>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakı Beynəlxalq Avtovağzalı uğrunda SAVAŞ - İDDİA

Bakı Beynəlxalq Avtovağzalı uğrunda SAVAŞ - İDDİA
Sabiq nəqliyyat naziri vəzifəsini itirəndən sonra, bir-bir maliyyə rıçaqlarını da itirməyə başladı.
Bunu tez-tez mətbuatda yayımlanan müxtəlif məlumatlar da deməyə əsas verir.
Bu günlərdə isə Ziya Məmmədovun “villasının yanması” barədə məlumatlar gündəmə gəldi.
Şübhəsiz ki, Ziya Məmmədovu sevməyən və onun yenidən vəzifəyə gəlməsindən ehtiyatlanan şəxslər az deyil.
Nəzərə alsaq ki, sabiq nazirin hətta okeanın o tayında belə, yetərincə maliyyə resursları var, onun “kitabının bağlandığını” heç kim əminliklə deyə bilməz.
Yəni, Ziya Məmmədov hər gün vəzifə başına qayıda bilər. Onun son ümidi isə Bakı Beynəlxalq Avtovağzalı hesab olunur. Vaxtilə sabiq nazirin qardaşına məxsus “XXI əsr” MMC-yə aid olub, “şəxsi vəsait” olan 80 milyon ABŞ dollarına tikilmiş bu nəhəng nəqliyyat kompleksi sonradan direktoru Seymur Aslanov olan, lakin Anar Məmmədovun kurasiyasına aid “Azerbaijan Ground Services” MMC-nin nəzarətindədir. Bu MMC hələ də Yevlax, Ucar, Gəncə kimi şəhərlərdə bir çox avtovağzalları kurasiya edir.
Yəni, Azərbaycanın ən gəlirli sahələrindən biri olan nəqliyyat sektoru bu gün hələ də Ziya Məmmədovun qeyri-rəsmi nəzarətindədir.
Ziya Məmmədov və onun kimi, amma hələ də vəzifəsində qalan bəzi məmurların sayəsində maddi sıxıntılara qərq olan vətəndaşlar hələ də nəqliyyat mafiyalarını “dolandırmağa” davam edir. Çünki başqa variant yoxdur. Ərzaq idxalatı oliqarxların əlində, İKT məhsullarının idxalatı oliqarxların əlində… Dərmandan tutmuş sirkə-badımcan idxalatına qədər… O da oliqarxların əlində.
Və bir oliqarx olaraq, Ziya Məmmədov bu gün hakimiyyətdəki tanış və dostlarından yeni vəzifə tələb edir.
Əslində, bu iş təkcə Ziya Məmmədovdan asılı olsaydı, çox da dərinə getməzdi. Amma bunu sabiq nazirin arxasında və ətrafında olan adamlar, habelə, xaricdəki dayaqlar da tələb edirlər.
Hətta onun üçün ölkə rəhbərliyinə minnətçi düşən bir sıra məmurlar və generallar da var.
“Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə, bu “minnətçi”məmurlardan biri də Ziya Məmmədovun Bakı Beynəlxlaq Avtovağzalında şərikidir. Bəli, məlumatlı mənbə bildirir ki, sabiq nazir bu kompleksdən qazandığı “1 manat”ları tək yeməyib, hakimiyyətin ən yuxarı eşalonunda əyləşən konkret bir şəxslə bölüşüb.
Həmin şəxsin adını açıqlamırıq. Lakin redaksiyamıza daxil olan məlumatlara görə, yeni nazir Ramin Quluzadə və onu dəstəkləyən qüvvələr Ziya Məmmədovun nəqliyyat sektorunda qalan “kabus”una son verməyə, onun nəzarət etdiyi bu və digər obyektləri “milliləşdirməyə” çalışırlar. Bu isə, əlbəttə ki, Ziya Məmmədov və onun şərikini narahat edir.
Və mənbələr qeyd edir ki, Bakı Beynəlxalq Avtovağzalın “milliləşmə” məsələsi yuxarı dairələrdə cəbhə bölünməsi yaradıb.
Sabiq nazir də bütün rıçaqlarını işə salaraq, öz təzyiqlərini artırmağa başlayıb. Ziya Məmmədovun nə qədər ciddi olduğunu, hətta onun barəsində yazılan müxtəlif qeyri-ciddi dezinformasiyalardan da hiss etmək olar.
Ziya Məmmədov hər ağzını açıb ya vəzifə, ya da pullarını tələb etdikdə… Mətbuatda müxtəlif yazılar dərc olunur. Nazirin şəriki isə hər jurnalistə ayrı-ayrı zəng edib “sakitləşdirməkdə” çətinlik çəkir, çünki Ziya Məmmədovu “istəməyənlər” özlərinə ölkə mətbuatında yetərincə güclü dayaqlar və sosial baza yarada biliblər.
Əlbəttə ki, hər şey pulun başındadır. Hətta dünən Ziya Məmmədovu “vəsf” edib ondan nəsə umanlar bu gün qarşı tərəfdən nəsə umaraq, Ziya Məmmədovu kəskin tənqid atəşinə tutublar…
Mövzudan uzaqlaşmadan, qayıdaq Ziya Məmmədovun yeni vəzifə tələbinə – mənbələrin məlumatına görə, buna əsas maneə Ramin Quluzadədir. İlk baxışdan çox sakit görünən yeni nazir bu istiqamətdə özünə həmfikirlər də tapa bilib – çünki sabiq nazirin keçmişdəki “günahları” az deyil.
Belə olduqda isə münaqişə dərinləşib. Hazırda, yuxarı dairələrdə özəl müəssisə olan Bakı Beynəlxalq Avtovağzalının səssiz-səmirsiz və ən əsası, beynəlxalq qalmaqalsız əl dəyişdirməsi müzakirə olunur.
Ya Ziya Məmmədovun yeni vəzifə tələbi təmin olunmalıdır, ya da onlarla xarici diplomat və əcnəbi iş adamına bir “cavab” verilməlidir.
Bu istiqamətdə digər maraqlı nüansları növbəti yazılarda bölüşəcəyik.
Lakin biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Bakı Beynəlxalq Avtovağzalına real nəzarət imkanlarını müəyyən etmək istədik.
Bunun üçün nazirliyə dəfələrlə zəng eləsək də, nə nazirliyin kommutator nömrəsində, nə də qurumun mətbuat xidmətində zənglərimizə cavab verən olmadı.
Avtovağzalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov isə fevralın 20-sində ya işdə deyildi, ya da iş nömrəsində “Qafqaz Xəbər” qəzetindən daxil olan zənglərə cavab verməməyə söz verib.
Araşdırmamız davam edir.