>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Dövlət Qida Təhlükəsizliyi Agentliyi küçə sallaqxanalarını bağlayıb

Dövlət Qida Təhlükəsizliyi Agentliyi küçə sallaqxanalarını bağlayıb
Dövlət Qida Təhlükəsizliyi Agentliyi küçə sallaqxanalarını bağlayıb

Bu məqalənin müəllifinin evinin yanında iki küçə sallaqxanası var idi. Hər ikisi M.Müşfiq küçəsi, Yasamal rayonu, Bakı ünvanında. Bu qısa küçə iki meydanı birləşdirir: birinin mərkəzində Nəriman Nərimanovun abidəsi yerləşir, digərinin ətraflarında isə FHN, 20 saylı məktəb və İncəsənət Gimnaziyası yerləşir. Dövlət və təhsil müəssisələrinin yanında görkəmli bir yerdir. Parlament prospektindən və Nərimanov abidəsinin yanından prezidentin avtomobil korteji keçir, amma lap yaxınlıqda, yaşayış məhəlləsinin həyətində və avtomobil yolunda axşamdan böyürən və mələyən inək və qoyunları səhər tezdən kəsirdilər. Səhər saat səkkiz radələrində qan və içalatın əhatəsində açıq ət satışı başlayırdı, sallaqxananın yanından isə məktəblilər keçirdilər. Alıcılar heyvanın cinsini və növünü onun ətin yanında sərgilənən kəsilmiş başından müəyyən edirdilər.

Mənzərə o qədər dəhşətli idi ki, Bakı ilə bağlı internet bələdçisinə düşmüşdü: “Azərbaycanda həll edilməmiş iki problem qalmaqdadır. Bakıda turistləri Torqovaya və Bulvardan kənara buraxmaq olmaz – zibil və küçə sallaqxanaları avropalıları qorxudur” (https://ok.ru/vsestrany/topic/65138053570626).

Hər il Azərbaycan mətbuatında hakimiyyətdən uşaqları qorxudan və şəhəri iyrənc hala salan küçədə heyvan kəsiminə son qoymağı tələb edən onlarla məqalə dərc edilib və televerilişlər nümayiş olunub. Amma Bakı Şəhər İcra Hakimiyyətinin hakimiyyət tərəfindən ayrılmış yerlərdən kənarda mal-qara kəsiminin qadağan edilməsi haqqında əmrlərinə baxmayaraq, Bakıda qan axmağa davam edirdi.

Amma bir aya yaxındır, Müşviq küçəsində və digər xüsusi sallaqxanalarda mal-qara öldürmürlər. “Məntəqələr” bağlanıb.

Bu il yanvarın 1-də yaradılmış Dövlət Qida Təhlükəsizliyi Agentliyində küçə sallaqxanalarının bağlanmasını agentliyin fəaliyyəti ilə izah edirlər. “Bizim birinci məqsədimiz kəsim və və ət məhsullarının satışı yerləridir. Bu gün gördüyümüz kortəbii mal-qara kəsimi yerləri qalmayacaq”, deyə ilin əvvəllərində Agentliyin departament müdiri Xalid Bayramlı bildirib.

“Heyvanlar xüsusi yerlərdə kəsiləcək və sonra artıq satış məntəqələrinə – bazarlara, mağazalara və s. çatdırılacaq. Azərbaycanın hər bir rayonunda qəbul edilmiş standartlara uyğun sallaqanalar fəaliyyət göstərəcək, burada məkanın minimum sahəsi, avadanlıqlar, habelə ətin keyfiyyətinin müəyyən edilməsi üzrə fəaliyyət göstərən laboratoriyaların mövcudluğu dəqiq göstəriləcək”, deyə Bayramlı qeyd edib.

Paytaxtda qeydiyyatdan keçirilmiş və Dövlət Baytarlıq Xidmətinin nəzarəti altında olan 12 mal-qara kəsim məntəqəsi mövcuddur. Onlarda baytarlıq-sanitariya laboratoriyaları fəaliyyət göstərir. Kəsimdən əvvəl heyvanlar müayinədən keçirilməlidir, yalnız bundan sonra müvafiq icazə veriləcək”, deyə Agentlikdən əlavə ediblər.

