>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

SAHƏ RƏİSİ VALEH SƏFƏROVUN “DEPOZİTİNDƏN” XƏTAİ POLİS RƏİSİNİN XƏBƏRİ VARMI?

SAHƏ RƏİSİ VALEH SƏFƏROVUN “DEPOZİTİNDƏN” XƏTAİ POLİS RƏİSİNİN XƏBƏRİ VARMI?
Valeh adını Google-da axtarışa vuranda rastımıza Valeh Səfərov adlı polis sahə rəisi ilə bağlı ölkə mətbuatında dərc olunan maraqlı məqalələrə rast gəldik.
Kiçik araşdırma apararaq Valeh Səfərovun sahə rəisi olduğu ərazinin sakinlərindən məlumat əldə etdik ki, Valeh Səfərov uzun illər Xətai RPİ-nin 37-ci polis bölməsinin sahə rəisi vəzifəsində çalışıb. Ancaq bu ilin əvvəlində “Qafqaz Xəbər Agentliyi” MMC-nin Süleyman Vəzirov 11 küçəsində yerləşən redaksiyasında baş verən oğurluq hadisəsindən sonra Valeh Səfərov barəsində Bakı şəhər BPİ tərəfindən xidməti yoxlama aparılıb və o tutduğu vəzifəsindən azad olunaraq Səbail RPİ-yə transfer olunub.

Xatırladaq ki, “Qafqaz Xəbər”qəzetinin əməkdaşları redaksiyaya gələrək redaksiyaya məxsus kondisionerin mühərrikinin mis freon borularının kəsilib oğurlandığını aşkar etmişdilər. Baş vermiş hadisə ilə bağlı DİN-in “102” xidmətinə müraciət olunub. Sonra isə oxşar hadisə təkrarlanıb. Lakin bu dəfə mis freonlar yox, iki kondisionerin mühərriki oğurlanıb. Və “Qafqaz Xəbər” əməkdaşları sahə rəisi Valeh Səfərova da müraciət etdikləri halda, laqeydliklə üzləşiblər. “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov LEGİON.AZ saytına bildirmişdir ki, çox güman ki, bu oğurluğu edən şəxslər mis materialdan olan freon boruları satmaq məqsədi ilə kəsib aparıblar. Onun sözlərinə görə, ilk hadisə olan zaman Xətai RPİ-nin 37-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. ”Oğurluqla bağlı ərizə verilib və izahatlar alınıb. Polis əməkdaşları bu cinayət hadisəsini tezliklə açacaqlarına söz veriblər. Lakin o vaxtdan bir müsbət nəticə yoxdur. Polis sahə rəisi Valeh Səfərov isə deyir ki, mənim təqaüdə çıxmağıma az qalıb, tez-tez belə şeylərə görə məni narahat etməyin”,- Araz Məmmədov bildirib.

Jurnalistlərin apardığı araşdırma nəticəsində məlum olub ki, redaksiyanın yerləşdiyi həyətdə təkcə redaksiyanın əşyaları oğurlanmayıb.

Belə ki, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı binaların sakinlərinin də əşyaları oğurlanması halları olmuşdur. Və bu oğurluqlarla bağlı binaların sakinləri dəfələrlə Xətai RPİ-nin 37-ci polis bölməsinə ərizə ilə müraciət etsələr də bir nəticəsi olmayıb. “KAT” MTK şəhərciyindəki yaşayış binalarının sakinləri bildiriblər ki, şəhərcikdə tez-tez velosiped oğurluğu baş verir. Sakinlər məsələ ilə bağlı polis orqanlarına, habelə Valeh Səfərova müraciət etdiklərini, lakin bu şikayətlərlə bağlı heç bir tədbir görülmədiyini qeyd ediblər. “Valeh Səfərov gəlib kamera görüntülərini götürür, çıxıb gedir. Sahə rəisinin bu laqeydliyi bizi ciddi narahat edir”, – deyə şəhərciyin sakinləri əlavə edib. “Jurnalistlərimiz redaksiyanın həyətində əşyaları oğurlanan sakinlərlə görüşüblər. Onlardan bir çoxu şəhərciyin ərazisindəki binaların arasında “Valeh” adlı bir BOMJ-un (daimi yaşayış yeri olmayan, avara-tüfeyli adam) gəzdiyini vurğulayıbar. Deyilir ki, həmin “BOMJ” gündüzlər şəhərcikdəki binaların, obyektlərin, o cümlədən redaksiyanın da həyətində gəzərək guya dilənçilik edir, zibil yeşiklərində yemək axtarır. Ancaq gecə yarıdan keçəndən sonra , həyətdən əl-ayaq yığışan kimi, əlinə keçən nə varsa aparır və çox güman ki, oğurluq əşyaları alan dəstələrə dəyər-dəyməzinə satır.

Bax belə, indi oxucu özü bu istehzalı olayla tanış olanda bilmirəm kimə VALEH olacaq; oğruya, yoxsa sahə rəisi olan polisə?!…. Amma fakt faktlığında qalır: redaksiyanın iş otaqlarını qızdıran kondisonerlərin mühərriklərinin oğurluğu bu günə qədər açılmamışdır”,-redaksiyadakı oğurluqla bağlı yazıda deyilirdi.

Ancaq Valeh Səfərov tutduğu vəzifəsindən azad olunaraq Səbail RPİ-yə transfer olunsa da maraqlısı bundan sonradı.

Belə ki, Xətai rayon ərazisində , Babək prospektində yerləşən avtosalonların sahiblərinin 365İNFO-ya verdikləri məlumata görə Valeh Səfərova hər satılan avtomobildən 150 manat “hörmət” olunub. Hətta polis bölməsinin rəisinə 50 manat “hörmət” ediləndə Valeh Səfərova xüsusi olaraq hər maşından 150 manat pul verilib.

Avtosalonların sahibləri bu yaxın günlərəcən Valeh Səfərovun tutduğu vəzifədən azad olunmağını bilməyiblər. Və Valeh Səfərovun “depozitində” xeyli məbləğdə pul yığılıb.

Avtosalon sahiblərinin dediyinə görə Valeh Səfərov onlara vəzifədən azad olunmağı barədə məlumat verməyib. Əksinə bildirib ki, “növbəti məzuniyyətə gedirəm, tezliklə qayıdacam”.

Ancaq iki ay Valehdən xəbər olmadığı üçün avtosalon müdirləri Valehin “depozitdə” yığılan pulunu kimə veriləcəyini bilmirlər.

Redaksiyamıza müraciət edən avtosalon müdirləri 365İNFO vasitəsi ilə Valeh Səfərovu axtarışa veriblər.