>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"BAĞIŞLAYIN, SİZ ALLAH, ÖLƏ BİLMƏDİK"...

"BAĞIŞLAYIN, SİZ ALLAH, ÖLƏ BİLMƏDİK"...
Veteranların problemləriylə bağlı xeyli söhbətləşdik. Müsahibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müavini Vahid Abdurəhmanovdur...


E. S. - Veteranlardan saytımıza tez-tez şikayətlər daxil olur. Xüsusən məmur özbaşınalığı və müharibə iştirakçılarına qarşı mənfi münasibətli şəxslərin vəzifələrdə çoxalmasını əminliklə deyə bilərik. Bu barədə münasibətinizi bilmək maraqlı olardı?

V. Ə. - Öncə saytınıza minnətdarlığımızı bildiririk. Veteran problemlərinin həllində sizin dəstəyinizi hər zaman hiss etmişik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiylə bölgələrdə yaşayan müharibə iştirakçılarının problemlərini araşdırdıq. Doğrusu rastlaşdığımız mənzərə heç də ürəkaçan deyil. İstər məişət problemləri, istər sosial problemlər, istərsə də sağlamlıq problemləri yaş artdıqca daha da artıb. Çünki səngər həyatı hər bir döyüşçüdə bir iz buraxıb. Bilməliyik ki, uzun müddət döyüş bölgəsində vətəni qoruyan, sinəsini sipər edənlərdən bəziləri ölməsə də, mühitin onlara qazandırdığı xəstəliklərlə bərabər bir ömür boyu yaşamaq məcburiyyətində qalırlar. Döyüş anında hərbçini ölümdən qoruyan səngər, həm də onun xəstəlik mənbəyi rolunu oynayır. Beləcə onlar “səngər xəstəlikləri”nin daşıyıcısına çevrilirlər. Müalicəsislik, imkansızlıq bir çox veteranlarımızın vaxtsız dünyadan köçmələrinə səbəb olub. Vaxtsız sıralarımızı tərk etmiş veteranların yaş statistikası 49-55 yaş arasında dəyişir. Həyacan təbili çalmaq zamanıdır. Müharibə şəraitində yaşayan bir ölkədə, veteranı fəraridən "ucuz" tutmaq olmaz. O vaxtlar hansı yollarlasa gizlənmiş birisinin veterana, şəhid ailəsinə "mən göndərməmişəm" deyə bilməsi məmur cəzsızlığının bir nümunəsidir. Düşünürəm ki, bu xüsusiyyətlər araşdırılaraq yeni qanun layihəsi hazırlanmalıdır.

E. S. - Ölkədə veteranlar haqqında bir tendensiya var: "Müharibədən niyə sağ qayıtmısınız?"

V. Ə. - Doğru tutmusunuz. Birincisi, müharibənin öz qanunları var. İkincisi, Allah bizi qoruyubsa, bizmi günahkarıq? Belə dar düşüncəli adamlara demək istəyirəm ki, bağışlayın, siz Allah, ölə bilmədik. Ona görə də müharibə iştirakçılarının problemlərinə aid məsələlərdə bizim mövqeyimiz nəzərə alınmalıdır. Lakn aidiyyatlı orqanların "öz doğma döyüşçüləri" var. Hardan tapıb çıxarırlarsa, biz onları tanımırıq. Yaxşıdır ki, onlar da heç müharibənin nə olduğunu bilmirlər. Bu artıq cinayətdir.

E. S. - Milli Məclis 2017-ci il büdcəsini müzakirə edir. Bu dəfə də "Qan pulu" adı qoyulan vəsaitə yer ayrılmayıb...

V. Ə. - Büdcə layihəsinin "Xərclər" bölümündə ayırma yoxdur. İllərdir ki, Konustitusiya Məhkəməsinin də təsdiq etdiyi haqlar ödənilmir. Müdafiə Nazirliyi bu vəsaiti zamanında Azərsığorta DSŞ-nə ödədiyini bildirib. Artıq şəhid valideynlərinin böyük hissəsi dünyasını dəyişib. Onlarla müharibə əlili vəfat edib. Belə çıxır ki, Beynəlxalq Bankın borcuna milyonlar tapan hökumətimiz, bu insanların ölüb sıradan çıxmalarını gözləyirlər. Əslində bankın pullarını talan etmiş adamlar bəllidir. Bu pullar onlara ödədilməlidir. Xalqın, millətin və torpağın uğrunda qanı axmış insanların haqqına girib bu işə rəvac verən Nazirlər Kabineti düşünməlidir. Baş Nazir A. Rasizadə hesabatında bu məsələyə aydınlıq gətirməlidir.

E. S. - Azərbaycan Respublikasının "Veteranlar haqqında" Respublika Qanunu var. Bu qanun sizləri qane edirmi?

V. Ə. - Əslində çox mütərəqqi qanundur. Amma icra olunmasına nəzrət mexanizmi yoxdur. Qanuna görə bizim təşkilat Mərkəzi Qərargahla təmin olunmalıyıq. Subyekt kimi "İcraçı orqanlar" göstəriilir. Amma biz hamı kimi icarə haqqı ödəyirik və 22 ildir ki, bu ölkədə o "icraçı orqanı" tapa bilmirik. Prinsipcə biz bilirik, amma o orqanlar bu adı bboyunlarına götürmürlər. Yaxud Qanun Ve Icra ən böyük veteran təşkilatı kimi büdcədən maliyyələşməni tövsiyyə edir. Lakin bu barədə edilən müraciətlərə cavab belə verilmir. AVMVİB 60 min veteranı öz ətrafında birləşdirən və hər zaman dövlətçiliyin, ölkə Prezidentinin yanında olan bir təşkilatdır. Belə bir Qanunun icra olunmaması onun müddəalarının keçərsiz söz yığınına çevrilməsinə səbəb olur.

E. S. - Bu məsələrlə bağlı hansısa təkliflər planı hazırlamısınız?

V. Ə. - Hazırda ilin yekunlarıyla bağlı belə bir təkliflər planımız da hazırlanır. Lakin son ildə etdiyimiz müraciətlərə cavab verməmək halları çoxalıb. Deyəsən məmurlar həddən artıq yorulublar. Məsələn Qaçqınkoma etdiyimiz təkliflərlə bağlı müraciətə 6 ay vaxt ötsə də cavab verilməyib. Yenidən müraciət etməyi düşünürük.

E. S. - İşlərinizdə uğurlar arzulayırıq.

V. Ə. - Sizə də uğur olsun.
fedai.az