>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tramp ideal vaxt seçdi və elə bir bomba yerləşdirdi ki… - Təhlil

Tramp ideal vaxt seçdi və elə bir bomba yerləşdirdi ki… - Təhlil
ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdı və ABŞ səfirliyinin buraya köçürülməsi barədə qərar qəbul etdi. Amerikalı lider 1995-ci ildən bu yana təxirə salınan qərarı sonunda təsdiqləmiş oldu. Trampın qərarı bütün dünyada, xüsusilə isə müsəlman ölkələrində sərt reaksiyaya səbəb oldu.

Trampı Qüds prezident etdi?

Doğrudur, Trampın qərarında əslində böyük qərəz mövcuddur. Əvvəla ona görə ki, İsrail və Fələstinin yaradılması prosesində ABŞ da yaxından iştirak edib, dolayısı yolla dövlətin yaranması şərtlərini müəyyənləşdirən dövlətlərdən biri olub. İkincisi isə ABŞ-ın özü də illərdir davam edən Fələstin-İsrail münaqişəsinin həllində əsas vasitəçilərdən biri sayılır. Maraqlı olan əsas məqam isə Trampın niyə bu qərarı məhz Qüdsün ingilislərin əlinə keçməsinin 100 illiyi dönəmində verməsi idi.

Əslində Tramp keçən ilin noyabrındakı prezident seçkisindən öncə apardığı təşviqat kampaniyası zamanı yəhudilərə Qüdslə bağlı addım atacağına söz vermişdi. Bu bəyanatına rəğmən Tramp təşviqat kampaniyasında hələ də prezidentliyə yetəri qədər ciddi namizəd kimi görünmürdü. O zaman prezidentliyə namizədlər üçün bağışlanan ianələrə nəzər yetirdikdə də (təşviqat kampaniyasının ilkin vaxtlarında – red.) bunu görmək mümkün idi. Belə ki, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürülənlər sırasında ən çox ianə Ted Kruz, Mark Rubio və Ceb Buş tərəfindən toplanılmışdı. Tramp isə bu siyahıda sonuncu yeri tuturdu. Ona bağışlanan ianələrin böyük hissəsini öz vəsaiti təşkil edirdi. Bu vəsaitlərə rəğmən Tramp digər rəqiblərini sıradan çıxararaq partiyanın əsas namizədi oldu. Bu işdə isə onun Qüds vədləri elə də həlledici əhəmiyyət daşımadı.

Yevangilistlər və lobbi

Əslində Qüds vədi Trampdan daha öncə də mövcud idi. Mühafizəkar mövqenin sahibi olan respublikaçılar onsuz da bütün fəaliyyətləri dövründə bu vədi dəfələrlə dilə gətirərək, onun reallaşdıracaqlarına söz verirdilər. Maraqlı olan digər məqam isə hazırda ABŞ-da respublikaçı prezidentlə bərabər, respublikaçı Senat və respublikaçı Nümayəndələr Palatasının (aralarında böyük uzlaşma olmamalarına rəğmən) hökmran olmasıdır. Qüds vədinin reallaşmasını da Trampdan daha çox məhz Senatdakı bir sıra nüfuzlu senatorlar tələb edirdi.

Digər tərəfdən, Respublikaçıların elektoratının böyük hissəsini yevagelistlər (protestantlığın bir qolu kimi nəzərdə tutmaq olar - red.) təşkil edirdi. İsrailə, özəlliklə, yəhudilərə qarşı xoş münasibəti olan yevagelistlərin nüfuzlu təşkilatları Trampın prezident seçilməsindən bir neçə ay sonra aktiv Qüds kampaniyasına başladılar. Müxtəlif hakim dairələr sırasında aparılan kampaniyada yevangelist təşkilatlar Ağ Evi təcili qərar qəbul etməyə səsləyirdilər. Bu işdə xüsusi aktivliyi “My Faith Voice” (İmanımın Səsi – red.) təşkilatı göstərirdi. Digər yevangelist təşkilat – İsrail üçün Amerikan Xristian Liderləri (ACLİ) isə Qüds qərarından bir neçə ay öncə Trampa yönələn bəyanat dərc etmişdi:

“ABŞ səfirliyinin Qüdsə köçürülməsi ertələndikcə bu addımın daha da çətinləşəcəyindən narahatıq. Əgər bu qərarı indi qəbul etməsən, bir daha əsla qəbul edə bilməzsən”.

