>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Oba" marketlər şəbəkəsi Səməd Vurğunu təhqir etdi

"Oba" marketlər şəbəkəsi Səməd Vurğunu təhqir etdi
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.

Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.

Məsələ ilə bağlı açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik". Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib.

Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır/PrimeTime.az/.