>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Qarabağ klanı” Putinin xidmətində - SSRİ zərrə-zərrə qurulur

“Qarabağ klanı” Putinin xidmətində - SSRİ zərrə-zərrə qurulur
Ermənistanda “Qarabağ klanı”nın fasiləsiz hökmranlığı 21-ci ilə keçdi. 1998-ci ilə Moskvanın xeyir-duası ilə Levon Ter-Petrosyan iqtidarını devirib hakimiyyəti ələ keçirən Köçəryan-Sərksiyan cütlüyünün iki on illik ərzində erməni xalqına gətirdiyi bəlaları sadalamağa isə yəqin ki, lüzum yoxdur. Halbuki eks-prezident Ter-Petrosyan Qarabağ məsələsində daha rasional mövqe tutmaqla problemin mərhələli həllinə xeyli yaxınlaşmışdı.

Həmin həll variantı münaqişə vəziyyətində olan iki xalqın maraqlarına uyğun idi və ən önəmlisi, Ermənistana Rusiya asılılığından qurtulub həqiqi mənada müstəqil dövlətə çevrilmək, qonşularla dinc-yanaşı, sülh şəraitində normal inkişaf eləmək kimi tarixi bir şans açırdı.

*****

Əfsus ki, Kremlin birbaşa diktəsi ilə hərəkət edən erməni qırğılar, “səhra komandirləri” və Xocalı caniləri - o vaxtkı baş nazir Robert Köçəryan və müdafiə naziri Serj Sərkisyan hakimiyyət və qrup maraqları naminə buna imkan vermədilər. Nəticə nə olmalı idisə, o da oldu: konfliktin həlli qeyri-müəyyənliyədək uzandı, ermənilər yeni-yeni məhrumiyyətlərə və məşəqqətlərə, daha ağır güzərana, sonu görünməyən əsgər tabutlarına və kütləvi emiqrasiyaya, sərt blokada rejiminə, Rusiyadan daha güclü, faktiki, vassal asılılığına tuş gəldilər.

Bu, mərhələ hələ bitməyib. Nəinki bitməyib, belə görünür, Sərkisyan rejiminin öz siyasi ömrünü uzatması ilə o da uzanacaq. Yeri gəlmişkən, Levon Ter-Petrosyan o vaxt Qarabağla bağlı belə bir ifadə də işlətmişdi ki, “əgər bizə (Ermənistana - YM.) təklif ediləni indi götürməsək, sonra yalvaracağıq, çünki Ermənistan getdikcə daha da zəifləyəcək”.

Necə deyərlər, bu da finiş. Ermənistanın ekspert çevrələrində bu acı gerçəyi son vaxtlar, xüsusən də apreldə Serj Sərkisyanın baş nazir postuna “sıçrayış” edib “Qarabağ klanı”nın ömrünü uzatmağa hazırlaşdığı ərəfədə tez-tez və daha ucadan etiraf eləməyə başlayıblar.

*****

“Biz çoxdan Kreml kuklalarının idarəçiliyi altında yaşayırıq. O kuklalar ki, Ermənistanı talayır, istənilən seçkinin saxtalaşdırır, nəhəng sayda əmək qabiliyyətli insanları ölkədən çıxıb getməyə məcbur ediblər”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com nəşrində dünən getmiş məqalədə bildirilir.

