>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Taxify" şirkəti müştərini razı sala bilməyib

 "Taxify" şirkəti müştərini razı sala bilməyib
Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də taksi biznesidir. Demək olar ki, hər il bir neçə yeni taksi şirkəti yaradılır. Maşını olan istənilən şəxs də rahatlıqla yeni yaranan şirkətlərə üzv olaraq asanlıqla taksi sürücüsü kimi çalışa bilir.

Ancaq təəssüflər olsun ki, taksi sürücülərinin heç də hamısı öz işini, vəzifələrini mükəmməl bilmir. Və bu da tez-tez müştərilərin haqlı şikayətlərinə səbəb olur. Eynən Sputnik Azərbaycan-a daxil olmuş, haqqında danışacağımız şikayət kimi.

Şikayətçi Səbinə Əliyeva iddia edir ki, 25 noyabr tarixində "Taxify" şirkətindən Xırdalan şəhəri N.Gəncəvi küçəsindən Bakı şəhəri Atatürk pr. 39-a getmək üçün taksi sifariş edib. Sürücü Emil Nikolayeviç uzun məsafəli yolla sürərək müştərinin vaxtını alıb.

Xanım sərnişin sürücüyə uzun yolla getdiyini bildirəndə taksi sürücüsü maşını dayandırıb və müştəriyə deyib ki, "xoşun gəlmir, düş, başqa taksi ilə get". Səbinə Əliyeva sürücüyə etiraz edərək ünvana çatdırılmasını tələb edib. Sonra sürücü yenə də uzun yolla getməyə davam edib.

Müştəri bir daha etiraz edib və sürücüdən nəyə görə bələdçinin göstərdiyi kimi sürmədiyini soruşub. Bu an sürücü maşını dayandırıb. Ona pula görə belə etdiyini deyib: "Mənə pul lazım deyil, düşün, başqa taksi ilə gedin".

Sürücü bu sözləri deyəndən sonra hələ marketə də girib. Nəhayət, taksi sürücüsü Atatürk prospektində yerləşən yeraltı tunelin yanında maşını saxlayıb, Səbinə Əliyevaya deyib ki, "bələdçi buranı göstərir, çatmışıq, düşün". Bir sözlə, müştərini mənzil başına çatdırmayıb.

Sputnik Azərbaycan-ın əməkdaşı sürücü Emil Nikolayeviçdən yaranmış problemə aydınlıq gətirməsini istəyib. O bildirib ki, müştəri hara gedəcəyini bilmirdi: "Xanıma "dəqiq ünvanı söyləyin" dedim, amma mənə konkret ünvan demədi. Mən yolu uzatmamışam. Sadəcə Səbinə Əliyeva telefona baxdığı üçün yoldakı tıxacı görə bilməyib".

"Yolda maşınlar sıx olduğu üçün başqa yolla getməli oldum. O ki qaldı dükan məsələsinə, mən maşını saxlayıb müştərini düşürən zaman marketə getmişəm. Yolboyu anladım ki, müştərinin pulu yoxdur, ona görə bəzi bəhanələr gətirir ki, pul verməsin" — sürücü iddia edib.

Sputnik Azərbaycan məsələ ilə bağlı "Taxify" şirkətinə də sorğu göndərib. Şirkət məsələyə belə aydınlıq gətirib: "Çox təəssüf edirik ki, sürücümüz belə təəssürat yaradıb. Biz hər həftə bütün sürücülərə təlim və məlumat xarakterli mesajlar göndəririk. Sözügedən sürücünün reytinqi yüksəkdir. Cədvəldə 4.95 bal göstərir. Bu da müştərilərin dəyərləndirməsi nəticəsində yığılan baldır. Buna baxmayaraq, məsələyə aydınlıq gətirəcəyik, şirkət tərəfindən müvafiq tədbir görüləcək".