>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”

Məşhur türkoloq: “Onlara bellərindəki xüsusi nişanı göstərdim...”
Teleqraf.com türkçülük ideologiyası mövzusunda tanınmış tatar aydın, ictimai-siyasi xadim, türkçülükdə yeni nəzəriyyə və konsepsiyaları ilə diqqəti çəkən Zinnur Aqluyllimla müsahibəni təqdim edir.

- Əvvəlcə özünüz haqqında qısa məlumat verməyinizi istərdik...

- Məni Tatarıstanda tatar milli hərəkatının qurucularından biri kimi təqdim edə bilərsiniz. Biz 1990-cı illərdə küçələrə minlərlə insan çıxara bildik. O zaman parlamentin qarşısında on minlərlə insan topladıq və Tatarıstanın müstəqilliyinin elan edilməsinə nail olduq. Bundan sonra məni tatar milli hərəkatının rəhbəri seçdilər. 1992-1993-cü illəri bu cür yaşadıq. Daha sonra çalışdıq ki, müstəqilliyi referendumla daha da gücləndirək. Əhalinin 63 faizi müstəqilliyə tərəfdar çıxdı, bir neçə ay sonra konstitusiya qəbul edildi. Daha sonra müəyyən işlər gördük. 1994-cü ildə müstəqilliklə bağlı saziş imzalandı. Lakin bu saziş kağız üzərində qaldı. Tatar dilində məktəblər yaradıldı. Ədəbiyyat və tarix fənləri tatar dilində keçirildi və s. Ancaq son dövrlər bunun əksi baş verir. Bu faktiki olaraq tatarların dilini itirməsi təhlükəsidir.

- Bakı səfəriniz nə ilə bağlıdır?

- Səbəblərdən biri bizim vəziyyətimizi anlatmaqdır. Ən mühüm səbəb isə hazırladığımız yeni konsepsiyanı tanıtmaqdır. Bu konsepsiyada strateji məsələlər əksini tapıb. İndi daha çox türkçülük nəzəriyyəsi, türk tarixi üzərində işləyirik. Çünki biz artıq küçələrə çıxa bilmirik, odur ki, məcburuq türkçülüyün nəzəriyyəsi, ideologiyası ilə məşğul olaq. Bizim işimiz yalnız tatarlar deyil, bütövlükdə türklər üçündür. Əgər türk dünyası birləşərsə, Azərbaycan da, Qazaxıstan da, elə Tatarıstan da güclü olar. Türk dünyasının güclənməsi lazımdır. Məsələn, biz niyə Kazan dövlətini, Kazan xanlığını itirdik? Çünki islamın çətiri altında zəiflədik. Sonda da Kazan xanlığını itirdik. Son 100 ildə isə biz türk dünyası olaraq geriyə düşmüşük. Əlbəttə, islam bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. İslam bizi müəyyən qədər dəyişdi. Daha sonra SSRİ dəyişdi. Ancaq bu proses islamla başladı. İslam ərəblərə daha yaxındır, nəinki biz türklərə. Və ya Azərbaycan kommunistlərinə rus, erməni, qazax kommunistləri daha yaxındır, nəinki azərbaycanlılar. İdeologiya tanınma əlamətlərini belə dəyişir, özününkü və ögey ayrımları gətirir. Ancaq biz indi türk əlamətlərinə dönürük. Türklər hər yerdə türk olduğunu bilməlidir. Bu məsələdə onların harada yaşamasının əhəmiyyəti yoxdur. Biz türklər bir qanın daşıyıcılarıyıq. Mən bunu sübut edə bilərəm. Bir millət sadəcə, üzü, siması ilə tanınmır. Əksinə millət dil, ruh və tarixi ilə tanınır. Biz Turan tablosuna aidik. Hər doğulan uşaq belindəki əlaməti ilə Turan coğrafi məkanına aiddir və bu, hər doğulan uşağın belindəki işarətlə bilinir. Bu, ciddi dəlildir. Tatarlar da, azərbaycanlılar da bura daxildir. Hətta yaponlar və koreyalılar da bura aiddir. Bizim üzümüz dəyişsə də, qanımız dəyişməyib.