Yazıda daha sonra deyilir: “Robert Köçəryanın idarəçilik dövrü ilə Serj Sərkisyanın idarəçiliyi arasında heç bir fərq yoxdur. Onların hər ikisi eyni funksiyasını - Kremlin əlaltıları funksiyasını yerinə yetirib və yetirirlər. Yalnız şərtlər, dünyadakı situasiya dəyişib. Və dünənə kimi bizi əli silahlı qonşumuzdan qoruyacaq, qaçılmaz şər qismində qəbul edilən Rusiya indi tamamən ayrı cür qəbul olunur. Özü də onlar heç olmasa, öz planlarını açıqlamaya da bilərdilər. Amma indi açıq-aşkar deyirlər. ”SSRİ dağılandan sonra bizim milli sərhədlərdən danışsaq, 23.8% ərazi, 48.5% əhali, 41% ÜDM, 39.4% sənaye potensialı, 44.6% hərbi potensialı itirmişik". Bunu Putin deyib. Bu, gerçəkdən də ciddi bir dönüşdür - hansını ki, guya bizim iqtidaryönlü KİV-lər və təbii ki, ölkə rəhbərliyi “görməyib”. Onlar (ruslar - red.) özlərini elə aparırlar ki, sanki SSRİ-nin yerində yaranan 15 ölkə öz sovet keçmişini etiraf edə, ondan aralana və ya bunu işğal adlandıra bilməzlər. Amma Rusiya rəhbərliyindən hələ heç kimin ağlına gəlməmişdi ki, keçmiş respublikaları Rusiya əraziləri elan etsin. Onlar özlərini bicliyə vururlar ki, guya Kreml üçün indi bu (SSRİ-nin bərpası - red.), aktual deyil. Ancaq Putinə görə, Sovet İttifaqı - ittifaq dövləti olmayıb, bütün bu illər ərzində elə Rusiya olub. Ermənistan da daxil, keçmiş respublikaların hamısı Kremlin onlar üzərində mülkiyyət haqqı olan torpaqlar imiş. Yəni federasiya yox. Konfederasiya da yox - sadəcə, Rusiya. Vilnüsdən Səmərqəndə, Bişkekdən Lvova, Tallindən İrəvana kimi".

Nəşr daha sonra konkret olaraq, Ermənistanın və onun əhalisinin durumuna diqqət çəkərək sual edir: “Bəs bizim ölkə ilə bağlı planları həyata keçirmək Rusiya üçün nə dərəcədə çətin olacaq?

Cavab aydındır - Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının, bizim hakimiyyətin razılığı ilə sərhədlərimizi qoruyan rus hərbçilərinin mövcudluğu fonunda bu, Moskva üçün elə çətin iş olmayacaq. Rəsmi İrəvan çoxdan Putinin Ermənistanla bağlı planlarının reallaşması ilə faktiki, barışıb. Bircə müstəqilliyimizin itirilməsini rəsmiləşdirmək qalır. Bu, uydurma deyil. Bu - Rusiyanın çoxdan can atdığı hədəfdir və öz əlaltısı Serj Sərkisyanın sayəsində buna asanca nail olacaq - O Sərkisyan ki, bizim sabiq keçmiş daxili işlər naziri Aşot Manuçaryanın doğru etiraf elədiyi kimi, çoxdan heç nəyi həll eləmir. Hakim Respublikaçılar Partiyası da eyni statusdadır”.

“Həmçinin, təyin edilmiş yeni prezident Armen Sərkisyan eyni rolu oynayacaq. Müdafiə naziri hər şeyə razılaşacaq. Müxalifət isə zəifdir və etimada malik deyil. Vətəndaş cəmiyyəti nəzarət altındadır. Əksər insanlar öz çulunu güclə sudan çıxarır və bu hakimiyyətə o qədər nifrət edirlər ki, pensiya və əmək haqlarının qaldırılması qarşılığında Rusiya ssenarisinin reallaşmasına (SSRİ-nin bərpasına - red.) hazırdırlar. Qüvvələr nisbəti məhz belədir. Və kim desə ki, yox, situasiya başqadır, ona inanmayın”, - deyə məqalənin sonun da vurğulanır.

*****

Erməni nəşrinin bu etirafları işğalçı ölkənin hazırkı ağır iqtisadi-siyasi durumuna, milli təhlükəsizliyinin hansı təhlükəli səviyyədə olmasına növbəti güclü işıq salmaqla yanaşı, “Qarabağ klanı”nın 20 ildir rəsmi Moskvanın, SSRİ xiffəti çəkən, SSRİ-nin bərpası niyyətini artıq gizlətməyən Putinin qulluğunda necə sədaqətlə durduğuna şəkk-şübhə saxlamır. Bu isə həm də o anlama gəlir ki, Azərbaycan konkret olaraq, Qarabağ məsələsində getdikcə Rusiya ilə daha çox hesablaşmalı olacaq. Yəni Qərbə bəzi reveranslara rəğmən, şimal faktoru Ermənistan üzərində hələ ki güclü olaraq qalır...
“Yeni Müsavat”