>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Kosmik irq” ideyasının müəllifi: Heç nə yerində deyil!

“Kosmik irq” ideyasının müəllifi: Heç nə yerində deyil!
Xose Vaskonselos Kalderon (1882-1959) meksikalı təlimçi və siyasətçi. Meksika inqilabının dəstəkçilərindən olub. Siyasi səbəblərə görə dəfələrlə ölkəni tərk etməyə məcbur qalıb. Obreqonun hakimiyyəti dövründə təhsil naziri işləyib və təhsil sistemində xüsusi islahatları ilə seçilib. “Kosmik irq” tezisini irəli sürərək müxtəlif irqlərin bir arada yaşamalı olduğunu müdafiə edib.

Kult.az X.V. Kalderonun “Oturaraq oxuduğum və ayaq üstə oxuduğum kitablar” essesini təqdim edir.

Neçə müddətdir ki, kitabları bir-birindən fərqləndirmək üçün mütaliə zamanı məndə yaratdıqları hisslərə görə təsnifat aparıram. İki kateqoriyaya ayırmışam: oturaraq oxuduğum və ayaq üstə oxuduğum kitablar.

Birinci kateqoriyadakılar sevimli, öyrədici, gözəl, xüsusi, ya da başdan-ayağa axmaq və darıxdırıcı ola bilər, amma heç biri bizi normal davranış qaydalarından, vərdişlərimizdən qoparmağa qadir deyil. Bir də elə kitablar var ki, başlayan kimi bizi yerimizdən oynadır, sanki torpaqdan nəsə güc alıb topuqlarımızdan dürtərək dikəldir bizi. Belə kitabları oxumuruq, rəsmi çıxış kimi səsləndiririk – bədənimizlə, jestlərimizlə, hərəkətlərimizlə başqa birinə çevrilirik. Misal üçün, yunan tragediyaları, Platon, hind fəlsəfəsi, Dante, Spinoza, Kant, Şopenhauer, Bethoven musiqisi – nə qədər təvazökar olsalar da, kifayət qədər təsirli müəlliflər və əsərlərdir.

Digər əsərləri isə yerimizdən tərpənmədən, sakitcə, asta-asta oxuyuruq. Sayları çoxdur. O kitablardan çox şey öyrənirik, o kitablarda ləzzət və estetik həzz var. Amma onları oxuyanda yaradılışın yeni bir səhifəsi gözümüzün önündə canlanmışcasına, şüurumuz alt-üst olmuş halda yerimizdən qalxmırıq, kitabı tam anlamıyla dərk etmək üçün hərəkətə keçmirik.

Əksəriyyət elə düşünür ki, kitab yazmaq həyatla barışa bilməməyin həzin təcəssümüdür. Düşünmək yaşamağın ən dolğun, ən əlverişli funksiyasıdır. Amma düşüncədən aşağı enib yazmağın şübhəli yollarına düşmək qüruru rəndələyir, mənəvi kasadlığa və fikrin yazıya tökülmədən həyata keçəcəyinə dair etibarsızlığa gətirib çıxarır – bir az da arsızlıq və gələcək səyahətçilər üçün qayğıkeşlik ehtiva edir. Yola davam edə bilmək üçün vacib olan ideal suyun olduğu lazımı yerlərə işarələr də qoyur. Amma kitab da səyahət kimi qayğıyla başlayıb hüznlə bitir. Duyğuların dərin, insanın nikbin olması kitab yazmağa bəs etmir. Enerjili, azad və məhsuldar insanlar təsviri mümkün olmayan səsləri ölü hərflərlə ifadə etməyə cəhd etmir və özlərini bütün instinktləri sümürən intensiv yeniləşmələrə həsr etmirlər. Əsl kitab hər zaman xəyal qırıqlıqlarının məhsulu olur və etiraz hesab edilir. Bunun qalın və cəsur səhifələrlə reallaşacağını bilsələr də, heç kimin ehtiras və həyəcanları yol vermir ki, yazmağı yaşamaqdan üstün tutsun. Ancaq həyatla bacarmayanlar və yaşamaqla doymayanlar yaza bilər. Hər kitab açıq-aydın, ya da sətiraltı olaraq deyir ki, “Heç nə öz yerində deyil!” Qıraqda hər şey insan üçün potensial güc olsa da, yarımçıq qalan şeylər hayqırtıyla, həyəcanla saf və qüsursuz sonluqlarına doğru üz tutmaq istəyirlər. Bu halda əlinə qələm alıb yazanlara yazığım gəlir! Qıraqda baş verənlərə qapılıb gedən, düşünməyə və sıxılmağa ehtiyac duymayan insanlara da yazığım gəlir! Onlar heç bir şey uğrunda fərqli insanların öldüyü kimi ölməyəcəklər və hələ də doğulmamış insanlar ancaq bu cür kəşf oluna bilər. Çünki doğulmaq həyat və ölüm arasındakı dünyaya gəlmək deyil. Doğulmaq ölümə qalib gəlməkdir. İnsanın içinə düşdüyü qaranlıq kütlədən sıyrılmaq, bütün insanlığa qarşı üsyan etmək, uzaqlara getməyi istəmək, ayaq üstə oxunan, əsla boyun əyməyən kitabların verdiyi təkanla yerindən qalxmaqdır. Buddaya, ya da İsaya inanıb dünyadan əlimizi üzəcəyiksə, niyə doğulmuşuq bəs? Hələ də əlimizi üzməmişiksə, ölümün son hökmünü əvvəldən hiss edə və həyatın mənası yoxmuş kimi üstümüzə gələn toxtaqlığa və bezginliyə təslim ola bilərik. Onda da dünyaya yenidən qayıtmaq və üst-insan, Budda və digər yarı-tanrıların etdiyi kimi, bu cür vaz keçməyi reallaşdırmaq təhlükəsi yaranar.

