, biznes dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, alimlər, azərbaycanlı tələbələr də vardı. Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi də tədbirə diqqət göstərmişdi. İştirakçılar arasında səfirliyin müşaviri Ramil Qurbanov da vardı. Təbii ki, mövzu geniş, suallar isə çox idi. Nəticədə saat yarım üçün nəzərdə tutulmuş görüş üç saat davam etdi.

Məruzə iki hissədən ibarət idi. Birinci hissə Ermənistanın Türkiyə və Azərbaycana ərazi iddialarına, ermənilərin Cənubi Qafqaz regionuna köçürülməsinə və burada tarixdə ilk erməni dövlətinin yaradılmasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, qondarma «Böyük Ermənistan», «Birləşmiş Ermənistan», «Qərbi Ermənistan», «Şərqi Ermənistan» ideyalarına, Türkiyənin və Azərbaycanın etnik zəmində bölünməsi planlarına, Türkiyədə, Rusiyada və Avropada pozuculuq fəaliyyəti ilə məşğul olan erməni təşkilatlarına, müasir mərhələdə «müsəlman ermənilər» amilinin gündəmə gətirilməsinin məqsədlərinə və s. həsr edilib. İkinci hissə isə sırf həmşinlilərin etnik və dini identikliyi, onların tarix və mədəniyyəti, bölgəyə miqrasiyası, türk xalqları, o cümlədən Azərbaycan türkləri, Qafqaz Albaniyası xalqları ilə tarixi və mədəni əlaqələri, etnomədəni xüsusiyyətləri haqqında idi. Toplantıda söz alan çıxışçılar Ermənistanın «müsəlman ermənilər» və sərsəm «Həmşin erməniləri» amilindən istifadə etməklə Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətlərinin ifşası üçün səylərin birləşdirilməsinin vacibliyindən danışmış, bu tipli tədbirlərin Bakıda, İstanbulda, Trabzon və Rizədə də keçirilməsini tövsiyə etmişdilər.


Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ
- Müsahibədən əvvəl bildirmişdiniz ki, tədbirin keçirilməsinə mane olmaq istəyənlər də vardı...

- Çox əhəmiyyətsiz cəhdlər oldu. Məsələn, Türkiyədə HDP meylli və Hrant Dink Vəqfinin diqtəsi ilə hərəkət edən ermənipərəst HADİK dərnəyi də vardır. Onun rəhbərləri də tədbirə dəvət olunsalar da, imtina etmiş, «müşahidəçi» qismində Hüsaməddin adlı birisini göndərmişlər. O da görüşün sonunda söz alıb Ermənistanın «müsəlman ermənilər» planının Türkiyə üçün tamamilə «zərərsiz» olmasından, narkomaniyanın Türkiyə üçün daha əhəmiyyətli məsələyə çevrilməsmindən söz açmağa çalışmış və… susdurulmuşdur. Bir neçə gün sonra isə HADİK-in facebook-dakı profillində «toplantıda onu düz başa düşmədiklərini, həmşinlilərin erməni deyil, türk oğlu türk olduqlarını» etiraf etmişdi. Sonra mənə məlum oldu ki, belə cəhdlər Kamalpaşa ilçəsindəki görüşlərimiz ərəfəsində də planlaşdırılmışdı. Lakin mənə «sürücü», «jurnalist», «əməkli məmur», «elektrik ustası», «müəllim», hətta «ilahiyyatçı» kimi təqdim edilmiş dəliqanlı həmşinlilər buradakı HADİK və Ermənistanla əlaqəli ünsürlərlə necə «profilaktik söhbətlər» aparmışdılarsa, biz Kamalpaşada olduğumuz müddət ərzində evlərindən çölə çıxa bilmədilər…

- Belə dəliqanlılar çox idimi?