Unudulmayacaq əsas məqam isə yəhudi lobbisinin aktiv fəaliyyətidir. Maraqlı məqam bu lobbinin Tramp yox, məhz Respublikaçılar Partiyası ilə sıx əlaqəsidir. Doğrudur, yəhudi iş adamları daimi olaraq Respublikaçılar Partiyasını dəstəkləsələr də, bundan öncəki 37 il ərzində Qüdslə bağlı uğur əldə etməyiblər. Bu isə Trampın qərarının təkbaşına hakimiyyətini qorumaqdan ötrü yox, daha uzaq gələcəyə hesablandığını və bunun bütün sistemin qərarı olduğunu göstərir.

ABŞ-la yeni savaş olacaqmı?

Trampın Qüds qərarı ABŞ üçün tam zamanında verilmiş oldu. Bölgənin vəziyyətinə diqqət yetirsək, indiki dönəm ABŞ-ın bu qərarına qarşı kəskin mövqe tutacaq taqətə sahib ölkə görə bilmərik. Doğrudur, ABŞ-a qarşı savaşacaq qüvvə əvvəl də Yaxın Şərqdə mövcud deyildi, amma indiki şəraitdə vəziyyət tam fərqlidir. Bölgədə artıq 6 ildir davam edən Suriya böhranı və 3 il davam edən Yəmən savaşı mövcuddur. Üstəlik, regionun ən zəngin ölkələri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər arasında ixtilaf yaranıb. Misirə gəlincə isə Sisinin hakimiyyətə gəlməsindən sonrakı müddət ərzində Sinay yarımadasında İŞİD-in fəaliyyəti aktivləşib və ölkəni qərbdən Livan böhranı daimi olaraq təhdid etməyə başlayıb. Demək olar ki, eyni proses Türkiyə və İordaniya ilə yaşanmaqdadır. İrana və onun 5-ci kolonu olan Hizbullaha gəlincə isə onlar da Suriya və İraqdakı savaşlarla güclərini tükətməyə başlayıblar.

Fələstinin özündə də vəziyyət tam fərqlidir. HƏMAS-la Fəth bir müddət öncə barışıq elan etsələr də, bunun İsraillə mübarizədə nəyəsə yarayacağını düşünmək sadəlövhlük olardı. Belə ki, 1948-ci ildən bu yana Fələstinin xəritəsinə nəzər yetirsək, onun xüsusilə İordan çayının qərb sahilindəki ərazilərinin (HƏMAS-ın nəzarətində olan hissə) itirdiyini görə bilərik. Məhz bu bölgədə HƏMAS-ın İsraillə mübarizə üçün resursları zəifləməyə başlayıb. Bu isə bundan sonrakı dönəmdə Fələstinə yalnız Qəzza ilə kifayətlənəcəyi, ümumiyyətlə, ləğv ediləcəyi təhdidi yaradır. Bir sözlə, İsrail Fələstində tarix boyunca heç vaxt olmayacağı qədər böyük üstünlük əldə edib və heç bir halda onu itirmək niyyətində deyil. ABŞ belə qərar verməklə həm ən yaxın müttəfiqini mövcud təhdidlərdən uzaq tutmağa nail oldu, həm də bölgədəki siyasətində yeni dövrü başlatdı.

Ərəb baharı: 2.0?

Tramp çıxışı zamanı həmçinin bölgədəki liderləri də dolayısı yolla təhdid etməyi unutmadı və bundan sonra ABŞ-ın Yaxın Şərqdə diktatorlarla mübarizə aparacağını söylədi. Bu çıxışın sensasion tərəfi hakimiyyətə gələrkən Trampın ABŞ-ın bir daha heç bir lideri devirməyəcəyinə söz verməsəydi. Lakin görünür, Ağ Ev rəhbəri bu vədinə əməl etmək niyyətində deyil. Bu isə bölgədə genişmiqyaslı olmasa da (Ərəb baharı kimi – red.), yeni çevrilişlərin və məcburi hakimiyyət dəyişikliklərinin gözləniləcəyini istisna etməməyə əsas verir. Bu istiqamətdə əsas təhdid Fars körfəzi ölkələri üçün yaranır.

