>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bu zəhrimar, pul!

Bu zəhrimar, pul!
Əli Nəzmi
Hər kəsə mayeyi-əməl, hər kəsə zövqü yar, pul!

Hər əmələ, işə təməl, hər ürək içrə nar, pul!

Aşiqə nazü qəmzəli dilbəri-işvəkar, pul!

Qüvvətü şani-məmləkət, sətvətü iqtidar, pul!

Hər şey: ədəb, bilik, hünər, namü nəcabət, ar, pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar, pul!



Vasiteyi-şərəf, fərəc, izzətü abru, məram,

Baisi-mədh, mənqəbət, rəğbətü meylü ehtiram,

Qiblənümayi-mərifət, səcdəgahi-xasü am,

Tək edilir rüku ona, tək verilir ona səlam,

Fəzl, kərəm səxa, vücud, ismətü etibar, pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar, pul!



Baş-ayaq iltifat qıl, hər quru cismə can budur,

Yer yüzini dutan bütün, sahibü həmkaran budur,

Mürdə cəhaniyan, fəqət zindeyi-cavidan budur.

Amiru şahmir, xan, çin, ləqəb, nişan budur.

Qorxmaz ürək, iti qılınc, qəleyi-iztirar pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar pul!



Yer üzərində şahların başlarına işıqlı tac,

Ac, ğəni, gəda və şah aləti-rəfi-ehtiyac,

Mərhəmi-rişi-əndərun, cümlə mərəzlərə əlac,

İlləti-eşq üçün şəfa, ruh, həyatü izdivac.

Bəxtin uğurlu yıldızı, taleyi-xoşnigar, pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar, pul!



Təbi-lətifi şairin, göz bəbəyi mühərririn,

Şerlərin təəsürü, hissləri süxənvərin,

Fikri ədibi-əzəmin, zaiqəsi müsəvvərin,

Çəmxəmi, ğənci arvadın, labə, təməllüqü ərin,

Nəşə və rəngi badənin, həmdəmi meyküsar, pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar, pul!



Şiri qılan gədasifət, etdirən onu payimal,

Susduran adlı natiqi, eylədən ortalıqda lal,

Hürr yigitləri qılan qul yarananlara misal,

Halü dil əhlini edən həmdəmi-ğeyr əhli-hal,

Safdil, ağ yüzlini asi və şərmsar pul!

Ah... bu sikkədar pul, hamısı bu zəhrimar, pul!



Bu yüzi qarədir verən adəmə hər məziyyəti,

Məktəbü elmü sənəti, qüdrətü zurü şövkəti.

İşrətü istirahəti, huri-qüsuri-cənnəti,

Vay ona kim, mənim kibi yoxdur onun da qisməti,

Eylər o başı daşlını halına əşkbar pul!

İştə bu nabəkar pul, iştə bu zəhrimar pul!

Ay gidi, sikkədar pul!





(... O ...)

“Məzəli”, 1915, № 12.