>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Persefonanın gətirdiyi bahar...

Persefonanın gətirdiyi bahar...
Rütubət qoxulu Bakı küləyi iri, soyuq damlalı yaz yağışından islanmış torpağın iştaha açan nəm iyini ətrafa yayır. Üz-gözümü turşudub küknar yarpaqlarının sarımtıl, küçələrin bozumtul tozunun gözümə, ağzıma dolmasını əngəlləməyə çalışıram.
Fəsli-bahar var gücüylə xirtdəyimdən yapışıb, qəti olaraq axırıma çıxmaq niyyətindədir. Mən isə inadla mübarizə aparır, bu birtərəfli, qeyri-bərabər mübarizədən sağ-salamat çıxmağa əbəs səy göstərirəm.
Yerin ürəyinə sancılmış xəncər sapına bənzəyən hündürmərtəbəli binanın mühafizəçisi mənə qəribə nəzərlərlə baxır:
- Noolub bratelnik, halun xərəbdür diyəsən, xəstələnmisən?
Danışa bilmirəm, gülümsünüb, başımla “yox” deyirəm.

Yunan mifologiyasına görə, öz qızı, gözəllər gözəli Persefonanı yeraltı səltənətin sahibi Aidə verən baş Allah Zevs bunu arvadı Demetradan xəbərsiz edir. Öz qızını dəlicəsinə sevən ana dərddən başını itirir. O, qara libasını geyib onu aramağa yollanır. Fəqət, heç yerdən tapa bilmir. İnterpola axtarış verlilsə də, “quql” ələk-vələk olunsa da bir nəticə hasil olmur. Nə duydum, nə gördüm, nə də eşitdim deyən tapılır.
Yerdəki bütün canlıların üzüntülü, cansıxıcı günləri başlayır. Ağaclar öz yamyaşıl yarpaqlarımı tökür, güllər- çiçəklər solur, otlar saralır. Tarlalar, düzlər, bağ-baxçalar bardan-bəhərdən düşür. Həyat donur.
İşlərin pisləşdiyini görən Zevs Hermesi Aidin qapısına minnətçi salır. Xahiş edir ki, zalım hökmdar öz arvadını işıqlı dünyaya çıxmasına, hərdən anası ilə görüşməsinə icazə versin. Aidin tiran Zevsin əleyhinə getməyə cəsarəti catmır və onu müəyyən şərtlə buraxır.
Uzun ayrılıqdan sonra qızını görən Demetra həyəcandan ağlamağa başlayır. Ananın göz yaşları axaraq yeri isladır, hər tərəf canlanaraq yenidən yaşıl dona bürünür. Təbiət oyanmağa başlayır. Şərtə görə, Persefona ilin üçdə ikisini anasıyla keçirməli, qalan üçdə birini də ərinin yanına qayıtmalıdır. Beləliklə, Persefona hər dəfə ər evindən çıxıb anasının yanına qayıdarkən, özüylə baharı da gətirir və hər tərəf yenidən canlanıb, gözəlləşir.

Bəli, yazın gəlişini çoxumuz səbirsizliklə gözləyirik. Lakin mən bu fəsli bir az qıcıq və üzüntü hissləriylə qarşılamağa məcburam. Yazın gəlişindən xoşlanmayan Aid ən azından yalnız deyil, onunla bərabər mən də bu fəsli sevmirəm.
Yeraltı tanrıdan fəqli olaraq məndə bu proses daha çox fauna aləmində baş verən mürəkkəb oyanma, dirçəlmə prosesi ilə sıx bağlıdır.
Tarixən, şairlər, yazıçılar, yaradıcı insanlar, adətən yazda cuşa gəlir, baharın gəlişi ilə bir yazıb-yaratmaq eşqi ilə alışıb yanırlar. İlin bu vaxtları hamıda ilham pərisi dingildəyir, vurub kəllə çarxa dırmanır, heç cür aşağı düşmək istəmir.
Məndə isə tam əksinədir. Sözün əsl və birbaşa mənasında böhran keçirirəm. Daxili aləmdə baş verən dəyişikliklər, ürək ritminin artması, qan dövranın sürətlənməsi, hisslərin, həyəcanların daha da itilənməsi, başqalarından fəqli olaraq, məndə həmişə bir diskomfort, tənhalıq hissi və melanxolik əhval-ruhiyyə əmələ gətirir.

Bahar haqqında xoşagəlməz duyğunu daha da gücləndirən, onu mənfi mənada daha da rəngarəng edən digər səbəb isə bu dövrlərdə məndə yaranan güclü allergik tutmalar olur. Hər bitən, böyüyən, boy atan çicəyin, tumurcuğun, otun, bitkinin bihuşedən ətri, rahiyəsi gözlərimi yaşardır. Burnum tez-tez gicişir, tutulur. Asqırır-öskürür, zökəm oluram. Küçədə, yolda-izdə respiratorla gəzməyə məcbur qalır, gözlərimə xüsusi eynək taxıram. İşdə, məclisdə, qonaqlıqda, ictimai yerlərdə məni qarabaqara izləyən diskomfort hissini unudub, fikrimi ancaq başqalarına narahatlıq yaratmamağa yönəldirəm.
Psixoloqlar insan xarakterlərini ilin fəslinə, dövrünə uyğunluquna görə qruplara ayırırlar.
Məsələn, qışın soyuq aylarını xoşlayan insanlarda individuallıq və liderlik hissi daha çox özünü qabardır. Onlar həddinədən artıq ehtiyatlıdırlar, az danışırlar, emosiyalarını çox da nümayiş etdirmirlər.
Baharı sevənlər yumşaq xarakterli insanlar hesab olunur.Onlar maraqlı, əyləncəli, şən işlərdə, ideyalarda aktiv olmağı bacarırlar. Onlar həm də eqoist və tələbkardırlar.
Yayı sevənlərdə entuziazm, özünəinam hissləri güclü olur. Onlar hər bir işin orijinal, başqalarından fərqli həll variantını tapmağa çalışırlar.
Mənim kimi payızı xoşlayanlar isə, təkliyə, sakitliyə can atır, özünəqapanmağa meyl edirlər. Ünsiyyətə can atmır, yeni tanışlıqlardan kənar gəzir, adamayovuşmaz olurlar.
Sonda isə bir sualım var: “Bəs siz hansı fəsli xoşlayırsınız?”
Vüsal Bağırlı