Ərdoğan niyə aktivdir?

Qüds qərarından sonra ən maraqlı mövqeyi iki ölkə - İran və Türkiyə nümayiş etdirdi. Türkiyə Trampın qərarına qarşı kəskin şəkildə çıxdı. Qüdsü “göz bəbəyi” adlandıran Ərdoğan İsraillə əlaqələri kəsəcəyini söylədi. Lakin yaxın gələcəkdə Ankaranın Vaşinqtonla münasibətləri tam uçurumun qırağına gətirəcəyi düşünülmür. Üstəlik, Ərdoğanın bu prosesdən bir müddət öncə ölkə daxilində itirdiyi mövqelərini gücləndirmək üçün istifadə edəcəyi də güman olunur.

Ərdoğanı narahat edən digər məsələ Qüds böhranının kürd məsələsində özünü göstərəcəyi ehtimalıdır. İstənilən halda Suriya böhranını həll etmədən Ərdoğanın Qüdslə bağlı kəskin hərəkət edəcəyini düşünmək doğru olmazdı.

Səssiz İran

Ərdoğandan fərqli olaraq, İrandan Trampın qərarına dərhal və kəskin reaksiya görünmədi. Doğrudur, Xamenei ABŞ-ı tənqid etdi, amma bu tənqidlər əvvəlki qədər kəsərli olmadı. Üstəlik, İranın digər rəsmiləri Trampın qərarından yalnız iki gün sonra daha yumşaq şəkildə fikirlərini səsləndirdilər. Əvvəlki dönəmdəki çıxışlarında daima İsraili məhv edəcəyi, hətta bunun üçün zaman da müəyyən etdiklərini deyən İran rəsmiləri özləri üçün prioritet olan Fələstinlə bağlı bu dəfəki çıxışlarında daha sakit mövqe sərgilədilər. Görünür, İran Qüds qərarının dolayısı yolla ona da təhdid yaratdığını anlayır. Bununla bərabər, Tehran hazırda üç cəbhədə savaş aparır və bu cür sərt bəyanatların onun üçün yaxşı sonluqla nəticələnməyəcəyini bilir.

Buna rəğmən İranın Fələstindən imtina edəcəyini düşünmək yanlışlıq olardı. Hələlik gözləmə mövqeyinə keçən Tehran gələn il üçün büdcədən hərbi xərclərə ayrılan vəsaitin böyük hissəsini İranın xaricdəki hərbi əməliyyatlarını reallaşdıran Qüds briqadasına yönəldib. Görünür, Tehran gələn ilin sakit keçirməyəcəyini və böyük təhdidin yaxınlaşdığını anlayır. Böyük ehtimalla Moskvanın da ABŞ-la müəyyən razılaşma içində olduğunu düşünən İran, hələlik, yumşaq açıqlamalarla özünün regiondakı gələcək mövqeyini müəyyən etməyə çalışır.

Trampın bombası

İstənilən halda Trampın Qüds qərarı bölgədə yeni dövrə keçidin əsasını qoydu. Bununla da ABŞ islam aləmi ilə (şərti olaraq nəzərdə tutulur – red.) 2001-ci ildən bu yana apardığı savaşın yeni və son mərhələsinə keçid etdi.

Yeni dönəmdə Yaxın Şərqin daha fərqli olacağı gözlənilir. Vaşinqton son qərarı və bölgədəki yeni siyasəti ilə müsəlman dövlətləri arasına elə bir bomba yerləşdirdi ki, onu zərərsizləşdirmək bundan sonra mümkün olmayacaq. Bu bombanı söndürmək üçün kəsilən istənilən məftil bombanı mütləq partladacaq və bu partlayışdan hər kəs əziyyət çəkəcək.

Bu kəsilən məftillərdən hansısa biri isə böyük ehtimalla Yaxın Şərqdə (Qüdsdən və Fələstindən kənarda – red.) yeni konflikt ocaqları və hətta böyük savaş üçün başlanğıc olacaq.axar.az/