>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı aktyor: "Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər"

Azərbaycanlı aktyor: "Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər"
Getdiyiniz məclislərdə, bəlkə də onunla qarşılaşmısınız. İstər ad günü məclisləri olsun, istər bayram şənlikləri. Rəngli saçları, bəzəkli qrimi, cingiltili səsi, nəşəsi və əyləncəsi ilə məclislərinizə və tədbirlərinizə maraq qatıb.
Sənətin iki növü var: biri tamaşaçılardan üç-dörd pillə yuxarıda – səhnədə, tablolarda, ekran arxasında olandır, digəri isə tamaşaçıların arasında, onların əhatəsindən olandır. Müsahibim ikinci növ sənətlə məşğuldur.
El məclislərində, bayram və əlamətdar günlərlə bağlı tədbirlərdə şən kloun və ya digər nağıl qəhrəmanları obrazlarında çıxış edən aktyor Ceyhun Əhədlə söhbətləşdik.

— Xoş gördük, Ceyhun bəy. Bizə özünüz haqda danışın, zəhmət olmazsa.
— Xoş gördük. Sizi və Sputnik Azərbaycan İnformasiya Agentliyinin bütün kollektivini salamlayıram. Mən Ceyhun Əhəd. Soyadım Məmmədovdur. Lakin çox rast gəlinən soyad olduğu üçün babamın adını ləqəb kimi götürmüşəm. Şamaxı rayonunun Meysəri kəndində maddi imkanı məhdud ailədə doğulmuşam. 1994-cü il fevral ayının 11-də dünyaya göz açmışam. Şəxsiyyət vəsiqəsində 1992-ci ildə doğulduğum qeyd olunub. O dövrün şəraitindən asılı olaraq müəyyən səhvlərə yol verildiyi üçün təvəllüdüm səhv yazılıb. Bu səbəbdən orta məktəbə də, hərbi xidmətə də vaxtından tez getmişəm.
— Ali təhsil almısınızmı?
— Xeyr. Ailəm razı deyildi ali təhsil almağıma. Mən orta məktəb tədbirlərində, mədəniyyət evlərində müxtəlif tamaşalarda iştirak edirdim. Mədəniyyət və İncəsənət Universitetində oxumağı arzulayırdım. Bu arzumu ailəmə bildirəndə qəti etiraz etdilər. Həm seçdiyim sahəyə narazı idilər, həm də ali təhsil almağım üçün maddi imkanlarının yetməyəcəyini dedilər. Mən də orta məktəbi bitirəndən sonra hərbi xidmətə getdim. Ədəbiyyata, musiqiyə, teatr və kinoya həddən artıq marağım vardı. Elə indi də tez-tez teatr tamaşalarına, kinoteatra gedirəm. Hərdən şeirlər yazıram, bacardığım qədər pianinoda müxtəlif melodiyalar bəstələyirəm.
— Hərbi xidmətdən sonra da İncəsənət Universitetinə sənəd vermədiniz?
— Bilirsiniz, ümumiyyətlə İncəsənət Universitetinin aktyorluq, rejissorluq ixtisaslarına qəbul qaydaları ilə razı deyiləm. Düzdür, sonradan bu ixtisaslara qəbul üçün test imtahanından keçməklə bağlı qaydanı ləğv etdilər. Amma mən ötən illərin məzunu olduğumdan indi də o ixtisaslara sənəd vermək üçün test imtahanından keçməliyəm. Bu da mənə görə düzgün deyil. Bir aktyor üçün riyaziyyat bilməyin nə dərəcədə əhəmiyyəti var ki?

— Necə oldu ki, kloun işinə başladınız?
— Bir yaxın dostum vasitəsi ilə bu işin təşkilatçılarından biri ilə tanış oldum. Onun yanında işləməyə başladım. Tez müddətdə proqramı götürdüm. Daha sonra o təşkilatçı ilə yollarımız ayrıldı. Mən də özüm kostyumlar tikdirdim, reklam yayımladım və özüm bu işi qurdum.
— Ailənizdə yenə narazılıq oldumu?
— Əlbəttə. Çox çətinliklə qurdum bu işi. Ailəm və qohumlarım qəti razı deyildilər. Onlar mənim inşaatda fəhlə işləməyimi, marketdə, bazarda satıcı olmağımı, maşın salonunda maşın yumağımı istəyirdilər. Bir dəfə bir qohum məclisində uşağa hədiyyə kimi kloun obrazında çıxış etmək istədim. Atam buna görə mənimlə mübahisə etdi və icazə vermədi. Bizim bölgə — ailəmiz və nəslimiz bu işi mənfi hal kimi qəbul edir.