Sizə bir maraqlı əhvalat danışım. Mən Türkiyədə xəzərlərlə söhbət etdim. Onlar Əfqanıstan xəzərləridir. Faktiki olaraq fars dilində danışırlar, amma türk mədəniyyətinin daşıyıcılarıdır. Heç biri türk dilində danışmır. Mən onlara sual etdim ki, gənclər, siz hansı dildə danışırsınız? Dedilər tələbəyik, əfqanıstanlıyıq. Dedilər, mədəniyyət baxımından özbəklərə yaxınıq, amma dilimiz farsdır. Mən qısa müddətə onlara sübut etdim ki, türkdürlər. Bədən əlamətlərini dedikdən sonra dərhal mənimlə razılaşdılar. Dedim, bu, Turan damğasıdır. Mənə təşəkkür etdilər, dedilər, zamanla dilimizi dəyişmişik. Baxmayaraq ki, mənə qədər fars dilində danışırdılar və özlərini əfqan hesab edirdilər. Sözsüz ki, biz onlara dəstək verməsək, başa salmasaq, farslaşmaqda davam edəcəklər.

- 100 il əvvəl Azərbaycanda da, digər türk ölkələrində də türkçülük ciddi inkişaf edib, böyük türkoloqlar ortaya çıxıb, Turançılıq nəzəriyyəsini irəli sürüblər. Sizin Turançılıq haqqında düşüncələriniz nədən ibarətdir?

- Bildiyiniz kimi, Qumilyov və digərlərinin Avrasiya nəzəriyyəsi var. Məsələn, onların araşdırmalarının bəziləri bizim əleyhimizədir. Turançılıq və türkçülük bir qədər fərqlidir. Yaponiya, Koreya, hətta Macarıstan da Turana daxildir. Sözümün canı odur ki, Turançılıq türkçülük deyil, amma türkçülüyə çox yaxındır. Turan torpaq deyil, bizim ailə, mədəniyyətdir. Məsələn, Ural-Altay ailəsi var, bu, əslində Turan ailəsidir. Yaponlar türk deyil, amma bizim qohumlarımızdır. Yəni bizim yaxın qardaşımız var, uzaq qardaşımız var.

- Xatırlayıram ki, Cənubi Koreyanın Bakıdakı səfiri mətbuata demişdi ki, əslində, biz bir millət, üç dövlətik...

- Əslində, bu fikirlərdə məntiq var. Koreya da türklərə yaxındır. Bizim qədim babalarımız hunlardır. Qumilyov deyirdi ki, türklərin hamısı hunlar deyil, amma hunların da hamısı türk deyil.

- Tatarıstan hər zaman türkçülük və turançılıq ideologiyasında baza rolunu oynayıb, öndə gedib. Biz Yusif Akçura, Qaspıralı, Mirzə Kazım bəy və digərlərinin adını çəkə bilərik. Hazırda Tatarıstanda böyük türkçülər varmı?

- Əlbəttə, Tatarıstanda böyük türkçülər var. Hətta hakimiyyətdə təmsil olunanlar da var. Məsələn, Rəfail Hakimov. Akademik Mirfateh Zəkiyevin də adını çəkə bilərəm. Mən onların fikir və düşüncələri ilə tanışam. Mən hazırladığım konsepsiyamı Bakıda tədim edəcəm. Fikrimcə, bu sizin sualınıza əsaslı cavab ola bilər. Tatarıstan hər zaman türkçülükdə ideoloji baza olub və bu mövqeyini heç zaman itirməyib. Məsələn, Krım tatarları 1990-cı ilin əvvəllərində SSRİ-də milli hərəkatların öncül liderlərindən idi. Hətta Pribaltikadan da öndə gəlirdi. Ancaq indi onlarda ideologiya zəifləyib, durumları bir qədər fərqlidir. Əlbəttə, bu bizim üçün yaxşı bir əlamət deyil. Bizdə VII cildlik “Tatar tarixi” əsəri yazılıb. Bu əslində, türk tarixidir. Maraqlısı odur ki, bu əsəri Amerika, Yunanıstan, Fransa və rus tarixçiləri yazıb. Hansı ki, əslində bu araşdırmanı bir tatar alimi edib. Lakin müəllif türk və ya tatar deyil. Sabah kimsə deyə bilməz ki, bir türk özləri haqqında belə əsər yazıb.

- Tatarıstanda fikirlərinizi ifadə etmək üçün türkçülərin qəzet, internet saytı və ya jurnalları varmı?

- Rusiyada bütövlükdə “Türk görüşü” adlı mətbuat var. Bunu mənim tələbələrim buraxır və rus dilindədir. Ancaq medianın böyük hissəsi nəzarət altındadır. Bununla belə ideoloji jurnallar davamlı olmasa da, mövcuddur. Eləcə də Elmlər Akademiyasının buraxılışları olur.
Ümumilikdə insanlara bunlar lazım deyil. Çünki hər yerdə olduğu kimi türk məmləkətlərində də əhalinin 50 faizi çörək, pul haqqında düşünür, yəni praqmatikdir. Ehtiyac yaranarsa, belə istiqamətli media orqanları da yaranacaq. Məsələn, 20 il əvvəl biz konsepsiya hazırladıq. Hətta Türkiyəyə getdik, bunu təqdim etdik, rəsmlərlə görüşdük. Ancaq o zaman hakimiyyətə AKP gəlmişdi. Bir qədər bizim konsepsiyaya maraq göstərdilər, lakin sonradan dövlətçilik ideologiyası olaraq Əhməd Davudoğlunun konsepsiyasını seçdilər. Bu da ondan doğur ki, AKP Yeni Osmançılıq nəzəriyyəsinə daha çox yaxın idi. Bizim konsepsiyamız boşuna getmədi, məsələn, Macarıstanda keçirilən Hun-Turan qurultayı bizim konsepsiya əsasında keçirilir.

