>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Düşmən Şuşanın simasını dəyişir – Qərbdə yığılan ianələr hesabına...

Düşmən Şuşanın simasını dəyişir – Qərbdə yığılan ianələr hesabına...
Tarixi təhrif edən ermənilərin vandalizmi davam edir; Brüssel sammiti ərəfəsində erməni təxribatı: separatçı Bako Saakyan və dəstəsinin Avropada diləndiyi paralar həm də qədim şəhərimizin görkəmini dəyişdirməyə yönəldiləcək; işğalçı həm də xofdadır; erməni politoloq: “Müharibə yaxınlaşır...”
Azərbaycan dövləti və xalqı artıq bununla neçənci faktdır ki, Dağlıq Qarabağ, işğal məsələsində vasitəçi dövlətlərin, konkret olaraq, Fransanın ikili standart yanaşmasına şahidlik edir. Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağdakı separatçı qurumun cinayətkar başçısı, Azərbaycan həbsxanasının darıxdığı Bako Saakyan neçə gündür başının dəstəsi ilə Fransada görüşlər keçirir, ianə toplayır.
Təbii ki, separatçı tör-töküntülərə bu şəkildə qucaq açmaq, onların işğal rejimini möhkəmlətmək üçün üstəlik, ianə marafonu təşkil eləməsinə şərait yaratmaq Fransanın qərəzsiz vasitəçilik iddiası ilə bir araya sığmır. O da maraqlıdır ki, məsələ ilə bağlı rəsmi Bakı Fransaya rəsmi etiraz bildirsə də, səfir Azərbaycan XİN-ə çağırılsa da, rəsmi Parisdən faktiki, səs çıxmadı.
Beləcə, Krımın işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların iştirakçısı olan Fransa dövləti Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirmiş erməni işğalçı qüvvələrinə tam fərqli, isti münasibət bəsləməkdə davam edir. Yoxsa ki, “Bako Saakyan rəsmi səfərlə Fransaya gəlməyib, bu, özəl bir səyahətdir” izahı gerçəyi dəyişmir. Çünki Krımın, Abxaziya və ya Cənubi Osetiyanın separatçı liderlərinin Avropaya istənilən xarakterli səfəri çoxdan yasaqlanıb, nəinki onların gedib Avropada, Fransada sərbəst şəkildə “xeyriyyə marafonu” təşkil eləməsi. Təbii ki, rəsmi Paris “yaşıl işıq” yandırmasaydı, Saakyan Parisə gələ bilməzdi.


*****
Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, “Məhsuldar arsax” adlı “xeyriyyə dilənçiliyi” artıq başa çatıb. Məlumatlara görə, yığılan 12.5 milyon dollar həcmində ianə hər il üçün təsdiqlənən, işğal edilmiş Azərbaycan ərazilərində “miqyaslı strateji proqramların reallaşmasına” yönəldiləcək. Söhbət həm də Qarabağda “qazıntı işlərinin aparılması, yeni irriqasiya şəbəkəsinin inşası və Əsgəran və Şuşada günəş enerjisi sisteminin tətbiqi”, habelə işğal rejimini möhkəmlətməyə yönəlik digər layihələrdən gedir.
Yəni faktiki surətdə əsas hədəf girovluqdakı Azərbaycan şəhərlərinin, xüsusən də Şuşanın və ətrafının milli simasını dəyişmək, Qarabağı erməniləşdirməkdir. Yeri gəlmişkən, bir ara erməni vandalları iranlı mütəxəssislərlə birgə Şuşanın baş məscidi - Gövhər Ağa Cümə məscidi ərazində (1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi ilə inşa edilib) yenidənqurma adı ilə qazıntı işlərinə başlamışdılar. Yəqin ki, “səsi” sonra, işğal rejimi bitəndə çıxacaq.

Hərgah, bu da diqqətçəkəndir ki, ermənilərin Avropada, Qərbdə ianə toplanışı ilbəil zəifləyir. Məsələn, erməni mənbənin bildirdiyinə görə, ötən il indikindən çox - 15.4 milyon dollar ianə yığılıb. Yəni məbləğ hər halda, ildən-ilə azalır. Bu da böyük ehtimalla, onun təzahürüdür ki, işğal rejimi uzandıqca, böyük sülh anlaşması əlçatmaz olduqca erməni lobbisi qanunsuz quruma maliyyə yardımı göstərməkdən ehtiyatlanır.

*****
Doğrudan da, yaman uzandı bu işğal. Amma düşmən nahaq yerə arxayınlaşır, etnik təmizləmə apardığı işğal altındakı əraziləri “abadlaşdırır”, “erməniləşdirir”. Nə qədər ki, Azərbaycan dövləti və xalqı, ərazi bütövlüyü prinsipindən, müharibə hüququndan, ərazilərini zor gücünə azad eləmək haqqından imtina eləməyib və etməyə hazırlaşmır, torpaqlarımızda işğalçı qüvvələr rahatlıq tapa, ikinci saxta erməni dövləti bərqərar ola bilməyəcək.
Müharibə bitməyib. Hələ müharibənin birinci hissəsi bitib. “Gec olar, güc olar” deyiblər. Elə erməni politoloq Ayk Martirosyan da bunu etiraf edənlər sayıla bilər. Musavat.com-un məlumatına görə, 1 in.am nəşrinə müsahibəsində o, müharibənin yaxında olduğunu deyib.

Sitat: “Dağlıq Qarabağ problemi çoxdan dalandadır. Bu dalandan da o, üç halda çıxa bilər: Azərbaycanda ciddi ictimai və siyasi təlatüm və qarışıqlıq yarananda; eyni hal Ermənistanda yaşananda də və ya hakimiyyət dəyişikliyi baş verəndə; bir də sübhisiz ki, müharibə variantlında. Əlbəttə ki, əgər hazırda ətrafında müzakirələr gedən Madrid-Kazan sənəsi üzrə hansısa ”həll" tapılsa, o zaman böyük ehtimalla, Azərbaycanda da, Ermənistanda da təlatümlər baş qaldıracaq və müharibə bir neçə günün məsələsinə çevriləcək. Bu da problemin dalandan çıxması demək olacaq. Nəticə nə olacaq - bunu artıq müharibə göstərəcək. İstənilən halda, bu müharibə yaxınlaşır - “tapılmış kompromisli” həllə birgə və ya onsuz".

*****
Qayidaq ianə məsələsinə. Bako Saakyanın qanunsuz Avropa səyahəti həm də Avropa Birliyinin 24 noyabr Brüssel sammiti ərəfəsinə təsadüf eləməsi ilə də diqqət çəkir. Başqa sözlə, düşmən tərəf heç şübhəsiz mötəbər bir tədbir ərəfəsi erməni lobbisini və ermənilərin dostlarını hərəkətə gətirmək niyyəti güdüb. Yəni təbliğat və təxribat məsələsi.
Hərçənd, Azərbaycan da boş oturmayıb. Xəbər verdiyimiz kimi, bu ərəfədə - noyabrın 20-21-də Bakının birbaşa moderatorluğu ilə Brüsseldə keçirilən və separatçılığa qarşı yeni beynəlxalq ictimai hərəkatın yaradılması ilə yadda qalan “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı Beynəlxalq Forum erməni təbliğat maşınına sanballı zərbə sayıla bilər. Bu zərbənin siyasi nəticəsi yəqin ki, sammitinin yekun bəyannaməsində əksini tapacaq./musavat.com/