— Azərbaycanın bütün bölgələrində nəinki klounada, ümumilikdə aktyor sənəti birmənalı qarşılanmır.
— Bilirəm. Lakin bizdə daha çox idi sanki. Bir dəfə kloun işinə getdiyimi öyrənən anam məni evdən buraxmadı. Sonra atam, bibimoğlu, əmimoğlu işə qarışdı. Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər və evə qapayıb çölə çıxmağıma icazə vermədilər. Sonra da çox uzun müddət bu münaqişələr davam etdi. Bəzən buna görə küçələrdə, ya da dost-tanışın yanında qalmağa məcbur oldum.
— Bəs necə oldu ki, qəbul etdilər?
— Artıq bu qənaətə gəlmişəm ki, insanlar üçün puldan daha vacib nəsə yoxdur. Mən işləyib pul qazandıqca, ailəmə, qohumlarıma maddi dəstək olduqca onlar da işimi qəbul etməyə başladılar. Mənim işimi qəbul etməyən ailəmə pul gücünə qalib gəldim.
— Bu iş prosesi – bu sənətə olan münasibət, dövlət dəstəyi və digər məsələlər sizi qane edirmi?
— Münasibətlər insanlara görə fərqlənir. Bəzən bizi dəvət edən ailələr mehriban, mədəni münasibət göstərir, hörmətlə yanaşırlar və onların məclisi də daha yaxşı keçir. Bəzən də bizi dəvət edən adamlar sanki ələ salmaq üçün dəvət ediblər. Paltarımızı dartır, qrimimizə, saçımıza əl atırlar. Dövlət dəstəyinə gəlincə, dövlət necə bir dəstək göstərə bilər ki? Mən hər hansı dövlət proqramında bu sənətlə məşğul olan təşkilatçılara və aktyorlara aid nəsə görməmişəm. Məsələn, mən çox istərdim ki, mənim ofisim olsun, təşkilatım böyüsün, yeni və maraqlı personajlar gətirmək, daha çox reklam etmək üçün imkanım olsun. Lakin adicə banka gedib kredit götürmək istəyəndə o qədər sənəd tələb edirlər, o qədər yerlərə göndərirlər ki, axırda özün pul verib demək istəyirsən ki, "əl çəkin məndən".
— Bu işdən əldə etdiyiniz gəlir təşkilatınızı böyütməyə kifayət etmirmi?
— Etmir, əlbəttə. Çünki biz mövsümlə işləyirik. Ramazan, Məhərrəm və Səfər aylarında iş olmur. İlin üç ayı belə getdi. Yanvarın sonları və fevral ayı boyunca soyuqlarla əlaqədar yenə iş səngiyir. Əsasən mart, may, sentyabr və dekabr aylarında işləyə bilirik. Bu işlər ərzində yığdığımız pulu da digər vaxtlarda xərcləmək üçün qənaət etməli oluruq.

— Kollektivinizdəki aktyorlar peşəkarlardan ibarətdir, yoxsa həvəsakarlardan?
— Peşəkar da var, həvəskar da. Peşəkarlıq diplom almaqdırsa, mən də peşəkar deyiləm. Kollektivdə elə qeyri-peşəkar aktyorlar var ki, peşəkarlardan daha məsuliyyətlidirlər və daha yaxşı proqram apara bilirlər. Əfsus ki, bilik və bacarıq diplomla ölçülür. O da olmayınca, olursan qeyri-peşəkar.
— Əslində, peşəkar aktyorlarımız teatrdan və kinodan əldə etdikləri gəlirdən narazıdırlar. Həqiqətən də gəlir onlara yetəcək qədər deyil. Məncə, sizin işinizdə daha çox gəlir var.
— Əlbəttə, teatrda işləyən aktyorlar bu işdən daha çox gəlir əldə edə bilərlər.
— Sizcə bu doğrudurmu? Belə olmalıdırmı?
— Belə olmamalıdır. Lakin məlum vəziyyət belədir. Teatrın maaşı heç 200 manat deyil. Mənim kollektivimdə Elməddin Dadaşov adlı aktyor var. Musiqili Teatrın aktyorudur. Sizə də müsahibə vermişdi. Onun iki övladı var. Teatr maaşı ilə iki övladı böyütmək olarmı? Əlbəttə, mümkün deyil.
— Bəlkə biraz qeyri-etik sual olacaq, cavablandırmaya da bilərsiz. Hər bir proqram üçün təyin etdiyiniz qiymət sizi və müştəriləri qane edirmi?
