>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“KİV vasitəsilə ictimailəşdirilən müraciətlərə baxılmayacaq” - Daxili İşlər Nazirliyi

“KİV vasitəsilə ictimailəşdirilən müraciətlərə baxılmayacaq” - Daxili İşlər Nazirliyi
Son vaxtlar bəzi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciətlərinə rast gəlinir. Bir qayda olaraq müraciət müəllifləri əvvəlcə nazirin, o cümlədən daxili işlər orqanlarının ünvanına təriflər yazdıqdan sonra keçirlər sözlərinin, necə deyərlər, “mustafası”na: Daxili işlər nazirindən onları 5 dəqiqəliyinə də olsa qəbul etmələrini xahiş edirlər. Maraqlıdır, mətbuat vasitəsi ilə ictimailəşən belə müraciətlərə DİN-dən hansı reaksiya verilir.

Virtualaz.org-un bu sualını nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov cavablandırıb:

“KİV vasitəsilə ictimailəşdirilən müraciətlərə baxılmayacaq”
“KİV vasitəsilə ictimailəşdirilən müraciətlərə baxılmayacaq” - Daxili İşlər Nazirliyi
“Bəli, belə hallara biz də rast gəlirik. Az tanınan bir neçə sayt var ki, sanki məhz bu sahədə ixtisaslaşıblar. Kiminsə müraciətini ictimailəşdirməklə vəd verirlər ki, nazir səni dərhal qəbul edib dinləyəcək. Bununla da onlar rəhbərlik etdikləri mətbuat vasitəsini həm öz qanuni vəzifəsindən yayındırmış olurlar, həm də vətəndaşı aldadırlar. Çünki iş qrafiki daim sıx olan daxili işlər nazirinin KİV-də gedən hər müraciət əsasında qəbullar keçirməsi mümkün deyil. Hamıya məlumdur ki, nazir R.Usubov ayda iki dəfə vətəndaşların qəbulunu keçirir. Bunlardan biri, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq respublikanın müxtəlif bölgələrində, ikincisi isə DİN-in inzibati binasında keçirilir”.

Nazirlik rəsmisi əlavə edib: “Onu da qeyd edim ki, cənab nazirin ayda iki dəfə olan qəbul günləri barədə əvvəlcədən bütün KİV-də elanlar verilir. Bundan əlavə, DİN-in rəsmi veb saytında (www.mia.gov.az) daimi fəaliyyət göstərən onlayn müraciət forması və nazirliyin rəsmi elektron poçt ünvanı ([email protected]) da birbaşa müraciət etmək istəyən vətəndaşlarımızın ixtiyarındadır.

Buyurub rəsmi qaydada müraciət etsinlər. Əmin ola bilərlər ki, onların müraciətinə operativ və obyektiv şəkildə baxılacaq və özlərinə də bu barədə məlumat veriləcək. Kim ki, müraciətini KİV-lər vasitəsilə ictimailəşdirməklə cənab nazirin qəbuluna düşəcəyinə inanırsa, səhv edir. Bir daha deyirəm ki, belə müraciətlərə baxılmayacaq”.