>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Telman İsmayılov “nağılı” bitir - iş adamını rəsmən qətldə ittiham etdilər

Telman İsmayılov “nağılı” bitir - iş adamını rəsmən qətldə ittiham etdilər
AST Telman beynəlxalqaxtarışa verildi

Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılovun qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edib. “Yeni Müsavat” vesti.ru saytına istinadən xəbər verir ki, T.İsmayılov qətl və qanunsuz silah dövriyyəsində ittiham olunur.

“İstintaq Komitəsinin məlumatlarına görə, T.İsmayılov 2016-cı ildə qətlə yetirilən iki iş adamının - Vladimit Savkin və Yuriy Brılevin qətlinin sifarişçisidir".

"Qafqazinfo" xəbər verir ki, İstintaq Komitəsi əmindir ki, T.İsmayılov ötən il baş verən - iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlinin sifarişçisidir. Qətli isə qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə həyata keçirib. Cinayəti törədən isə Mehman Kərimov olub.

2016-cı ilin 15 mayında Novorijski şosesində M.Kərimov maşında olan V.Savkin və Y.Brılevini pistoletlə öldürüb. Sonuncular aldıqları zədələrdən sonra həyatlarını itiriblər. Rafiq İsmayılov Kərimovu cinayətin törədildiyi məkandan aparıb. Bundan sonra qətlin iştirakçıları ona gizlənməkdə və silahını gizlətməkdə yardım ediblər.

Hazırda qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.

“Çerkizov” bazarının keçmiş sahibi isə sözügedən ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Qeyd edək ki, Moskvanın Basman rayon Məhkəməsi bu il noyabrın 11-də T.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçib. O, iki nəfərin qətlində şübhəli bilinir və həbs-qətimkan tədbiri həmin cinayət işi üzrə qəbul edilib. T.İsmayılov qardaşı Vaqiflə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.

Ötən həftə isə Rusiya mətbuatı araşdırma apararaq üzə çıxarmışdı ki, T.İsmayılov vəziyyətinin pisləşəcəyini öncədən bildiyi üçün bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrini yaxın qohumlarının adına keçirib. Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.

Məlumata görə, bundan başqa, Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl “Demetra” investitsiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.

Bundan başqa, “Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.

Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən “Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb.

Amma bu məsələdə ən maraqlı detal Antaliyada T.İsmayılov tərəfindən 1.4 milyard dollara inşa edilən "Mardan Palace Hotel"in fəaliyyətə başlayacağı tarix olub. Məlumatlarda qeyd olunurdu ki, 31 mart 2018-ci il tarixində hotel yenidən xidmətə açılacaq. Hotelin baş direktoru Selçuk Şentepe "Mardan Palace Hotel"nin üzərinə həbs qoyulmadığını bildirmişdi: “Hotelimizdə olan əmlakın dəyəri borcların 5 qatıdır. Hər dövrdə şirkətlərin müəyyən çətinlikləri olur. Biz hər şeyimizi yenidən qururuq. Gələcəyə daha yaxşı baxaraq, hərəkət etməyə çalışırıq. Bir çox hotelin çətinlikləri olduğu kimi bizim də çətinliklərimiz var. Bu çətinlikləri aşıb, yolumuza davam edəcəyik. Hoteli təmir səbəbi ilə bağladıq. Lakin 200-ə yaxın personalımız işə davam edir. 2018-ci ildə bir çox yeni plana başlayırıq. Görüşdüyümüz bir hind toyu var. Hotelimizin yeni il açılışını çox yaxşı bir hind toyu ilə edəcəyik. Hoteli köhnə günlərinə qaytaracağıq. 31 martda hotelin açılışı olacaq".
musavat.com