>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanda 17 bank vergidən belə yayınır - "2017-ci il bank sektoru üçün ən zərərli il olub"

Azərbaycanda 17 bank vergidən belə yayınır - "2017-ci il bank sektoru üçün ən zərərli il olub"
Azərbaycan bank sektorunda vəziyyət getdikcə daha da ağırlaşır. Bunu 2017-ci ilin yekunları ilə bağlı açıqlanan statistik məlumatlardan da açıq şəkildə görmək mümkündür. Məlumata görə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 17-si ötən il mənfəət vergisi ödəməyib. Bunlar “Access Bank”, “AFB Bank”, “AGBank”, “Amrah Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “Express Bank”, “Günay Bank”, “Muğan Bank”, “NBC Bank”, “Nikoyl Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Rabitə Bank”, “Turan Bank” və “Unibank”dır. Mənffət vergisi ödəməyən banklar, mənfəət əldə etmədiyini göstərməlidir.

Çünki qanunvericilikdə bankların vergidən azad olunması ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb. Digər tərəfdən, maraqlı məqam ondan ibarətdir ki, mənfəət vergisi ödəməyən banklardan 6-sı “Azərbaycan Beynəlxalq Bankı”, “Bank BTB”, “Express Bank”, “Günay Bank”, “NBC Bank” və “Unibank” 2017-ci ili mənfəətlə başa vurduqlarını açıqlamışdılar. Görünən odur ki, ya bankların verdiyi illik hesabatlar yanlışdır, ya da vergidən yayınmaq üçün “qara mühasibat”çılıqdan istifadə olunur. Maraqlıdır, 17 bankın mənfəət vergisi ödəməməsindən dövlət büdcəsi nə qədər zərər çəkib?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində bankların mənfəət vergisi ödəmək məcburiyyətində olduğunu deyib. Banklar əgər mənfəət əldə edirsə, vergini ödəməyə borcludur:

“Öncə onu qeyd edim ki, Azərbaycanda nisbətən sağlam olan bankların sayı 10-dur. Açıqlanan rəqəmlər də müəyyən qədər bunu göstərir. Ancaq bankların mənfəət vergisi ödəməməsinin dövlət büdcəsinə ziyanı yoxdur. Mənfəət vergisini o, şəxs ödəməlidir ki, gəliri xərcindən çoxdur. Bank isə hüquqi məcəlləyə görə kommersiya təşkilatıdır və qanuna görə də bu təşkilatların əsas məqsədi mənfəət götürməkdir. Yəni, bank öz əsas məqsədinə artıq bir neçə ildir ki, çata bilmirsə, deməli, bu bankların fəaliyyəti tam səmərəsizdir. Adətən, banklar yeni fəaliyyətə başlayanda bir neçə il mənfəətsiz işləyirlər. Bu normal haldır. Amma bank bir neçə il mənfəətlə işlədikdən sonra zərərlə işləyirsə, bu o, deməkdir ki, bank sistemi ağır vəziyyətdədir. Digər tərəfdən də rəqəmlərə görə bu banklar sayı ümumi bankların 3-də 2-si qədərdir”.

Əkrəm Həsənov hesab edir ki, əslində 2017-ci il Azərbaycan bank sektoru üçün ən zərərli il olub:

“Açıqlanan məlumatlara görə Azərbaycan bank sektoru ötən il ümumilikdə 900 milyona yaxın mənfəət göstərib. Əslində ötən il, yəni, 2017-ci il Azərbaycanın müstəqillik dövrü üçün bank sahəsində ən zərərli ildir. 900 milyonluq mənfəət isə dövlətin Beynəlxalq Banka verdiyi 5 milyardlıq hədiyyədən irəli gəlir. Çünki ötən ilin yay aylarında dövlət Beynəlxalq Bankın 3 milyard 300 milyon dollarlıq borcunu öz üzərinə götürdü. Bu da 5 milyard manatdan çoxdur. Əgər ötən il dövlət bu 5 milyardı verməsəydi, 2017-ci ili 4 milyarddan çox zərərlə bitirəcəkdi.

Bu da Azərbaycan tarixində görünməyən bir məsələdir. Əgər mənfəətlə işləməyən banklar bağlanmırsa, gərək daha güclü banklarla birləşsinlər”. Ekspert ili mənfəətlə başa vuran 6 bankın vergi ödəməməsi məsələsinə toxunaraq bunun pozuntusu olduğunu deyib: “Bankların mənfəət vergisindən azad olunması ilə bağlı məsələ yoxdur. Belə çıxır ki, bu banklar qanunları pozublar. İli mənfəətlə başa vuran banklar hər bir halda vergi ödəməli idi. Banklar həm yerli, həm də beynəlxalq mühasibatlıqla işləyirlər. Ola bilər ki, həmin banklar beynəlxalq mühasibatlıqda mənfəətlərini şişirdiblər. Yerli mühasibatlıqda isə real vəziyyəti göstərirlər. Bunun başqa yolu ola bilməz”.