>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Artur Rasi-zadədən sonrakı nazirlər dilimizdə normal danışmalıdır” - Sabir Rüstəmxanlı

“Artur Rasi-zadədən sonrakı nazirlər dilimizdə normal danışmalıdır” - Sabir Rüstəmxanlı
Baş nazir Artur Rasizadənin martın 16-da Milli Məclisdə hökumətin illik hesabatını təqdim edən zaman Azərbaycan dilində çətinliklə danışması artıq bir neçə gündür medianın tənqid hədəfinə çevrilib. Azərbaycan Dövlət Dil Komissiyasının sədri və 22 ildir ölkənin baş naziri işləyən Artur Rasi-zadənin ana dilində hələ də səlist danışa bilməməsi qınanılır.

Eyni zamanda, bəzi nazirlərin və yüksək vəzifəli məmurların da dövlət dilimizdə normal danışa bilməməsi də tənqid olunur. Bu cür məmurlara Azərbaycanın prezidentinin Azərbaycan dilində səlist danışması, eyni zamanda prezidentin dövlət dilini öyrənməklə bağlı rəsmilərə etdiyi xəbərdarlıqlar xatırladılır.

Azərbaycan Dövlət Dil Komissiyasının üzvü, Xalq şairi Sabir Rüstəmxanlı baş nazir Artur Rasi-zadənin Milli Məclisdəki son çıxışına münasibət bildirib. S.Rüstəmxanlı ölkə.az-a açıqlamasında deyib ki, Azərbaycan dilində normal danışmaq hər bir dövlət məmurunun borcudur: “Azərbaycan mətbuatı baş nazir Artur Rasi-zadənin dünənki çıxışına elə yanaşır ki, guya bu, birinci dəfədir. Bu məsələ ilə bağlı vaxtilə mən Milli Məclisdə deputat olan zaman çox danışmışam. İndi Artur Rasi-zadənin yaşı çoxdur və ondan bu yaşında əlavə nə isə gözləmək olmaz. Amma ondan sonra gələn gənc nazirlər Azərbaycan dilində normal danışmağı bilməlidirlər”.

S.Rüstəmxanlı qeyd edib ki, hazırda bəzi nazirlər də Azərbaycan dilində səlist danışa bilmir: “Elə nazirlərimiz var ki, onlar da Artur Rasi-zadə kimi Azərbaycan dilində normal danışa bilmirlər”.

Hörmətli Artur Rasi-zadənin ana dilində yaxşı danışa bilməməsini tənqid edənlərə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli indiyə qədər dəfələrlə münasibət bildirib. Keçən ilin martında da Milli Məclisdə hesabatı təqdim edəndə eyni vəziyyət yaranmışdı və Akif Əli baş nazirə irad tutanlara belə cavab vermişdi: “Rus dilində təhsil alan adamların hamısının danışığında müəyyən ”aksent" ola bilər. Amma onun Azərbaycanca oxumasında heç bir problem yoxdur. Nazirlər Kabinetinin bütün sənədləri, sərəncamlar Rasi-zadənin imzası ilə gedir. Artur Rasi-zadə elə şəxsiyyətdir ki, heç zaman inanmadığı, oxumadığı yazıya qol çəkməz. O bütün qərarları oxuyur, sonra imza atır. Məsələn, bəzən mətndə elə ifadələri, hətta dil səhvləri tutur ki, məəttəl qalırsan. Hətta ən mötəbər qəzetdə ifadə səhvləri tutaraq mənə deyib ki, redaksiyaya bunun düz variantını demək lazımdır. O, Azərbaycan dilini təmiz bilir. Şifahi nitqində olan müəyyən deyim tərzi isə sovet dövrü təhsilindən qalma məqamlardır. Bunu şişirtməyə ehtiyac yoxdur".
“Yeni Müsavat”