- Ümumiyyətlə, Həmşin bölgəsi əhalisi ötkəmliyi və sərtliyi ilə seçilir. Dağ adamıdırlar. Sərtdirlər, sözü üzə şax deyirlər, amma qətiyyən kobud deyillər. Urbanizasiya bu insanlarda dağ adamlarına xas olan saflığı, mərdliyi, bəzən isə uşaq səmimiliyini nə silə, nə də codlaşdıra bilib. Zahiri dəliqanlılıq pərdəsi altında isə istiqanlı, olduqca qonaqpərvər, sözü ilə əməli bir olan rahat insanlar dayanır. Belələri ilə etibarlı münasibət qurmaq olduqca asandır. Ümumiyyətlə, həmşinlilər arasında olarkən onlarda həsəd aparılacaq bir fenomeni də müşahidə etdim. Həmşinlilər siyasətə meylli və dövlətçidirlər. Hopada məscid yaxınlığındakı çayxanada əyləşib cümə namazının vaxtına gözləyən iki kəndli qocanın AKP və CHP arasında münasibətləri ciddi müzakirə etməsini, özlərinə məxsus «proqnozlar» verməsini qulağım çalanda xeyli təəccübləndim. Həmşinlilərin böyük hissəsi Atatürkə və onun ideyalarına bağlıdır. Həmşinli istənilən siyasi partiyanın üzvü ola və qarşısındakını ideoloji rəqibi kimi görə bilər. Bununla belə, dövlətin taleyi ilə bağlı məsələlərdə, o cümlədən ermənilərin sözdə «Qərbi Ermənistan» və ya «Həmşin erməniləri» iddialarına qarşı bir araya gəlməyi, siyasi mənsubiyyətlərini müvəqqəti bir kənara qoyub çiyin-çiyinə dayanmağı bacarırlar.

Xeyli belə insana rast gəldim və dostlaşdım. Metin Gültan, Şencan Kırçiçək, Saim Yılmaz, Ömər Yılmaz, Şakir Aksu, Yunus Altunkaya, Osman Kırçiçek, Rəmzi Yılmaz, Məhəmməd Təkəoclu, Bülənd Bekar, Yaşar Yurdsevən… Hansını deyim?! Bu sırada öndə dayananlardan biri də nəcib dostum və məsləkdaşım, TRT-nin məsul işçisi Həsən Palaşoğludur. Yeri gəlmişkən, Ankaradakı tədbirdə dinləyicilərdən biri də Türkiyə ordusunun istefada olan polkovnik əslən həmşinli olan Raif Yılmaz idi. Olduqca maraqlı insandır. Vaxt tapıb xeyli söhbət etdik. Bölgənin tarixini, həmşinlilərin keçmişi, İstiqlal mücadiləsində, Çanakkala savaşında iştirakı, 1915-ci ildə ermənilərin bölgədə törətdikləri cinayətlər barədə çox məlumatlıdır. Bununla yanaşı «Qarabağ müharibəsi» haqqında geniş bilgilərə malikdir. Azərbaycan haqqında məhəbbətlə danışırdı. Məlum oldu ki, bu məhəbbət əbəs yerə deyilmiş. Raif bəy 90-cı illərdə Azərbaycana gəlmiş, milli ordumuzun quruculuğunda yaxından iştirak etmişdi. Söhbət zamanı dedi ki, o vaxt Azərbaycan ordusunun vəziyyətini görəndə çox sarsılmışdım. Əsgərlərin silah, geyim, qida çatışmazlığı vardı. Amma bu gün televiziya ekranında Azərbaycan əsgərinin hazırlığına, təminatına və təchizatına baxanda, uğurlarını eşidəndə qürur hissi keçirirəm.

Çamlıhəmşində isə qədim həmşin folklorunun bilicisi xanım Manoliya Vəziroğlu ilə də tanış oldum. Manoliya xanım tanınmış publisist, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Mirzəbala Məmmədzadənin həyat yoldaşı həmşinli Bahirə xanımın bacısı qızıdır. Ali təhsilini Qarsda aldığı üçün azərbaycanlıları yaxşı tanıyır, hətta Azərbaycan şivəsi ilə danışmağı bacarır. O Mirzəbala Məmmədzadənin şəxsi arxivinin, qoruyub saxladığı və Azərbaycana qaytarılmasını vəsiyyət etdiyi bayrağın – Azərbaycan parlamentindən asılmış dövlət bayrağının sonrakı aqibətindən və indi harada olması barədə mənə dəqiq məlumat verdi. Bu isə başqa bir araşdırmanın, hüquqi və mənəvi müstəvidə aparılacaq araşdırmanın predmeti və başqa bir müsahibənin mövzusudur…


Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ
- Araz müəllim, həmşinlilər mövzusunu Azərbaycanda gündəmə gətirdiniz. Ermənistanın onları «erməni» kimi tanıtmaq istəməsinin əsası varmı?

