>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanın Ukraynadan "Qrom-2" raketini alması sirri necə yayılıb? - HƏRBİ EKSPERT

Azərbaycanın Ukraynadan "Qrom-2" raketini alması sirri necə yayılıb? - HƏRBİ EKSPERT
Ukraynada “Qrom-2” operativ-taktiki raketləri sınaqdan keçirilib. “Qrom-2” operativ - taktiki raketləri 280 kilometr məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da taktiki-texniki parametrlərinə görə “İsgəndər-M” raketlərinin göstəricilərinə yaxındır.

Xarici media orqanları isə sözügedən operativ-takriki raketlərdən Azərbaycanın da sifariş etdiyini və bu raketlərin silah arsenalına əlavə ediləcəyi barədə məlumat dərc ediblər.

Bu kimi məlumatların hərhansısa bir formada mediaya sızması hərbi sirrin yayılması demək deyilmi? Bu barədə BiG.AZ-a danışan hərbi ekspert Ramil Məmmədli bu məlumatların yayılmasını hərbi sirrin yayılması kimi qiymətləndirdiyini və hərbi texnika ticarəti ilə məşğul olan şirkətlərin rəqabətinin bu informasiyaların yayılmasına təsir göstərdiyini bildirib:

"Hərbi sahədə olan bir çox məsələlər hərbi sirr sayılır. Xüsusilə də müharibə şəraitində yaşayan ölkələrdə buna ciddi şəkildə yanaşmaq lazımdır. Azərbaycan da bu kimi ölkələr siyahısındadır ki, hər bir məlumata çox diqqətlə yanaşmaq lazımdır.

Hərbi sənayə ticarəti sahəsində fəaliyyət göstərən bəzi şirkətlər informasiyaları yaymaqla məşğuldurlar. Yaxud onlar arasında olan sağlam, yaxud qeyri-sağlam rəqabət həmin informasiyaların yayılması ilə nəticələnir ki, bu da bəzən xoşagəlməz vəziyyət yaradır. Təbii ki, bu yolverilməz bir haldır. Mən inanmıram ki, Azərbaycan Müdafiə Nazirliyi bu kimi vacib informasiyaları sosial mediaya sızdırsın yaxud buna şərait yaratsın".