>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

1000-dən artıq dəmiryolçunun maaşı mənimsənilir (ŞİKAYƏT)

1000-dən artıq dəmiryolçunun maaşı mənimsənilir (ŞİKAYƏT)
“Mən 1993-cü il tarixdə anadan olmuşam. 25 yaşım var. Gəncə Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləyirdim. İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməsəm də, rəis İslam Əsgərov məni işdən çıxartdı. Səbəb kimi isə subay olduğumu göstərdi; guya, yuxarıdan belə bir əmir gəlibmiş. Ancaq əslində səbəb mənim ezamiyyət, məzuniyyət və yatmamağa görə pulumu istəməyimdir”.

Ovqat.com-un e-mail adresinə göndərilən şikayət məktubunda belə deyilir.

Şikayətçi Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlunun yazdığına görə, nişanlıdır və bu ilin payızında toy etməyə hazırlaşırmış. Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov isə, necə deyərlər, “cücəni payızda saymaq” istəməyib.

Doğrusu, subaylığın lokomotov deposunda işləməyə nə kimi mane törətdiyini anlamasaq da, şikayətçinin sözlərindən belə çıxır ki, işlədiyi müəssisədə 200-dən artıq pensiya yaşı ötmüş və xeyli əsgərliyə yarasız işçi çalışır. Müəssisənin rəhbəri isə subayları gözümçıxdıya salır:

“Mən sərhəd qoşunlarında hərbi xidmət keçmiş 25 yaşlı gəncəm. İşimə də çox məsuliyyətlə yanaşırdım”.

“Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı olan Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun korrupsiya əməllərinin sayı-hesabı yoxdur”-deyən şikayətçi bunlardan bəzilərini sadalayıb:

“Onun rəhbərlik etdiyi Gəncə Lokomotiv Deposunun 1000 nəfərə yaxın işçisi var. İşçilər ancaq burada aylıq əmək haqqı alırlar ki, bunun da 20-30 manatı rəis üçün tutulur. Ezamiyyət, məzuniyət və yatmamağa görə əlavə ödənilməli olan pullar isə İslam Əsgərov tərəfindən mənimsənilir. Bu da milyonlarla manat edir”.

Şikayət məktubunda ölkə rəhbərinin kadr islahatlarında əsasən gənclərə önəm verdiyini bildirən Ələkbərov Babək nədənsə bu ənənənin hələ də Gəncə şəhərinə gəlib çatmadığından gileylənir və saytımız vasitəsilə ölkə rəhbərliyinə səslənir:

“Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun əməlləri barədə prezident cənab İlham Əliyevə şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, cənab Prezident şikayətimi obyektiv araşdırb qanunu tədbirlər görülməsinə tapşırıq verəcək”.

Qeyd edək ki, Gəncə Lokomotiv Deposu Ucardan-Qazaxa və Balakən rayonuna kimi olan dəmir yolu stansiyalarını əhatə edir. Bu qədər çoxşaxəli depoda həqiqətən də Azərbaycan dövlətinin qanunları və Prezidentin gənclər siyasəti yox, hansısa məmurun qaydaları keçirsə, ölkənin hara getdiyi barədə dərindən düşünməyə dəyər.