>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Gömrük Komitəsi "kərə yağı mafiyası" ilə bacarmır? - İDDİA

Gömrük Komitəsi "kərə yağı mafiyası" ilə bacarmır? - İDDİA
Bakı marketlərində Yeni Zellandiyadan gələn kərə yağlarının qiymətində bir qəpik də dəyişiklik yoxdur. Necə ki, 18-20 manat idi, elə də dəyişməz olaraq qalıb.

► Kərə yağı baha, palma yağı isə…

Dövlət Gömrük Komitəsi kərə yağının bahalaşmasını xarici faktorlarla əlaqələndirirdi. Yəni, Azərbaycana baha qiymətə idxal olunur.

Prezident isə idxal rüsumunun 3 dəfə azaldılması barədə fərman imzaladı. Bu qərardan sonra kərə yağının ucuzlaşması gözlənilirdi. Amma DGK qiymətlərin enməsi istiqamətində heç bir addım atmayıb.

Hazırda marketlərdə Yeni Zellandiya kərə yağı 17-18 və 20 manat civarındadır. Alıcıların əksəriyyəti 200-250 qram kərə yağı almağa imkan tapırlar.

Bazarda isə müxtəlif çeşid kərə yağları satışdadır. Rusiya, Belorus istehsalı olduğu deyilən bu yağların qiyməti çox ucuzdur.

Ancaq onların kərə yağı olmadığı bildirilir. İstehlakçıları aldadan “yağ mafiyası” palma yağını kərə yağı kimi sırıyır.

Xarici görünüşünə görə kərə yağına çox oxşar olan palma yağından süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər.

Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satır, külli miqdarda gəlir əldə edilər.

Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur.

► Qiymətlər – siyahı

Marketlərdə söhbətləşdiyimiz satıcılar deyirlər ki, kərə yağının qiymətlərində ucuzlaşma gözlənsə də, heç bir yenilik yoxdur.

Hazırda Yeni Zellandiya kərə yağı 17 manat, 20 qəpik, “Best Cow” yağları 15 manat, 59 qəpik, “French Cow” 20 manat, 36 qəpik, “WestGold” 17 manat, 53 qəpik, “Golden crown” 16 manat, 93 qəpikdir.

Amma Gömrük Komitəsi prezident fərmanından sonra idxal rüsumlarının azaldılması ilə bağlı hər hansı iş görməyib və qiymətlər düşmür.

Kərə yağları ilə bərabər duru yağların qiymətləri də artıb. Zeytun yağı “Consul”un 1 litri 16 manat 95 qəpiyə, “Zeytun bağları” adlı yağın 75 litri 8 manat 67 qəpiyə, Türkiydən gətirlən “Elmas” duru yağının bir litri 4 manat 87 qəpiyə, “Mısır” yağının 1 litri 6 manat 49 qəpiyə, “Miad” qarğıdalı yağı 6 manat 50 qəpik, “Komili” qarğıdalı yağının bir litri 6 manat 40 qəpiyə, “Sunar” qarğıdalının bir litri isə 5 manat 29 qəpiyə satılır.

Yerli istehsal olan “Final” günəbaxan yağının bir litrinin qiyməti 2 manat 45 qəpikdən, “Möcüzə” qarğıdalı yağının bir litri isə 4 manat 18 qəpikdən başlayır.

Azərbaycan ticarət şəbəkəsində yağ defisiti yoxdur, piştaxtalar Azərbaycan, Litva, Türkiyə, Rusiya, Belarus, Yeni Zelandiya istehsalı olan bitki və kərə yağı ilə doludur. Deməli, qiymət artımı tələbin təklifdən üstün olması ilə bağlı deyil.

Digər versiya dünyada bu məhsulun qiymətinin artmasına və Azərbaycan bazarının yağ idxalından asılı olmasına əsaslanır.

► Əslində yağ neçəyə olmalıydı?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində ölkəyə 7,767 min ton və ya 32,688 mln. dollarlıq kərə yağı idxal edilib. Yəni 1 ton kərə yağına dünya bazarında topdansatış qiyməti ilə 4200 dollardan çox pul ödənilib.

Amma dünyada belə bir qiymət yoxdur – qablaşdırmasız, topdan satılan kərəyağının bir tonu 4 min dollardan çox!

Azərbaycan tədarükçüləri bir tonu 1000 dollara alırsa, Bakıda topdansatış bazarında yağın bir kiloqramı nəqliyyat, gömrük xərclərini ödəmək və gəlir əldə etmək üçün qiyməti iki dəfə baha götürsək belə, 2 dollara və ya 3,4 manata satılmalıdır.

Qablaşdırma, ölkədaxili nəqliyyat, gəlir və hansısa nəzərdə tutulmayan – qanunsuz xərcləri də nəzərə alaraq, qiyməti yenidən iki dəfə artırsaq, piştaxtalarda yağın bir kiloqramı 7,4 manatdan baha olmamalıdır. \\azeuronews.com\\