- Bu konsepsiya barədə bir qədər ətraflı bilgi verə bilərsizmi?

- Bu konsepsiya metodoloji xarakterdədir. Bunu anlayan yüz il əvvəl nələrin olduğunu və yüz ildən sonra nələrin olacağını müəyyən edə bilər. Biz bu sahədə yeniyik. Ancaq elə xalqlar var ki, bunu yüz illər əvvəldən bilir. Kahinlər bunu daha yaxşı bilir. Amma biz türklərdə kahinlər heç vaxt olmayıb. Məsələn, məncə, Məhəmməd peyğəmbəri, Lenini, Marksı kahin saymaq olar. Yəni gələcəyi görən, onu planlaşdıran şəxsiyyətlər.

- Tatarıstanda hansısa qurumda işləyirsinizmi?

- Mən əvvəllər Kazanda, Şallıda və digər şəhərlərin universitetlərində konfranslar, məruzələr edirdim. Ancaq indi bütün qapılar bizim üzümüzə bağlıdır. Bizi tanıyırlar və millətçi olduğumuz üçün işləməyə yer yoxdur. Adətən evdə, bağımda işləyirəm. Üstəlik tələbələr də yetişdirirəm. Mənim tələbələrim Türkiyədə, Azərbaycanda və digər ölkələrdə keçirilən qurultaylarda ən qabaqçıl olurlar. Kazanda Türk Xalqlarının Assambleyası quruldu. Sonra türk xalqları gənclərinin beynəlxalq birliyi yaradıldı və s. Bu proseslərdə mənim tələbələrim qabaqda gedirdi. Sonra vəziyyət dəyişdi. İnsanlar daha çox yemək haqqında düşünməyə başladılar.

- Dünyanın Turançılıq ideologiyasına yanaşması necədir?

- İran-Turan məsələsini yəqin ki, bilirsiniz. Firdiovsinin “Şahnamə”si və s. Avropa hər zaman Turanla müqayisədə İrana simpatik yanaşıb. Bu həqiqətdir. Üstəlik Turana qarşı xristian Avropa bloku var. Bizim vəzifəmiz bu planı pozmaqdır. Onlar hər zaman öz ideya və konsepsiyaları uğrunda iş aparıblar. Bizim konsepsiya və ideyalarımız hanı? Vacibdir ki, biz öz konsepsiya və ideyalarımız uğrunda iş aparaq. Bunun üçün beyin mərkəzləri, institutlarımız olmalı, araşdırmalar aparılmalıdır. Çünki düşmənlər içimizdə problem yaradır, bizi bölür.

- Ancaq Avropa dövlətləri 100 il öncə bir-birilə müharibələr aparsa, qanlı qırğınlardan çıxsa da, indi Avropa Birliyi və digər qurumlar formatında birləşə biliblər. Türklərdə dil, din, qan yaxınlığı daha çox olduğu halda niyə bizdə belə birliklər mümkün olmur?

- Alman fəlsəfəsi var. Bunun üçün almanlar çox çalışdı. Bizdə bu proses yeni-yeni başlayır. Avropa inkişaf etdikcə birləşdi. Üstəlik onlarda siyasi mədəniyyət daha öndədir. Demokratiya olanda fikir rəqabəti olur, ən əhəmiyyətli fikirlər qəbul olunur. Bizə dmokratiya lazımdır, ancaq bu demokratiya bizi dağıdırsa, ona vacib instrument kimi baxmaya da bilərik. Türk birliyi olub. Tarix bunu deyir. Yəni bu ənənə var və gələcəkdə də olacaq. Bir zamanlar türklər dünyada lider idi, amma ideologiya baxımından uduzdular. Roma imperiyasını Atilla istila etdi. Sonradan hunları daxildən ayırdılar, dağıtdılar. Göytürklərə qədər türklər birgə idi. Uyğurlar hakimiyyətə gəldikdən və bolqarlar xristianlığı qəbul etdikdən sonra türk dünyasında parçalanma baş verdi. Əlbəttə, günah özümüzdə oldu. Çünki bizdə ciddi beyn mərkəzləri olmadı. Bizdə belə mərkəzlərin olması vacibdir.