- Bilirsinizmi, azərbaycanlılar arasında «həmşinli» anlayışı yayılmamışdı. Türkiyə ilə az çox maraqlanan orta statistik azərbaycanlının təsəvvürlərində Qara dənizdən Ərdəhana kimi uzanan ərazidə yaşayan türklər təbii və tamamilə düzgün olaraq, etnoqrafik qruplara bölünməmişlər. Biz onları türk kimi tanımışıq və belə də tanımaqdayıq. Fərq yalnız bu insanların danışdığı ləhcədə və bir də mədəniyyətlərinin türkman və Qafqaz mədəniyyətlərinin sintezi olmasındadır. Bu mədəniyyətdə isə erməni izləri yoxdur. Əksinə, ermənilər Həmşin bölgəsinin polikultural mədəniyyətlərinin elementlərini də mənimsəməyə səy göstərirlər. Məqsəd isə onların iddia etdikləri kimi qondarma «Həmşinin zorən türkləşmiş və islamlaşdırılmış ermənilərinin» hüquqlarını qorumaq deyildir. Bu bəhanədir. Belə ki, onların iddialarına əsasən, erməni xalqının Türkiyədəki «türkləşmiş ermənilər», «kürdləşmiş ermənilər», «qaraçı ermənilər», «həmşinlilər», «gürcüləşmiş müsəlman ermənilər», Suriya və İraqdakı «ərəbləşmiş ermənilər», Azərbaycanda isə «türkləşmiş ermənilər», «tatdilli ermənilər» və ya «erməni tatlar» kimi qondarma etnik qrupların mövcudluğuna dair saxta «elmi qənaətlərinin» insan hüquqlarının müdafiəsi müstəvisinə gətirilməsi və siyasi manipulyasiya vasitəsinə çevrilməsi «Birləşmiş Ermənistan» ideyasının reallaşdırılması üçün əlavə şanslar yarada biləcəkdir. Çünki, Türkiyə parlamentinin qəbul etmədiyi bədnam Sevr müqaviləsinin şərtlərinə və ABŞ prezidenti Vudro Vilsonun arbitraj planına əsasən, ermənilər bu bərəkətli və strateji bölgəyə sahib olmaqla Qara dənizə çıxış imkanı qazanırlar.

- Bir qədər ermənilərin irəli sürdükləri «müsəlman ermənilər» siyasi mifi haqqında məlumat verərdiz…

- Türkiyədə, İranda, İraqda, Suriyada, İordaniyada, Livanda sünni, şiə, ələvi olan «müsəlman ermənilər» var. Eyni zamanda, müsəlman olan kriptoermənilər – etnik kimliklərini bilib-gizlədən, özlərini türk, kürd, laz, çərkəz, ərəb, hətta qaraçı kimi tanıdan gizli ermənilər var. Yusif Halacoğlu Türkiyədə onların sayının 500 min nəfər olduğunu, qriqorian kilsəsi və Ermənistan isə 1,5 milyondan dörd milyona kimi olduğunu iddia edir. Şişirdilmiş rəqəmlərdir. Türkiyədə ermənilərin rəsmi sayının 80 min nəfər olduğu halda, kriptoermənilərə dair göstəricilər reallığı əks etdirmir. İstənilən halda, Həmşin bölgəsinin əhalisini nə «müsəlman ermənilərə», nə də «kriptoermənilərə» aid etmək absurddur. Üstəlik, Osmanlı statistikasına əsasən, 1915-ci il hadisələri ərəfəsində Həmşində cəmi 14 erməni vardı və onlar da Rusiya imperiyası ərazisinə deyil, Ərzurum kəndlərinə köçürülmüşdülər. Həmşinlilərin etnik kökənini, tarixini öyrənmədən onlar haqqında belə qənaətə gəlmək çirkin siyasi məqsədlərdən xəbər verir. Həmşinlilərin türk olması özlərində şübhə doğurmadığı halda, onlar «erməni» damğası vurmaq böyük yanlışlıqdır. Belə sərsəm və etnosiyasi məqsəd güdən iddialar əslində ləhcə fərqinə və özəl adətlərə görə şəkililəri, muğanlıları, qubalıları, qarabağlıları, naxçıvanlıları və ya şirvanlıları «etnik qrup» və ya «əlahiddə xalq» adlandırılacaq qədər gülünc və məntiqsizdir. On bir gün ərzində Rizə ətrafında, Həmşin, Çamlıhəmşin, Hopa, Sarp, Kamalpaşa və s. bölgələrdə, ucqar dağ kəndlərində oldum, müxtəlif insanlarla - yaşı 90-nı ötmüş qoca kəndlilər, imamları, gənclər, ziyalılarla görüşdüm. Məişətləri, mətbəxləri, geyimləri, adət-ənələri, folklorları, qədim tikililəri, damca işarələri, məzar daşları və s. ilə tanış olmaq imkanı qazandım. Və bir daha erməni iddialarının nə dərəcədə sərsəm və məkrli olması qənaətinə gəldim.