— Ticarətdə həmişə satıcı ucuzluqdan, alıcı bahalıqdan narazı olur. Bu, təbii prosesdir. Məsələn, mən tək klounun bir saatlıq çıxışı üçün müştəriyə 30 manat deyirəm. Burda reklam, qrim, kostyum, rekvizit və gediş-gəliş xərcləri var. Əgər həmin işə başqa aktyoru göndərsəm, yəni özüm çıxış etməsəm olduqca cüzi məbləğ qalır. Müştərilər isə həmişə bu qiymətdən narazıdırlar.
— İstər sənət adamları, istər qeyri-sənət adamları, kloun sənətinə aşağılayıcı münasibət bəsləyirlər. Qeyri-sənət adamları müzakirə mövzumuz deyil. Bir aktyorun bu sahəyə mənfi münasibət bəsləməsi isə biraz qəribədir. Olubmu ki, iş təklif etdiyiniz aktyorlar sizə rişxəndlə yanaşıb təklifinizi rədd etsinlər?
— Olub. Təklifdən imtina edə bilər. Bu onun öz işidir. Amma aşağılayıcı münasibət bəsləməsi aktyorun öz zəifliyidir. Sən aktyorsan axı. Bütün obrazlar, bütün qəhrəmanlar, bütün xarakterlər sənin üçün sənət olmalıdır. Niyə kütlənin içində olan, onlarla üzbəüz dayanıb performans göstərən, insanların əyləncəsinə xidmət edən sənət sahibləri rişxəndə, məsxərəyə, lağ-lağıya tuş gəlsin ki? Bir aktyorun belə düşünməsi faciədir. Onda biz aktyor olmayanlardan nə gözləyək?
— Müasir Azərbaycan filmlərindən birində — "Gizlənpaç" filmində klounların şəxsi həyatından bəhs edilir. Bu filmə baxmısınızmı?
— Baxmışam.
— Oradakı hadisələr reallığı əks etdirirmi?
— Müəyyən məqamlar həqiqətdir. Müəyyən məqamlarda isə sənət ələ salınıb, alçaldılıb. Bəlkə elə onu da cəmiyyətin dilindən veriblər. Amma biraz da bunun sənət olduğuna, hörmətlə yanaşılmasına dair təbliğat aparılmalı idi.
— Sizə elə gəlmir ki, Azərbaycanda kloun proqramları uşaqların əyləncəsindən daha çox böyüklərin əyləncəsinə hesablanır?
— Bu hal istisna deyil. Amma şəxsən mən belə etmirəm. Çünki mən o məclisə uşaqlar üçün dəvət olunmuşam. Onu da deyim ki, böyüklərlə işləyən klounlar daha çox qazanırlar. Uşaq ad gününə gedib, amma uşaqlar qalıb bir kənarda, böyüklərlə danışır, böyüklərlə oyun keçirir, böyüklərlə rəqs edirlər. Bununla pul toplayırlar. O puldan daha önəmli olan isə uşaqların sevinməsidir. Buna görə mən özüm də çıxışımda uşaqlara daha çox vaxt ayırıram, kollektivimdəki aktyorlara da uşaqlarla daha çox vaxt keçirmələrini tapşırıram.
— Bildiyimə görə çoxlu xeyriyyə tədbirlərinə gedirsiz.
— Bəli, mən xeyriyyə tədbirlərinə çox gedirəm. Çünki mən uşaqları çox sevirəm. O ki qaldı, kimsəsiz, tərk edilmiş, xəstə uşaqlar olanda çox kövrəlirəm, ürəyim dözmür. Buna rəğmən onların qarşısında çıxış etmək, onları az da olsa əyləndirmək, sevindirmək məni xoşbəxt edir. Hər ay bir-iki xeyriyyə tədbirində oluram. Hardan eşitsəm, gedirəm, təklif gəlsə, təmənnasız qəbul edirəm. Bəzən özüm də bu cür tədbirlər təşkil edirəm. Axı o uşaqlara bizim dəstəyimiz, köməyimiz lazımdır. Onların həyatdan küsməmələri, sevinci, əyləncəni dadmaqları gərəkdir.
— Müsahibə üçün təşəkkür edirəm, Ceyhun bəy.
— Çox sağ olun. Mən də sizə çox böyük təşəkkürümü bildirirəm. Sizin müsahibələri çox oxuyuram. Görürəm ki, siz daha çox unudulmuş, yaddan çıxmış, diqqətdən kənarda qalmış sənət adamlarına diqqət göstərirsiz. Buna görə xüsusi minnətdaram həm sizə, həm də Sputnik Azərbaycana.