Yaxşı kitablar şübhə və xəyal qırıqlığından yan keçərək bizi həyata məhkum edir. Bizi inandırsınlar deyə, onları oxumaq, əsasən güclüləri necə təsvir etdiklərini müşahidə etmək bəs edir. Çünki xəstə insan sağlıq istəyir və bununla kifayətlənir, zəif insan xilas yolu kimi gücə ehtiyac duyur, amma sağlam və şən, cəsur və cürətkar insanlar qəhrəman olmağa iddialıdırlarsa, əldə edilməsi çətin olan şeylərin izinə düşürlər. Ən dərin həzlərin dadını duyan nikbin insanın və bir müddətlik də olsa, yolumuzun düşəcəyi göz yaşı vadisini göstərən kahinin nə dediyini tam başa düşməsək də, “Bu doğrudur” deyənə hörmət edirik. “Necə də gözəldir” deyən nikbinləri aşağılayıb lağ edirik. Həqiqət ancaq bir kahin intonasiyasıyla bənzərsiz fəlakət mühitində tam ifadə edilə bilər. Esxilin kəlamlarının gözqamaşdırıcı quru kükrəyişindən Platonun dialoqlarındakı simfoniyalara qədər bütöv bir çarx bunu göstərir. Hamısında qəhrəmancasına sarsıntı, ruhun tipik yüksəlişi və dirilişi sezilir. Eyni zamanda bu dünyadan köçənlər arasında ən böyük və ən azad insanlardan sayılan Evripid də bəşəri eyhamları o qədər aydın başa düşürdü ki, bütün hissiyyatı və ehtirasıyla yazarkən, o məşhur nəsihətini dəfələrlə təkrar edirdi: Əsla həzlərinə etibar etmə, xoşbəxtliyə aldanma, çünki taleyin sənə necə yol çəkdiyini bilmirsən. Niyə hələ də zəfər, gözəllik və iqtidar axtarırsan? Priamın iqamətgahına bax, Hekubanın ağılarına, qaliblə sevişməyə məcbur edilən qadının (Andromaxanın) mərsiyələrinə qulaq as. Hektorun kiçik oğlu öldü və o şanlı nəsildən geriyə sadəcə sürgünə gedərkən əbəs yerə yalvaran troyalı kölələrin fəlsəfəsi qaldı. Niyə uşaqların var? Həqiqət həddindən artıq olanda qorxunc olur və amansız həqiqət uğrunda ruhların bu ölümsüz təlimlərdə gəldiyi nəticələrə görə xeyli insan vahiməyə düşür. Məntiqə arxalananlar, başda Aristotel olmaqla, bütün rasional rahiblər tragediyanın bəşəri iztirabı təmsil edərək bizi xoşhal etdiyini və həyata uyğunlaşdırdığını isbat etmək üçün özlərini fəda ediblər. Azad etdiyini yox, məhz uyğunlaşdırdığını isbat etmək üçün! Bu təmkinli müdriklər sanki bir gün insanların hər şeyi başa düşəcəyindən ehtiyat edərək bizi sakitləşdirən, kobudluqla desək, oturaraq oxuyacağımız kitablar yazıblar. Çünki məhz bu cür kitablar bizi həyata bağlayır.