Məlumdur ki, 2010-cu ildən etibarən Ermənistan Respublikası «erməni məsələsində», qondarma «erməni soyqırımının» tanıdılmasında, eləcə də bu ölkədə Azərbaycana qarşı təbliğatın qurulmasında Türkiyədə yaşayan həmşinlilər amilindən geniş istifadə etməyə başlayıb. Məqsəd bir tərəfdən Türkiyə ərazisində yaşayan erməniləri etnik azlıqdan etnik çoxluq səviyyəsinə qaldırmaq, Türkiyəyə ərazi, təzminat iddialarının reallaşdırılması, qondarma «erməni soyqırımının» tanıdılması və bu gün iqtisadi blokadada qalan Ermənistan üçün daha vacib vəzifə - sərhədlərin açılması üçün rəsmi Ankaraya təzyiq vasitəsi kimi yeni «sosial baza» və siyasi bəhanələr formalaşdırmaqdır. İlk baxışda əhəmiyyətsiz məsələ kimi görünür. Lakin Ermənistan addım-addım irəliməkdədir. Türkiyədə Qərb multikulturalizm siyasətinin uğursuz modeli olan «demokratik açılım» layihəsi sayəsində son illərdə burada etnik münasibətlərin tənzimlənməsi istiqamətində təhlükəli mühit yaranmış, etnik və dini separatizm meylləri sürətlə ölkəyə nüfuz etdirilmiş, Ermənistanın və onun havadarı olan məlum dövlətlərin bu istiqamətdə təbliğat imkanları genişlənib. Bununla da, Türkiyə guya «müsəlman ermənilərin hüquq və azadlıqlarının pozulmasına», onların «etnik-dini mənsubiyyətlərinə görə təqib edilməsinə» və «zorən assimilyasiyasına» dair yeni ittihamlarla qarşılayıb. Təəssüf ki, qardaş Türkiyə Qərbin liberal dairələrini qıcıqlandırmamaq üçün son illərədək bu fəaliyyət qarşısında susub.


Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ
- Ermənilər «zorən müsəlmanlaşdırılmış ermənilər» və «Həmşin erməniləri» məsələsini gündəmdə saxlamağa çalışır. Bunun üçün hansı yollara əl atırlar?