Hökumətdəki etibarlı mənbə Turan-a prezidentin küçədə mal-qara kəsimi qadağasını müəyyən edən və ət ticarəti qaydalarını tətbiq edən xüsusi fərman qəbul etməsi gözlənildiyini bildirib.

AR prezidentinin rəsmi saytında onun sərəncamı yerləşdirilib. Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyinə üç nazirliyə – İqtisadiyyat, Kənd təsərrüfatı və Səhiyyə nazirliyinə aid binalar, ştat vahidləri və laboratoriyalar verilir. Bütün qida məhsullarının, o cümlədən ətin keyfiyyətinə dövlət nəzarəti funksiyası nazirliklərin öhdəliklərindən çıxarılıb Dövlət Qida Təhlükəsizliyi Agentliyinin üzərinə qoyulub.

Agentliyin ictimaiyyətlə əlaqələrə görə məsul nümayəndəsi Aynur Kərimova Turan-a müsahibəsində sallaqxanaların onların idarəsinin səyləri nəticəsində bağlandığını təsdiq edib. O, qida təhlükəsizliyi haqqında yeni qanun layihəsinin hazır olduğunu və ət tədarükü problemlərinin həlli üçün böyük layihə hazırladıqlarını bildirib. Layihədə digər tədbirlərlə yanaşı, sanitariya-gigiyena qaydalarına riayət olunmaqla, müasir səyyar mal-qara kəsimi məntəqələrinin və onlarda xüsusi laboratoriyaların yaradılması nəzərdə tutulur. Səyyar məntəqələr paytaxtda və rayonlarda yerləşdirilməsi üçün özəl bizneslə əməkdaşlıq şəraitində yaradılacaq. Alıcılar ət alarkən məhsulun gigiyena qaydalarına uyğunluğu haqqında laboratoriya arayışı ala biləcəklər, deyə A.Kərimova bildirib.

Agentliyin tam fəaliyyəti qida təhlükəsizliyi haqqında qanunun qəbulundan sonra başlayacaq.

Dövlət etiraf edib ki, Kənd Təsərrüfatı, İqtisadiyyat və Səhiyyə nazirlikləri, – buraya Bakı şəhər İcra Hakimiyyətini də əlavə edək, – onların üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirə bilməyib, şəhərdən küçə sallaqxanalarını yığışdırmağa müvəffəq ola bilməyib. Amma heç kim vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsinə görə cəzalandırılmayıb. Təqsirkaları cəzalandırmaq və nazirlikləri öz funksiyalarını yerinə yetirməyə məcbur etmək yerinə, prezident büdcə xərclərini artıraraq, yeni dövlət qurumu – Qida Təhlükəsizliyi Agentliyi yaradıb, baxmayaraq ki, sadə məsələni mövcud vasitələrlə həll etmək olardı.

Sözügedən nazirliklər öz öhdəliklərini niyə yerinə yetirmirdilər? Bu suala Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov cavab verib: “Biz “küçə məntəqələrinin” bağlanması üzrə daim reydlər təşkil etsək də, piştaxtalar yoxa çıxır və kortəbii şəkildə yenidən ortaya çıxır. Hər bir ət satışı obyektini izləmək çətindir. Bu problemi yalnız icra hakimiyyətləri və əlbəttə ki, hüquq-mühafizə orqanları ilə birlikdə həll etmək olar”, deyə o bildirib.

Məmurlar jurnalistlərlə şəxsi görüşlərdə Səhiyyə Nazirliyinin qanunsuz sallaqxanaların bağlanması haqqında tələblərinə mane olan hüquq-mühafizə orqanlarını ittiham edirdilər. Polislərin qəssablardan şəhər küçələrində işi davam etirmələri, amma şəhər sakinlərini qəzəbləndirməmək üçün heyvanları gecə kəsmələri üçün rüşvət aldıqlarını bildirirdilər, deyə məmur bu yazının müəllifinə bildirib.

Amma öhdəliklərin yerinə yetirilməməsinə görə cəzalandırılan yoxdur. Sabotajçılar dövlət idarəetməsinin səmərəsiz olduğunu nümayiş etdirərək, əvvəlki vəzifələrində qalmaqdadırlar. Əvəzində yeni büdcə idarəsi yaradılıb, onun öz direktoru, direktor müavinləri, şöbə müdirləri, sürücüləri və bahalı avtomobilləri var.
Turan.az
Aslan