- Azərbaycanın Qarabağ problemi var. Sizin bu haqda məlumatınız varmı?

- Sözsüz ki, bu problemdən xəbərim var və ola bilsin ki, informasiyam da sizdəkindən genişdir.

- Qarabağ problemi haqqında nə düşünürsünüz?

- Mən Qarabağ məsələsində uzman deyiləm. Ancaq müəyyən fikirlərimi demək istərdim.

Birincisi, Qarabağ münaqişəsinin mənfi və müsbət tərəfləri var. Müsbət tərəfi odur ki, Qarabağ probleminə qədər Azərbaycan xalqı yatırdı. Məhz bu münaqişədən sonra azərbaycanlılar ayıldı.

İkincisi, bu münaqişəyə qədər azərbaycanlılar özünü türk saymırdı. Amma bu münqaişədən sonra özlərini türk saymağa başladılar. Çünki ermənilər bu münaqişədə azərbaycanlılara türk kimi baxırdılar.
Üçüncü müsbət tərəfi odur ki, Azərbaycan xalqı indi hər zaman hazırlıqlıdır. Bu, həyati vacib məsələdir. Belə bir deyim var, “sülh istəyirsənsə, müharibəyə hazır ol”.

Məsələyə ermənilər tərəfindən və geniş formada baxsaq, görərik ki, erməni tərəfi strateji səhv buraxıb. Ola bilsin ki, taktiki baxımdan onlar qalibdir, amma strateji baxımdan ermənilər uduzan tərəfdir. Qonşularla müharibə etmək olmaz, qonşuya hörmətlə yanaşmaq lazımdır. Qonşu ilə müharibə etsən, həyatın qarmaqarışıq olacaq. Xüsusilə, nəzərə almaq lazımdır ki, əgər ermənilər Azərbaycanın yarısını belə işğal etsəydilər, azərbaycanlılar heç vaxt təslim olmayacaqdı.

Bir mühüm məqamı da qeyd etmək istərdim. Azərbaycanda Səfəvilər, Səlcuqlar kimi dövlət olub. Söhbət böyük dövlətdən gedir. Sonuncu türk Azərbaycan dövlətiniz Qacarlar dövlətidir. Yəni dövlətçilik təcrübəsi var. Bax, ermənilərdə bu yoxdur.
Onu da deyim ki, erməni siyasətçilər erməni xalqını faktiki olaraq zərbə altında qoyublar. Çünki bu münaqişəni yaradanlar, onu alovlandıran ermənilərin heç biri Ermənistanda yaşamırlar. Onlar milyonçudur və xarici dövlətlərdə yaşayıb diaspor işi ilə məşğul olurlar. Müharibənin isə onlara aidiyyəti yoxdur. Müharibə daha çox sadə erməni xalqına təsir edir. Sonra nə olacaq? Mən falçılıq etmək istəməzdim. Əgər ermənilərin uzaqgörənliyi olsa, bu məsələdə Azərbaycanla anlaşmaya getməlidirlər. Yox, əgər müharibə olacaqsa, burada müharibə qanunları öndə gələcək. Mən istərdim ki, bu münaqişə sülhlə həll edilsin. Çünki Rusiya, Amerika uzaqdadır, amma sən hər zaman Azərbaycanla qonşu olacaqsan. Sabah sən güclüsən, iki gündən sonra rəqibin səndən 3 dəfə güclü ola bilər. Əlbəttə, bunlar mənim şəxsi fikirlərimdir.

Ermənilər nəzərə almalıdır ki, 25 il əvvəllə müqayisədə indi vəziyyət dəyişib. Təsəvvür edin ki, sabah müharibə başladı. Bu halda məntiqlə ermənilərin köməyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan müttəfiqləri gəlməlidir. Sizcə, bu qurumda olan özbək, qırğız, türkmən və hətta taciklər gəlib Azərbaycana və azərbaycanlılara qarşı vuruşarmı? Bəlkə də 25 il əvvəl bu mümkün idi, ancaq indi mümkün deyil. Çünki onlar da bilir ki, Azərbaycan, azərbaycanlılar kimdir. Heç Belarus da ermənilərə dəstək verməz. Yeganə dəstəyi Rusiyadan ala bilərlər. Zaman irəlilədikcə, hər şey Ermənistanın əleyhinə işləyəcək. Mən dediyim kimi, ola bilsin ki, ermənilər bu gün taktiki uduş əldə ediblər, amma strateji baxımdan məğlub tərəfdirlər.