- Bu gün Rusiyada, İranda, Avropa dövlətlərində, ABŞ-da 30-dan çox erməni təşkilatı «zorən müsəlmanlaşdırılmış ermənilər» və «Həmşin erməniləri» məsələsini gündəmdə saxlamaqdadır. Türkiyədə fəaliyyət göstərən 70-dək erməni fond və dərnəyi, 57 dini vəqfi bu və ya digər səviyyədə onlara yardm göstərməkdədir. Bu işdə Ermənistanda, Rusiyada, Fransada, İranda, ABŞ-da, Almaniyada, hətta türkiyədə yaşayan Raffi Hovanesyan, Karo Paylan, Karen Xanlaryan, Rakel Dink, Sevan Nişanyan, Fethiye Çetin, Aram Movsisyan, Melina Anumyan, Saida Ohanyan, Yervant Baret Manok, Hikmet Akçiçek, Mahir Özkan, Vamık Volkan, Tamar Nalcı, Boqos Levon Zekiyan, Evrim Kepenek, Erol Ketençi, Halil Berktay, Murat Belge, Lüsine Saakyan, Aram Movsisyan, Hovan Simonyan, Mixail Ağacanyan, Sergey Vardanyan, Qayane Çobanyan, Armenak Abramyan, Armen Ter-Sarkisyan, Norat Ter-Qriqoryants, Ruben Melikonyan, Qafur Türkay, Gevorq Akopyan, Araqats Ahoyan, Haykazun Alvrtsyan, Raffi Bedrosyan, Taner Akçam və bu kimi digər ünsürlər xüsusi fəallıq göstərirlər. Təssüf ki, onların arasında az da olsa, Ermənistanın və bəzi baynəlxalq təşkilatların paraları hesabına öz etnik kimlikləri ilə bazarlıq edən üzdəniraq «həmşinlilər» də vardır.

Bütün bunlar özlərini tarixən etnik türk və müsəlman kimi identifikasiya edən, ermənilərlə nə genetik, nə də etnomədəni səviyyədə heç bir yaxınlığı olmayan həmşinlilərin də ciddi narazılığına səbəb olub. Odur ki, erməni iddialarının nəticələrini daha aydın dərk edən Azərbaycanın bu məsələyə reaksiyasını qardaş sayıqlığı kimi dəyərləndirmişlər. Həmşinlilər də «Dağlıq Qarabağ münaqişəsini» Türkiyə üçün hazırlanmış təxribat-pozuculuq ssenarisinin predmeti hesab edirlər. Digər tərəfdən, həmşinlilər bölgədə ermənilərin Həmşin türklərinə qarşı törətdikləri soyqırım cinayətlərinin, onlara məxsus maddi-mədəni irs nümunələrinin dağıdılmasının və mənimsənilməsinin araşdırılmasını da təkid edirlər. Odur ki, bu gün həmşinlilərin yardım üçün Azərbaycan araşdırmaçılarına və jurnalistlərinə müraciət etmələri tamamilə təbii qarşılanmalıdır.


Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - MÜSAHİBƏ
Tarixi sənədlərə görə, Osmanlı dövlətində İttihad və Tərəqqi Cəmiyyətinin təşəbbüsü ilə yaradılmış hərbi kəşfiyyat və əks-kəşfiyyat xidməti (Teşkilat-ı Mahsusa) 1915-1917-ci illərdə Ənvər Paşanın əmrinə əsasən, Gürcüstanla sərhədləri möhkəmləndirmək, erməni təxribatlarının qarşısını almaq, burada sabitliyi qorumaq məqsədilə dağ kəndlərində, Rize ətrafında yaşayan yarımoturaq həmşinlilərin bir hissəsini indiki Hopa, Kamalpaşa, Sarp ərazilərinə köçürmüş, onları silahlandırmış və çevik milis dəstələri yaratmışdı. Məhz həmşinlilərdən ibarət milis hissələrinin, qaçaq dəstələrinin qəhrəmanlığı sayəsində erməni silahlı birləşmələri bölgədə böyük itkilər verib geri çəkilmişdilər. Təkcə könüllülərdən ibarət kiçik bir dəstə Artvin dağlarındakı döyüşlərin birində 300-dək erməni quldurunu məhv etmişdi. Bu döyüşlər, ermənilərin kütləvi cinayətləri barədə Türkiyə arxivlərində kifayət qədər və öyrənilməsi vacib olan material vardır. Həmşin fəalları ilə söhbət zamanı onlar bu faktı da arqument kimi dilə gətirirlər: «Əgər həmşinlilər erməni kökənli olsaydılar, Ənvər Paşa bizim dədələrimizi daşnak və ruslara qarşı mübarizəyə səfərbər etməzdi»…

Amin Nəzərli

Müsahibənin ikinci hissəsi növbəti gün yayımlanacaq

Femida.az