>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əvvəl qovdular, sonra 40 min alıb vəzifəsinə qaytardılar-AĞDAMDA TƏHSİL BİABIRÇILIĞI

Əvvəl qovdular, sonra 40 min alıb vəzifəsinə qaytardılar-AĞDAMDA TƏHSİL BİABIRÇILIĞI
Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. Qohumlar, qonşular, dostlar vasitəsilə tez-tez bu mövzuda şikayətlər eşidirik. Uşaq bağçasından tutmuş ali məktəblərə qədər hər yerdə neqativ halların olduğu deyilir.

Orta məktəblərdə vəziyyət daha dözülməzdir. Bayram və digər əlamətdar günlərdə valideynlərdən müəllimlərə hədiyyə pulu yığmayan məktəblər barmaqla sayılası qədərdir. Bu gün orta məktəblərə müəllim kadrları əsasən imtahan yolu ilə müəyyənləşir. Lakin texniki personalın təyinatı direktorların səlahiyyətindədir. O vəzifələrə isə təyinatın da öz “qaydaları” var.

Rayon məktəblərində isə direktorların daha böyük “səlahiyyət”i olur.

Bəzən rüşvətxorluq və yeyin üstündə vəzifədən qovulan şəxslər az müddət keçdikdən sonra yenidən vəzifə başına keçirlər.

Azerinfo.az-a verilən məlumata görə Ağdamda belə neqativ hallar daha çoxdur. Bugünlərdə “Baharlı 1” qəsəbəsində baş verən hadisə rayonda söz-söhbətə səbəb olub. Ağdamlıların yaxşı tanıdığı, sabiq döyüşçü, “kəşfiyyatçı Xanı” kimi tanınan veteran 3 uşağını yerli məktəbdən çıxararaq Əhmədağalı kənd orta məktəbinə aparıb ki, təhsillərinə orda davam etsinlər. Son vaxtlar bir çoxları “Baharlı 1” qəsəbəsindəki məktəbdə olan özbaşınalıq və əxlaqsızlıqla bağlı öz uşaqlarını başqa məktəblərə aparırlar.

Məktəbin direktoru Elməddin Məmmədov iş yerində tapılmır. Bütün günü yaşadığı Bənövşələr qəsəbəsindəkı şəxsi hazırlıq kursunda olur. Yaxud da öz fermasında.

Məktəbi onun etimad etdiyi Elçin adlı şəxs idarə edir. Elçin məktəbin təsərrüfat işləri üzrə müdiridir. Dəfələrlə məktəbə içkili gəldiyi üçün valideynlər aidiyyatı orqanlara şikayət ediblər.

Qeyd edək ki, Elməddin Məmmədov 10 ilə yaxındır ki, məktəbdə direktordur. Təxminən 2 il əvvəl əvvəl etdiyi qanunsuz hərəkətlərlə bağlı yerli prokuorluq onun fəaliyyətini araşdırıb. Nəticədə Elməddin Məmmədovun 80 min manatlıq kəsiri yaranıb.

Sonradan iş ört-basdır edilsə də Məmmədov vəzifəsindən qovulub. İcra başçısı və təhsil şöbəsinin müdürünün dəstəyi ilə o bir ildən çox yerli TŞ-də inspektor işləyib. Və ilyarımdan sonra yenidən qovulduğu məktəbə, elə həmən direktor vəzifəsinə təyinat alıb.

Deyilənə görə yeni təyinata 40 min xərci çıxıb. İndi buna təhsil demək olarmı. Ağdam kimi rayonda bu biabırçılıqlara kim son qoyacaq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Azerinfo.az